Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyi Şəki şəhərində təntənəli şəkildə qeyd olunub

Noyabrın 24-də  Şəki şəhərində görkəmli  Azərbaycan kinorejissoru, SSRİ və Respublika  Dövlət mükafatları  laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdi

Tədbirdə şəhər rəhbərliyi, sənətkarın ailə üzvləri, sənət dostları, Respublikanın tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yubiley tədbirinin iştirakçıları əvvəlcə kinorejissorun həyat və yaradıcılığından bəhs edən foto-ekspozisiya ilə tanış olublar. Kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər, filmlərində rol almış aktyorların yaratdıqları obrazlar, çəkiliş meydançalarından görüntülər və digər fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Yubiley tədbirinin əvvəlində Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun 85 illiyinin qeyd olunmasının şəhərin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib. Qeyd olunub ki, Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələni təşkil edir. Böyük sənətkar çəkdiyi maraqlı kinofilmlərdə novator metodlardan bacarıqla istifadə edib. Kino sənətinin zəngin imkanlarının üzə çıxarılmasında Rasim Ocaqovun böyük əməyi olub. Onun filmləri fəal vətəndaş mövqeyi və müasirliyi ilə seçilir. Rasim Ocaqov ekran həyatı verdiyi bədii və sənədli filmləri ilə kino tariximizə parlaq səhifələr yazıb. Böyük sənət əsərləri olan bu filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olub.

Vurğulanıb ki, Rasim Ocaqovun yaradıcılığında Şəki mövzusu xüsusi yer tutur. O, doğulduğu yerə qəlbən bağlı idi. Bir sıra filmlərində yaratdığı şəkili obrazı ilə burada yaşayan insanlara xas olan xüsusiyyətləri mahir bir sənətkar kimi canlandıra bilmişdi.

Bildirilib ki, görkəmli kinorejissorun xatirəsi anadan olduğu Şəki şəhərində daim əziz tutulur. Şəkidə onun yaşadığı evə xatirə lövhəsi vurulub, “Güyümlər” meydanında barelyefi qoyulub. Şəhərin küçələrindən biri bu böyük sənətkarın adını daşıyır. Yubiley tədbirləri çərçivəsində açılışı olan Şəki Uşaq Gənclər İnkişaf Mərkəzinə Rasim Ocaqovun adı verilib. Mərkəzin nəzdində fəaliyyət göstərəcək uşaq kino-foto studiyası uşaqların bu yaradıcı sahəyə marağının artmasına öz töhfəsini verəcək.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Dövlət mükafatları laureatı, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artistləri Hacı İsmayılov və Fəxrəddin Manafov çıxış edərək görkəmli kinorejissorla bağlı xatirələrini bölüşüblər.

Sonra Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında keçirilən “Şəki, mən səni sevirəm” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. “Ən yaxşı bədii film” nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları”, “Ən yaxşı sənədli film” nominasiyasında isə Zamin Məmmədovun “Şəbəkə” filmi qalib olub. Foto nominasiyasında isə Nigar Pirimovanın “Qədim Şəki” fotosu mükafat qazanıb.

Müsabiqə çərçivəsində münsiflər heyətinin xüsusi mükafatına “Sənədli film” nominasiyasında Tacəddin Quliyevin “Şəki, mən səni sevirəm”, Rəşad Qasımovun “Rasim Ocaqov zirvəsi” filmləri, foto üzrə isə Azər Cəfərovun “Şəkinin uşaqları” fotosu layiq görülüb.

Tədbir  həmçinin  Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə reallaşıb.