Sənədli kino ustasının yubileyi qeyd olundu

Sentyabrın 10-da Dövlət Film Fondunda görkəmli kinorejissor Niyazi Bədəlovun anadan olmasının 110 illiyi münasibətilə xatirə gecəsi keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirilən tədbiri giriş sözü ilə Əməkdar incəsənət xadimi kinorejissor Cəmil Quliyev açdı. Niyazi Bədəlovun Azərbaycanda milli sənədli kinonun yaradıcılarından biri olduğunu xatırladan çıxışçı onun Moskvada Ali kino təhsili alıb Bakıya qayıdandan sonra milli kino prosesinə fəal qoşularaq bir çox filmlərin yaradılmasında iştirak etdiyini, müxtəlif sahələrdən sənədli ekran əsərləri çəkdiyini bildirdi. Rejissorun bütün filmləri yüksək peşəkarlığı, öz yozumu, quruluşu, forması ilə seçilir. Niyazi Bədəlovun vaxtilə çəkdiyi kadrlar əslində xalqımızın həyatını əks etdirən kino salnaməsidir və bu gün həmin materiallar yeni-yeni audiovizual əsərlərdə istifadə olunur.

Tədbiri davam etdirən Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə öz çıxışında  Niyazi Bədəlovun həyat və sənət yolundan ətraflı söhbət açdı: “Kino tariximizdə elə yaradıcı şəxsiyyətlər var ki, onların yaradıcılığı ictimai həyatla sıx bağlı olub. Belə sənətkarlardan biri də Niyazi Bədəlovdur. Mən onun evində olmuşam, arxivində işləmişəm. O sənədlərlə tanış olarkən bu insanın sənət üçün, xalq üçün necə can yandırdığının bir daha şahidi oldum”.

Qeyd edildi ki, Niyazi Bədəlov 1909-cu ildə Şəkidə anadan olub. Əmək fəaliyyətinə 1927-ci ildə buradakı “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi başlayıb. 1931-1936-cı illərdə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, dünya şöhrətli rejissor Sergey Eyzenşteynin emalatxanasında təhsil alıb.

Bakı kinostudiyasında əmək fəaliyyətini davam etdirən gənc rejissor sonrakı  əlli il ərzində onlarla filmin müəllifi olmuşdur. Onlardan “Komsomol nəsli”, “General Həzi Aslanov”, “Dağlıq Qarabağ”, “Məhəmməd Füzuli”, “Hanı mənim övladlarım?”, “Xalq şairi Səməd Vurğun”, “Dağlarda ada”, “Onun adı Serafino idi”, “Xəzər üzərində körpü” – ümumilikdə 40-dək sənədli film, həmçinin “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət” kinojurnalları üçün yüzlərlə süjet çəkib.

Niyazi Bədəlov 1930-cu illərin sonlarında Azərbaycan Dövlət Teatr Texnikumunun kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs deyib. Həmçinin respublikamızda həvəskar kino hərəkatının təşkilatçılarından biri olub. Özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaradıb.

Tədbirdə sənədli kino ustasının ömrünün son çağlarında lentə alınmış həmkarlarına müraciəti səsləndirilmişdir. Qısa çıxışında Niyazi müəllim təqaüdə çıxmış olsa da bir insan kimi, bir sənətkar kimi doğma kino sənətinin taleyini düşündüyünü deyir, Azərbaycanın dünəni, bu günü və sabahı haqqında fikirləri ilə bölüşür.

Tədbirdə Niyazi Bədəlovun quruluş verdiyi filmlərdən fraqmentlər göstərilmişdir.

Tədbirin sonunda N.Bədəlovun qızı Sədaqət xanım ailə üzvləri adından  gecənin təşkilatçılarına öz dərin təşəkkürünü bildirmişdir.