Şamil Mahmudbəyovun 95 illik yubileyi keçirilmişdir

Oktyabrın 11-də Dövlət Film Fondunda  Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, görkəmli kinorejissor Şamil Mahmudbəyovun 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbirdə  Əməkdar incəsənət xadimi kinoşünas Aydın Kazımzadə Ş.Mahmudbəyovun həyat və yaradıcılığından danışdı. 1924-cü il dekadrın 5-də anadan olmuş rejissor  İkinci dünya müharibəsinin iştirakçısı olub, I Ukrayna Cəbhəsində döyüşən ordunun tərkibində vuruşub, kontuziya almışdı. Sonralar, müharibə mövzusu onun yaradıcılığında böyük yer tutdu. Şamil Mahmudbəyov bütün sovet məkanında tanınmış rejissor olsa da uşaqlıq və gənclik illərində xalq düşməninin oğlu kimi çox acılar çəkməli olmuşdu. Hətta, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirəndən sonra 4 il ərzində ona müstəqil iş tapşırmadılar, rejissor assistenti kimi işləmək məcburiyyətində qaldı. Əsl ziyalı və təvazökar insan idi. Ş.Mahmudbəyovun yaradıcılığında uşaq filmləri xüsusi yer tutur. Çəkiliş meydançasında uşaqlarla işləmək rejissordan böyük ustalıq tələb edir, kiçik yaşlı  uşaqların psixoloqiyasını bilmək, qəlblərinə yol tapmaq lazım olur.

A.Kazımzadə  görkəmli rejissorun filmləri barədə ətraflı danışdı. Onun həm də aktyor istedadından söhbət açdı. Çəkdiyi və çəkildiyi filmlərindən parçalar göstərildi.

Aktyor və rejissor, Əməkdar artist Elxan Qasımov öz çıxışında Ş.Mahmudbəyov kimi insanların öz həyatı, öz sənəti, kinoya məhəbbəti ilə cavanlara bilavasitə müəllimlik etdiyini  vurğuladı. Şamil müəllim Sovet kinosunun tarixində ən böyük sənətçilərdən biri olmuşdur. Tələbə ikən, kurs rəhbərləri Sergey Gerasimov və Tamara Makarova ona böyük hörmətlə yanaşır və yüksək qiymətləndirirdilər. Bakıya qayıdandan sonra ona maneçilik törətsələr, bir müddətə sənətdən ayırsalar da, o bütün çətinliklərə dözdü, özünü təsdiq etməyi bacardı. Hətta uzun illər kinostudiyanın partkomu oldu. Şamil müəllim “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Qaraca qız”, “Torpaq. Dəniz. Od. Səma.” və s. kimi gözəl  filmləri ilə özünə heykəl qoydu.

Kinorejissor,  Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev məşhur litvalı kinorejissor Vitautas Jalakyaviçusun filmində işlədiyi zaman Jalakyaviçusun Şamil müəllimlə birlikdə oxuduğu haqqında qiymətli fikirləri ilə bölüşdüyünü söylədi:  “Kursumuzda ən istedadlı tələbə idi. Bütün ÜDKİ əhli və əlbəttə mən, bu tələbə dostumuz haqqında çox yüksək fikirdəydik. Böyük gələcəyi olan rejissor idi”. C.Mehdiyev xatırladı ki, Jalakyaviçusun həmin fikirlərini hafizəsində saxlayıb, böyük rejissorun yanında keçdiyi təcrübə haqqında bir ssenari yazdı. Kinematoqrafiya İnstitutuna daxil olarkən qəbul komissiasına təqdim etdiyi həmin  ssenarini Jalakyaviçusun azərbaycanlı dostu, yəni Şamil Mahmudbəyov haqqında sözləri ilə bitirmişdi…