Dövlət Film Fondunda açılan “Keçmişdən səslər” retro kinotexnika sərgisində ötən əsrin 60-70-ci illərinin kino çəkilişi meydançasının atmosferini canlandıran 100-dən artıq avadanlıq nümayiş olunub. Sərgi həmin illərin kino atmosferini yaradan “Motor!” komandası ilə başlayıb və əbədiyyətə qovuşmuş kino ustalarının səsləri pərdə-pərdə ətrafa yayılıb.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi Cəmil Quliyev ilk dəfə keçirilən kino sərgisini “Kinematoqraf, zaman və məhəbbət” adlandırmasının səbəbini belə izah edib: “Üstündən zamanın yelləri əsmiş bu kameralara, avadanlıqlara baxanda, ayrı-ayrı filmlərdə çəkilmiş və əksəriyyəti indi aramızda olmayan görkəmli simalar yada düşür. Buraya toplaşanları kino sənəti birləşdirir. Bu gün biz zamanla – keçmişlə üz-üzəyik. Hesab edərəm ki, kinoya, kinematoqrafiyaya məhəbbət varsa, kino yaşayır və yaşayacaq”.
“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov sərgini kino bayramı kimi səciyyələndirib: “Burada nümayiş olunan kameralar, kinoların istehsalında istifadə olunan avadanlıqlar XX əsrdə Azərbaycan kino mədəniyyətinin inkişafında əvəzsiz rol oynayıb. Ötən əsrin ikinci yarısında Azərbaycanın görkəmli kino xadimləri bu avadanlıqlardan istifadə ediblər. Bu avadanlıqların hər birində onların izləri yaşayır. Ona görə də bizim mənəvi borcumuzdur ki, keçmişdən soraq verən bu avadanlıqları qoruyub saxlayaq”.