May ayının 3-də xalq rəssamı, tanınmış kino xadimi, Məmmədağa Hüseynovun 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Dövlət Film Fondunda baş tutmuş tədbirdə rəssamın əsərlərindən ibarət kiçik sərgi təşkil olunub.
Gecənin əvvəlində, ənənəvi olaraq, ustad sənətkara aid video çarx təqdim edildi. Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev tədbiri açaraq, Məmmədağa Hüseynovun həyat va yaradıcılığından danışdı. Sonra söz tədbirin aparıcısı, əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadəyə verildi. Aparıcı M.Hüseynovun kino fəaliyyətinə nəzər salaraq, onun işlədiyi filmlərin kino səlnaməmizdə əhəmiyyətli yer tutduğunu və rəssamın həmin filmlərin hər birinə verdiyi yaradıcı payın özəlliyindən ətraflı söhbət açdı. Adı çəkilən filmlərdən parçalar nümayiş olundu.
Tədbirdə əməkdar artist Elxan Qasımov, xalq artisti, kinorejissor Oktay Mir-Qasım M. Hüseynovla bağlı öz xatirələrini bölüşdülər. Tanınmış heykəltəraş, xalq rəssamı və M.Hüseynovun dayısı oğlu Fuad Salayev Məmmədağa müəllimin uşaqlıq və gənclik yaşlarında sürdüyü çətin həyatından, mərd xasiyyətindən, müşkül vəziyyətlərdən ləyaqətlə çıxmaq bacarığına malik olduğundan danışdılar.
Sonda, rəssamın oğlu Qəni Hüseynov ailəsi adından gecənin təşkilatçılarına təşəkkürünü bildirdi. Xatirə axşamının yekununda sənətkarı ekranda canlandıran kadrları iştirakçılar alqışla qarşıladılar.