Fevralın 26-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında çəkilmiş “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçirilib.
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirində təqdimatı keçirilən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir. Ekran əsəri Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyliyə həsr edilib.
Əvvəlcə Vətən yolunda canından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı soyqırımı haqqında məlumat verilib. Vurğulanıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çoxsaylı təbirlər təşkil olunub. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.
Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında milli tarixi yaddaşımızın yaşadılması, Qarabağ hadisələri, Milli qəhrəmanlarımızın tanıdılması üçün çoxsaylı ekran əsərlərinin çəkildiyini və dünyada nümayiş olunduğunu söyləyib.
Milli Qəhrəman Təbriz Xəlilbəylinin Qarabağ hadisələrinin ilk günündən cəbhəyə getmək istəyindən, torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaətdən danışan Cəmil Quliyev deyib ki, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.
Filmin yaradıcı heyətinə minnətdarlığını bildirən Cəmil Quliyev deyib ki, bu ekran əsəri Milli Qəhrəman Təbriz Xəlilbəyliyə həsr olunan ikinci sənədli filmdir. Rejissor Kəmalə Musazadənin ekranlaşdırdığı “Ulu türkün Təbrizi” sənədli filmində Təbriz Xəlilbəylinin ömür və döyüş yolu haqqında yeni və maraqlı məqamlar əksini tapıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli qəhrəmanlarına həsr olunmuş silsilə sənədli filmlərin lentə alındığını söyləyən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə onun üçün belə bir gündə danışmağın çətin olduğunu bildirib.
O, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışaraq deyib ki, Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq və gec-tez öz torpaqlarını düşmən tapdağından azad edəcək.
Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Xəlilbəyli şəhidlərin ölmədiyini, onların hər zaman mənsub olduğu millətin yaddaşında yaşadığını söyləyib. Təbrizin hələ uşaqlıqdan böyük amallarla yaşadığını söyləyən Firəngiz Xəlilbəyli deyib ki, oğlu ölümü ilə ölümsüzlük qazanıb və gənc nəslə vətənsevərlik nümunəsi göstərib.
O, ömür-gün yoldaşı, Xalq şairi Xəlil Rza Uluturkün oğlu Təbrizə həsr etdiyi şeiri söyləyib.
Sonra film təqdim olunub. Filmdə Milli Qəhrəman Təbriz Xəlilbəylinin çoxlarına örnək olan ömür yolu bir daha öz əksini tapıb.
Qeyd edək ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində, Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. O, 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini kütləvi tamaşalar üzrə Rejissor fakültəsində qiyabi yolla davam etdirir və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir. Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmır. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində iştirak etmək istəyir. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanıb. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə Daxili İşlər Nazirliyinin “Boz qurd” mükafatına layiq görülüb. O, 1992-ci il yanvarın 31-də baş verən döyüşdə qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.