Bu gün görkəmli sənətkar 75 yaşını qeyd edir.
Azərbaycan tamaşaçısı onu “Bizim Cəbiş müəllim” filmində yaratdığı obrazla yaxşı tanıyır. Tamaşaçıların yaddaşında Cəbiş müəllimin arvadı kimi yaşayan obraz, heç şübhəsiz ki, bu, Şəfiqə xanımın ən yaxşı ekran işlərindən biridir. O, bu obrazı o qədər təbii və inandırıcı yaradıb ki, onun iştirak etdiyi epizodlara baxanda tamaşaçı film izlədiyini unudur, ağır müharibə illərində Bakı ailələrindən birinin qonağı olub mürəkkəb məişət, yaşam, düşüncə paradiqmalarını həmin illərin adamları ilə birgə yaşayır.
Şəfiqə Məmmədova 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib.
1980-ci ildə Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, Rasim Ocaqovun 1981-ci ildə çəkdiyi “İstintaq” filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.
1968-ci ildən Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Aktrisa U.Şeksprin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), L.Tolstoyun “Canlı meyit” (Maşa), H.Cavidin “Xəyyam” (Sevda), C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona) və s. pyeslərində cazibədar səhnə obrazları yaradıb.
Şəfiqə Məmmədovanın Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi obrazlar bu gün də yaddaşlardadır. Ş.Məmmədova yaradıcılığının parlaq dövründə, 1980-ci ildə teatrdan uzaqlaşır və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədovanın kino yaradıcılığı da, maraqlı obrazlarla zəngin olub. “Qaraca Qız”, “Dədə Qorqud”, “İstintaq”, “Bizim Cəbiş müəllim”, “Ad günü”, “Xoşbəxtlik qayğıları” və. s. bədii filmlərində maraqlı qadın obrazlarını ifa edib.
Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da aktyor olub. “Azərbaycanfilm” Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə (“Asif, Vasif, Ağasif”, “Burulğan” və s.) rolları ifa edib.
Şəfiqə Məmmədova Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəfiqə Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.