Kinoittifaq Fransa səfirliyinə və Kann Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransa Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Zakari Qrossa və Kann Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti bildirir ki, 2020-ci ildə keçiriləcək 73-cü Beynəlxalq Kann Kinofestivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora  Martirosyanın çəkdiyi “Əgər külək əsərsə” (“Si Le Vent Tombe”) filmindəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma Dağlıq Qarabağ Respublikasında cərəyan edir və bütövlükdə bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir. Bu üzdəniraq filmin sonralar Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda, San-Sebastyanda, Anqulemdə, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Göründüyü kimi, bu kino lentinin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmir.

Bu baxımdan Respublika Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi güdən filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Kinoittifaqın İdarə heyəti bununla bağlı həm Fransanın Azərbaycandakı səfirliyinə eyni zamanda Kann Beynəlxalq Film Festivalının rəhbərliyinə etiraz məktubunu bu məzmunda göndərib. Ümidvarıq ki, biz istəyimizə nail ola biləcəyik.

01.07.2020