Mədəniyyət Nazirliyinin və İctimai Televiziyanın (İTV) dəstəyi ilə “Debüt” film studiyası tərəfindən iyunun 16-dan başlayan uzunmüddətli INTERACT tədris laboratoriyasının ilk mərhələsi olan INTERACT Online proqramı uğurla başa çatıb. İnteraktiv formatda baş tutan 9 ustad dərsində ümumilikdə 17-dən çox təlim saatı ərzində 900-dən artıq dinləyici film sənayesinin beynəlxalq peşəkarlarına suallarını ünvanlayıb.
Tədris laboratoriyası funksiyasını həyata keçirən INTERACT layihəsinin məqsədi Azərbaycanda kino sahəsində təhsil alan tələbələr, həmçinin yeni fəaliyyətə başlayan kinematoqrafçıları təlim, prodakşn və post-prodakşn, distribüsiya və maliyyələşdirmə imkanları ilə təmin etməkdən ibarətdir.
INTERACT ONLINE proqramının mühazirəçiləri aşağıdakılar olmuşdur:
Anna Qudkova – TNT “Premier” striminq platformasının kreativ prodüseri, redaktor, festival proqramlarının kuratoru, “Kinotavr” festivalında pitçinqlərin yaradıcısı və kuratoru (mövzu: “Uğurlu pitçinqin 10 qaydası: beynəlxalq bazara öz yolunu necə tapmalı”).
Andrey Zvyaqintsev – tanınmış rusiyalı ssenarist və rejissor, “Qayıdış”, “Yelena”, “Leviafan” və digər məşhur filmlərin müəllifi (sərbəst müzakirə).
Matyö Darras – “Pop Up Film Residency” kino-rezidensiyasının rəhbəri. “Cannes Critics’ Week” (2005-2011) və “San Sebastian Film Festival” (2010-cu ildən) festivallarının keçmiş festival proqramı tərtibatçısı (mövzu: “Laboratoriyalar, ko-prodakşn forumları və festivallar”).
Əddis Hacıyev – Rusiya Kinematoqrafçıları İttifaqının Kino və TV Rəssamları Gildiyasının Vitse-Prezidenti, Moskva Kino Məktəbinin (MKB) “Bədii quruluş” proqramının kuratoru, Britaniya Dizayn və İncəsənət Ali Məktəbinin müəllimi (mövzu: “Bədii quruluş: ideyadan ekrana qədər”).
Matyas Erdeli – “Xarici dildə Ən Yaxşı Film” nominasiyasında Oskar mükafatına layiq görülmüş, Kann Kinofestivalında Qran Pri, həmçinin BAFTA və Qızıl Qlobus mükafatına layiq görülmüş, rejissor Laslo Nemeşin “Son of Saul” (“Saulun oğlu”) filminin quruluşçu operatoru (Sərbəst müzakirə).
Natalya Drozd – 10-dan çox tammetrajlı bədii filmin, həmçinin Anna Parmasın “Gəl boşanaq!” (2019), Nataliya Meşaninovanın “Dünyanın ürəyi” (2018), Boris Xlebnikovun “Aritmiya” (2017) filmlərinin prodüseri və ko-prodüseri (mövzu: “Go international: beynəlxalq bazarda ilk addımlar”)
Tamara Tatişvili – filmlərin beynəlxalq maliyyələşdirilməsi və tanıdılması üzrə ekspert, “MEDICI Film Maliyyələşdirilməsi Proqramı”nın təlim rəhbəri (mövzu: “Film – mədəniyyətin tanıdılması üçün səmərəli vasitə”).
Benjamin Mirqe – Karlos Reyqadasın “Səmada döyüş”, Joau Paulo Miranda Mariyanın “Kann 2020” festivalı üçün seçilmiş “Xatirə evi” filminin montaj rejissoru (mövzu: “Mürəkkəb şərtlərlə montaj”).
Piter Albrextsen – Oskar nominasiyalı “Mağara” filmi, Kristofer Nolanın “Dunkerk” və Lars Fon Trierin “Antixrist” filminin səs operatoru (mövzu: “Səs vasitəsilə hekayənin nəql edilməsi”).
Qeyd edək ki, INTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə formatı və statusu COVID-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək.
17.07.2020