Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatına layiq görülən kino xadimlərinin adları açıqlanıb. Nominantlar ənənəvi olaraq 2 avqust – Milli Kino Günü ərəfəsində elan edilir.

Kinematoqrafçılar İttifaqı katibliyinin qərarına əsasən, “Sənət ideallarına sadiqliyinə görə” nominasiyasında aktyor Fərhad İsrafilov, “Müasir kino dili ilə çəkilmiş filmlərinin beynəlxalq uğuruna görə” nominasiyasında isə kinoşünas Sevda Sultanova təltif olunublar.

Qeyd edək ki, 2012-ci ildə təsis edilmiş bu nüfuzlu mükafata indiyədək yazıçı Anar, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, kino rəssamı Firəngiz Qurbanova, kinorejissor Murad İbrahimbəyov, aktrisa Şükufə Yusupova, kinorejissor Cahangir Zeynallı, aktrisa Zülfiyyə Qurbanova, bəstəkar Rauf Əliyev, diplomat və ictimai xadim Ramiz Abutalıbov, rejissor Mirbala Səlimli, operator Yuri Varnovski, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu və başqaları layiq görülüblər.

02.08.2020