Vidadi Əliyev – 75

Sentyabrın 1-i Respublikanın xalq artisti, teatr, kino aktyoru Vidadi Əliyevin 75 yaşı tamam olur. 50 ildən artıqdır ki, sənət meydanında istedad və bacarığını nümayiş etdirən aktyor maraqlı və məzmunlu obrazları ilə pərəstişkarlarını sevindirməkdə davam edir.

Ağstafa rayonunun Göycəli kəndində ziyalı ailəsində dünyaya göz açan (01.09.1945) Vidadi Əliyev orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. Sənətə olan sevgisinə görə Azərbaycan Dövlət İncəsənət İnstitutuna üz tutan, dram və kino aktyorluğu fakültəsində təhsil alan gənc istedad 1967-ci ildə həmin institutun məzunu olub. Elə həmin ildən də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1988-2000-ci illərdə həmin teatrın direktoru və bədii rəhbəri vəzifələrini icra edib.

Əmək fəaliyyətinin böyük hissəsini teatral yaradıcılığa həsr edən aktyor 180-nə yaxın tamaşada müxtəlif səpkili irili-xırdalı obrazlar yaradıb, az bir zamanda məşhurlaşan aktyor teatr ictimaiyyətinin və sənətsevərlərin rəğbətini qazanıb. Teatral fəaliyyəti ilə paralel olaraq “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan 20-yə yaxın filmdə müxtəlif xarakterli ekran personajına özünəməxsus yaradıcılıq priyomları ilə nəfəs-ruh verib, baxımlılıq gətirib.

Aktyorun kinoda debüt rolu görkəmli kinorejissor, əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 1978-ci ildə yazıçı Maqsud İbrahimbəyovun “Bayquş gəlmişdi” povesti əsasında quruluş verdiyi “Bayquş gələndə” lirik-psixoloji dramında yaratdığı yazıçı Kamil obrazıdır.

Filmdə hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kamil surəti ikinci planlı rol kimi nəzərdə tutulsa da, vicdanlı xüsusiyyətləri, mərd keyfiyyəti, insanlığa məxsus müsbət cəhətinə görə yaddaqalımlı personajdır. Sadə həyat tərzi yaşamasına baxmayaraq Kamil hər zaman halal zəhməti ilə dolandığı, kimsənin haqqını tapdalamadığı üçün rahat həyat tərzi yaşayır. Yeni ailə həyatı quran Kamillə həyat yoldaşı Nailənin arasına az keçmir ki, narazılıq yaşanır. Bu narazılıqlar isə qonşusu alverçi Rəşid və onun xanımı meşşan xüsusiyyətli Ədilə ucbatından baş verir.

Ən təmiz insan mənəviyyatını belə korlayan tamahkar, bəd niyyətli tipajların ətrafdakı təmiz vicdanlı insanlara olan mənfi təsiri, lakin sağlam düşüncəli, gözütox insanların maddiyyat qarşısında mənəviyyatını cılızlaşdırmaması, yüksək əqidəliliyi, sağlam şüurun formalaşması prinsipini üstün tutması fikri filmin leytmotivini təşkil edir.

Ümumiyyətlə, insan mənəviyyatını uçuruma sürükləyən tamahkarlıq, meşşanlıq kimi xüsusiyyətlər, ailə-məişət problemləri, münaqişələr sosial

mövzu olaraq bütün dövrlər üçün aktualdır. Yüksək mənəvi dəyərlərin daşıyıcısı olan yazıçının (Kamilin) ali məqsədləri üstün tutması, şəxsiyyəti formalaşdıran cəhətlərin (əqidə sağlamlığı) insana yaraşan xüsusiyyət olmasını təbliğ etməsi filmin maarifləndirici kino olaraq ekran ömrünü uzadır, aktuallığını təmin edir.

Kamilə qarşı etdiyi səhvini anlayan xanımı Nailə çox keçmir ki, sadə həyat tərzi yaşayan, Rəşid kimi meşşanların tənəsinə məruz qalan həyat yoldaşının yanına qayıdır, təmiz vicdanlı həyat yoldaşının yanında olmağa üstünlük verir.

Kamilin filmdəki ibrətamiz mövqeyi bir çox hallarda monoloqları vasitəsilə diktə edilir. Obrazın bir çox epizodlardakı məntiqli və məzmçunlu çıxışını filmin müəlliflərinin cəmiyyətə ünvanladığı ürək sözü, mesajı kimi də qəbul etmək olar.

Rəşid kimilərinə xoş təsir bağışlamayan, sıxıcı görünən Kamil (Vidadi Əliyev) yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olaraq çatdırdığı fikir və istəklərinə əsasən tamaşaçıların sevimlisinə çevrilir, ekran əsərinin məqsədini (rejissor ideyasını) kinosevərlərə çatdırmağa, tamaşçı diqqətini rolu vasitəsi ilə cəlb etməyə nail olur.

Rolun həyat mövqeyini, hiss və düşüncələrini dəqiq çatdıran aktyorun uğurlu ekran personajı onun ardıcıl olaraq digər filmərə dəvət almasına şərait yaradır.

Yuxarıda sözügedən filmdən sonra Vidadi Əliyev “Ailə” sosial dramında İsmayılın qohumu, “Cavid ömrü” psixoloji dramında natiq, “Doğma sahillər” filmində Ovçu Bədəl, “Girov” dramında Əli kişi, “Küçələrə su səpmişəm” psixoloji dramda Əziz kişi, “Qəzəlxan” sosial-bioqrafiq kinodramında Bağırovun köməkçisi, “Təxribat”da milis işçisi, “Yalan” filmində Mərdan, “Nabat” psixoloji dramında yaşlı kişi və digər rollarda yaddaqalan obrazlar yaradıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində aktyor kimi daha çox dramatik, faciə rollarında çıxış edən Vidadi Əliyev, həmçinin rejissor kimi də tamaşalarda faciə janrlı əsərlərə quruluş verib. Bu baxımdan kino yaradıcılığında da dramatik rollar üstünlük təşkil edib.

Məzmun və forma baxımından tamamilə bir-birindən fərqlənən ekran personajları rejissorların uğurlu mizanlarına uyğun şəkildə, aktyorun peşə biliciliyinə əsasən filmərə baxımlılq, uğur gətirib.

Dövlət Film Fondunun əməkdaşları adından Azərbaycan teatr və kinosunun inkişafında xidmətləri olan istedalı aktyorumuza can sağlığı, sənət nailiyyətləri, tükənməz tamaşaçı məhəbbəti arzulayırıq.

Şəhal ƏMİRLİ

(Dövlət Film Fondunun baş məsləhətçisi)

31.08.2020