Honkonqlu kinorejissor Vonq Karvay “Film çəkmək insanın fərqli yaşlarda öz fotosunu çəkməsi kimi bir şeydir. Hərəsi bir cür görünsə də, əslində, hamısı eynidir” deyir. Məşhur rejissor kinonun ümumi mənzərəsini şərh edərkən, fərqli mövzuların mərkəzində insanın, onun ideyasının, əməllərinin olması faktına istinad etdiyinə görə haqlı sayıla bilər.
Adını Azərbaycan kinematoqrafçılar siyahısına hələ uşaq yaşlarından yazan Lətif Səfərovun kino yaradıcılığına nəzər saldıqda da ümumilikdə insanlıq missiyasının bu sənət üçün ən mühüm amil olduğunu bir daha yəqin edirik.
Əslində, kino özü bir çox sənət xadimlərimizin həyatının nicatı olub və kədərli talelərinə məna qatıb. Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərovun enişli-yoxuşlu ömür yoluna nur saçan kino yaradıcılığının məzmunu da məhz bu mənada diqqətçəkəndir, maraqlıdır. Kim bilir, bəlkə də o, kiçik yaşlarından tanınmış sovet kinorejissoru Leo Murun “Gilan qızı” filminin çəkilişi zamanı yaradıcı heyətlə qarşılaşmasaydı, taleyinə daha acılı həyat hekayələri yazılacaqdı. Amma hər bir halda onu bacardığı qədər qoruduğuna, istedadını üzə çıxardığına, elinə, obasına xeyirli vətəndaş kimi tanıtdığına və milyonların sevimlisinə çevirdiyinə görə Azərbaycan kinosuna minnətdarıq.
Məşhur Amerika kinorejissoru, prodüser Frank Kapra filmləri haqqında belə deyir: “Dram filmlərimdə bəzi qüsurlar buraxdığımı etiraf edirəm. Mən elə bilirdim aktyor ağlayanda dram olur. Sən demə, tamaşaçı ağlayanda dram olurmuş”. Azərbaycan kinosunda uşaq rolunun ilk ifaçısı kimi məşhurlaşan Lətif Səfərov da məhz həyatın mürəkkəb tərəflərini, çətinlikləri, insanların qəliz xüsusiyyətlərini uşaq yaşından gördüyünə görə kino fəaliyyətində (aktyor və rejissor kimi) komik situasiyalardakı dramatizmə gətirib çıxara biləcək məqamları da (quruluş verdiyi “Bəxtiyar” filmi), gərgin vəziyyətlərdəki insan xarakterinin (“Qızmar günəş altında”) gülüşə səbəb olan nüanslarını da tamaşaçıya çatdırmaqla hər hansı bir həyat hadisəsi daxilindəki dramatik məqamlardan ehtiyat etməli mesajını verib.
Taleyinə yazılan kino
“Lətif” filmində (1930) kasıb bir ailədə yaşayan balaca Lətifin ögey anasından, ətrafdakılardan gördüyü təzyiqlərə, yaşadığı çətinliklərə rəğmən özündə güc tapıb həyatda qalması, uşaqdakı bir çox mənəvi (cəsarət, düzgünlük, zəhmətkeşlik) keyfiyyətlərin üstünlüyü tamaşaçıda obraza heyranlıq, rəğbət hissi yaradır. Bir qarın çörək üçün səhərdən axşama qədər çobanlıq edən Lətif təkcə özünün və yaşıdlarının ətalət içində boğulan həyat hekayəsini danışmır, həmçinin ətrafında baş verən hadisələrə müdaxilə etməklə dövrün dramatik hadisələrinin mənbəyini, onu yaradan səbəbləri açıqlayır.
Lətif Səfərov 10 yaşında ikən səmimi, inandırıcı ifası (Lətif rolu) ilə azyaşlı aktyorlara kamera qarşısındakı sərbəstliyi, hadisələri (dramaturgiyanı) qavramağı, yaşadıqlarını dərindən hiss etdirməyi, vaxtından əvvəl böyüməyin nə dərəcədə kədərli olduğunu necə göstərmək lazım olduğunu öyrətdi. İlk uşaq rolunun ifaçısı olaraq azyaşlı aktyorların belə kinonun aparıcı qüvvəsi ola biləcəyini, məzmun yükünü (böyük məsuliyyətlə) daşıya biləcəyini göstərdi.
Kinematoqrafiya ilə ilk dəfə 1927-ci ildə tanış olan Lətif Səfərov ona olan vurğunluğuna görə həyatını bu sənətə bağlayıb. Həmin il “Gilan qızı” filminin natura çəkilişləri üçün Şuşaya gedən çəkiliş qrupunun üzvləri onu görüb bəyənib, həmin filmdə Gülgül roluna çəkib. Bunun ardınca “Sevil” filmində Gündüz, “Lətif” filmində Lətif, “Şərqə yol” sənədli və “Qızıl kol” filmlərində epizodik rollara çəkilib.
“Gilan qızı” filmində rejissor assistenti işləyən (sonralar rejissor və aktyor kimi tanınan) Mikayıl Mikayılov istedadlı uşağın məharətini görüb və “Lətif” filmini çəkərkən onu baş rola dəvət edib. Çəkilişlər gedə-gedə uşağın sənəti duyma bacarığına heyran olan rejissor “Köhnəliklə yeniliyin mübarizəsi” şərti adlı filmə balaca qəhrəmanın adını verib. Azərbaycan kino sənətinə adını yazdırmaq kiçikyaşlı kinomanın taleyinə yazılıb.
Uşaqlığını, demək olar ki, kinostudiyada yaşayan Lətif 1937-ci ildə burada əmək fəaliyyətinə başlayıb. Əvvəlcə dublyaj şöbəsində “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda” və digər bu kimi dövrünün siyasi-tarixi filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor və rejissor köməkçisi işləyib, kinonun müxtəlif sahələrində çalışaraq peşə bilgisini artırıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino təhsilini davam etdirməklə isə sənətin nəzəri biliklərinə dərindən yiyələnib. İnstitut məzunu olarkən müəllimi, məşhur sovet kinorejissoru Qriqori Kozintsevin sevimli tələbəsi haqqında olan xasiyyətnaməsində bildirilir: “Yoldaş Lətif Səfərov ÜİDKİ-də rəhbərlik etdiyim rejissor emalatxanamda təhsil almış və buranı bitirmişdir. Tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. İstedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır”.
Rejissorluqla nəticələnən çalışqanlıq
İnstitutu bitirib vətənə qayıdan Lətif Səfərov rejissor kimi əmək adamlarının həyat yoluna həsr olunan, həmçinin ictimai-sosial mövzulu (10-a yaxın) sənədli film ekranlaşdırıb. Səməd Mərdanovun quruluş verdiyi “Kəndlilər” filmində rejissor köməkçisi olub, kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Yeni horizont” filmində isə rejissor assistenti vəzifəsini icra edib. Yuxarıda adları sadalanan və sadalanmayan müxtəlif janrlı ekran əsərlərinin ərsəyə gəlməsində bilavasitə rolu olan Lətif Səfərovun bu illər ərzində topladığı həyat və sənət təcrübəsi növbəti illərdə müstəqil olaraq “Bəxtiyar” (1955), “Qızmar günəş altında” (1957), “Leyli və Məcnun” (1961) kimi koloritli bədii filmləri ekranlaşdırmasına imkan verib.
Onun rejissor kimi çəkdiyi filmlərin qəhrəmanı elə xalqın özüdür. Əsas süjet xəttini təmiz vicdanlı, mənəviyyatlı insanların həyat prinsipi, mənəvi-əxlaqi keyfiyyətlərin üstünlüyü təşkil edən filmlərdə ailə dəyərlərinə, dostluğa, sevgisinə sadiq olan insanların insanlıq rəftarları istinad nöqtəsidir.
Azərbaycan kinosunun “qızıl fond”una daxil olan hər üç filmin bu gün də maraqla baxılmasına səbəb olan amillərdən biri də mənəvi yüksəlişə xidmət edən ekran obrazlarının tamaşaçılarla məhz sadə dillə danışması, yaradıcılıq qidasını sağlamdüşüncəli, nümunəvi mövqeli insanların həyat prinsipindən alan rejissorun müdrik təfəkkürünün nəsillərin təlim-tərbiyəsində ibrətamiz rol oynamasıdır.
Lətif Səfərovun müxtəlif janrlarda quruluş verdiyi filmlərin məzmunu tamamilə bir-birindən fərqlənsə də, ideya baxımından hər üç filmdə həyat problemlərinin həllində (xeyirlə-şərin mübarizəsində) mərd ürəkli, haqqın tərəfini tutan əməlpərvər, yüksək mənəviyyatlı insanların (Bəxtiyar, Eldar, Aydın həkim, Qeys, Nofəl, Zeyd və s.) həyat prinsipinin tədqiqat obyektinə çevrilməsi faktı filmlərin illərlə sevilməsinə, ürəklərə yol tapmasına səbəb oldu.
Məşhur macar kino ustası Bela Tarr “Məni tanımayan və ömründə heç bir filmə baxmayan bir adama filmlərimi göstərsəniz baxıb zövq alacaq. Çünki heç bir koddan, şifrədən istifadə etmədən sırf insan halından bəhs edirəm. Belə bir fikir var ki, filmi başa düşmək üçün intellektual qabiliyyət lazımdır. Məncə, buna ehtiyac yoxdur. Filmi hər kəs başa düşə bilər, kino hamı üçündür” deyir.
Azərbaycan milli kino ənənələrini yaradıcılığında layiqincə yaşadan, dərin sənət bilgisi olan Lətif Səfərov da ömrü boyu həsrətində olduğu, arzuladığı, bütün zamanların tələbi, ehtiyacı olan vacib dəyərlərə həssas həyat duyğusu ilə yanaşdı, dəqiq müşahidəsinə əsasən çəkdiyi filmlərini (ailəyə, sevgiyə dəyər, dostluğa, insanlığa hörmət) hər kəsin anlayacağı forma və üslubda ekranlaşdırdı, hamı üçün çəkdi. Yaradıcılığını həyatının nicatı olan kinematoqrafiyaya minnətdarlıq əvəzi olaraq töhfə etdi. Zəhmətkeşliyinə, istedadının böyüklüyünə görə də unudulmadı. Xoşməramlı fikirlərdə, yazılarda, ən başlıcası isə şəxsiyyətini hörmətlə xatırladan filmlərində yaşayır.
Şəhla ƏMİRLİ
kinoşünas
26.09.2020