“Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin edilib

Fariz Əhmədov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına direktor təyin edilib.

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

Fariz Əhmədov 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001-2005) və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alıb (2007-dən).

Professional Kinorejissorlar Gildiyasında koordinator (2003-2005), Beynəlxalq Audiovizual Festivalda koordinator (2003-2005), ANS və AZTV -də rejissor kimi çalışıb.

Fariz Əhmədov “Kiçik Əmanət” (2005, 5 dəq, film haqqında film), UNICEF üçün “Gənclik və Sülh” mövzusunda 1 dəqiqəlik sənədli filmin (2003) müəllifidir.

2010-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olmuş və 2012-ci ildə həmin ali təhsil ocağının magistr pilləsini bitirmişdir.

2012-ci ildə “Azanfilm” animasiya filmləri studiyasının direktoru təyin edilmişdir.

Çəkdiyi “Əriyən ada” filmi 2015-ci ildə “Ən yaxşı sənədli film” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür.

Qeyd edək ki, bu təyinata qədər Nazim Hüseynov “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsini icra edirdi.

07.10.2020