Oktyabrın 14-də III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirildi.
Qeyd edək ki, builki ANİMAFİLM Festivalının əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir.
Məlum səbəblərdən bu il festivalda əyləncə xarakteri daşıyan müsabiqədə proqramı nümayiş etdirilməyəcək, yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüş, qaliblərin elan edilməsi proqramları qüvvədə qalır.
Tədbirdə Mədəniyyət Nazirliyi Kino şöbəsinin rəhbəri Rüfət Həsənov da iştirak edirdi. O, festivalın keçirilməsi münasibətilə festival təşkilatçılarını təbrik etdikdən sonra, animasiya filmlərinin maliyyələşməsi istiqamətində problemlərin həll edilməsi üçün tez bir zamanda yeni mexanizmlərin işlənib, tətbiq ediləcəyinin anonsunu verdi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov isə bildirdi ki, ittifaq olaraq festival hərəkatını kinomuzun inkişafı üçün vacib bir faktor sayırıq: “Kinomuzda istehsal və nümayişlə yanaşı, eyni zamanda festival sektoru da inkişaf etməlidi. Bu səbəbdən Kinematoqrafçılar İttifaqı olaraq AnimafİLM Festivalın, DokuBAku Sənədli Fİlm Festivalını və yeni təsis edilən Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalını dəstəkliyirik”.
Yeri gəlmişkən, festivalın təşkilatçısı “PERİ FİLM” MMC şirkəti, III ANİMAFİLM Festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, Salaam Sinemaya, “Mücrü” nəşriyyatına, “Çinar Yayımları” nəşriyyatına, “Mr. Chemical” və Toxum kraudfandinq platformasına səmimi təşəkkürünü bildirir.
14.10.2020