III ANİMAFİLM BEYNƏLXALQ ANİMASİYA FESTİVALININ QALİBLƏRİ MƏLUM OLDU

4-18 oktyabr 2020-ci il tarixində Bakıda III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi.

Festivalın açılış mərasimində Azərbaycan animasiyasına verdiyi töhfəyə görə III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl Qayıq” mükafatı təqdim edilib ki, həmin mükafata da rejissor Hafiz Əkbərov layiq görülüb.

Festival çərçivəsində Çexiya Respublikasının Azərbaycandaki səfirliyinin dəstəyi ilə gənc animasiya həvəskarları üçün nəzərdə tutlan 2 günlük “Stop motion animasiyası və kukla armatur skeleti” adlı intensiv ustad dərslərini II ANİMAFİLM-in qalibi, Tələbə Oscar qalibi Daria Kascheeva tərəfindən həyata keçirilib.

Festivalın bağlanış mərasimində qaliblər elan olunub. Qaliblər Fransanın məşhur Annecy Festivalına səyahət və qiymətli fotoaparat ilə mükafatlandırılıblar.

Bağlanış məsimində  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas, Fransız İnstitunun direktoru Jerom Kel və Kinematoqrafçılar İttifaqının Kino məktəbinin rəhbəri, III ANİMAFİLM Festivalının Beynəlxalq münsiflər heyətinin üzvü Oleq Səfərəliyev yerli kateqoriyalar üzrə qalibləri elan ediblər.

III ANİMAFİLM Festivalının tərəfdaşları, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin idarə heyətinin sədri Nail Axundzadə və Toxum kraudfandinq platformasının həmtəsisiçi Toğrul İsmayılov da bağlanış mərasimində çıxış ediblər.

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında münsiflər heyətinin tərkibi aşağıdakılardan ibarətdir:

Nancy Danney-Phelps (Belçika), Aaron Wood (İngiltərə), Olivier Catherin (Fransa), Daria Kashcheeva (Çexiya), Zurab Diasamidze (Gürcüstan), Mohammed Zare və Rana Vaezi (İran), Şamil Nəcəfzadə və Oleq Səfərəliyev (Azərbaycan).

Qeyd edək ki, builki festivalda 31 uşaqdan ibarət xüsusi münsiflər heyəti fəaliyyət göstərib.

Festivalın qaliblərini təqdim edirik:

Filmlər üzrə qaliblər:

  • “Ən yaxşı tammetrajlı animasiya filmi – GRAND PRIX” – “Burun və ya Maveriklərin sui-qəsdi”, rejissor Andrey Xrjanovski.
  • “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – “Sororal”, rejissorlar Frederik İven və Luis Merkadier. Fransa.
  • “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – “Reven of Nissen”, rejissorlar Yaprak Morali və Are Austnesin. Norveç.
  • “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” – “Müqəddəs Savanın Taxtı”, rejissor Jakov Popov. Serbiya.
  • “Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” – “Misketlər”, rejissor Natalya Spixala. Polşa.
  • “Ən yaxşı qısametrajlı tələbə animasiya filmi” üzrə nominasiyada 2 film qalib elan edilib: rejissor Helos Ferleyin “Tozlu dəniz” (Fransa) və rejissor Nora Ştrbovanın “Yerlər” (Çexiya Respublikası).
  • “Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı” – “Fərqli canavar”, rejissor İra Elsbanski. Rusiya.
  • “Ən yaxşı musiqili animasiya videosu” – “Tənbəl əjdaha”, rejissorlar Fokion Ksenoks və Joan Zhonga. Yunanistan.
  • “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” – “Quzğun”, rejissor Fidan Axundova. Azərbaycan.
  • “Ən yaxşı tələbə qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyası üzrə 2 film qalib elan olunub: Sevinc Quliyevanın “Qar kürəsi” (Azərbaycan) və Ayaz Xaliqovun “İlan və kəndli” (Azərbaycan).

Ənənəvi olaraq festival çərçivəsində animasiya filmlərinin ssenarisi müsabiqəsi də keçirlib. Müsabiqənin qalibləri:

  • “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – “Gəmi üçün Körpülər”, müəllif Robertas Nevetska ssenari olub.
  • “Qısa animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” və “Qısa uşaq animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” kateqoriyaları üzrə ikiqat qalib Şəbnəm Həsənəlizadənin “Rəngsiz” ssenarisi olub. Azərbaycan.
  • “Ssenari üzrə beynəlxalq münsiflər heyətinin xüsusi seçimi” – “İp”, müəllif Orxan Behbid. Azərbaycan.

Xatırladaq ki, bu il keçirilən ANİMAFİLM-in əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdən ibarət olub.

Bağlanış mərasiminin sonunda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalın təsisçi, “PERİ FİLM” şirkətinin direktoru Rəşid Ağamalıyev festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün komandaya, tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, MR Chemical şirkətinə, Salaam Sinemaya, “Mücrü” nəşriyyatına, “Çinar Yayımları” nəşriyyatına və Toxum.org kraudfandinq platforması vasitəsilə builki festivalın həyata keçməsində yardım göstərmiş 28 dəstəkçiyə dərin təşəkkürünü bildirdi.

19.10.2020