Kədərli “Sevil”in uğurlu sədası

Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının məşhur “Sevil” dramı qadın azadlığına həsr olunan əbədi abidədir. İnsanların zəkasında parlaq nur yaradan, düşüncələri aydınladan bu abidənin örnəkləri uzun illərdir məna dəyərini itirmir, müasirliyini (ideya baxımından) qoruyub saxlayır. 

Geniş oxucu kütləsinin sevgisini qazanan tarixi-inqilabi mövzulu əsər 1929-cu ildə dramaturq Cəfər Cabbarlı və ssenarist Qriqori Braginskinin birgə yazdıqları ssenari əsasında ekranlaşdırıldı. Filmdə cəhaləti, köhnəlmiş qayda-qanunları tənqid edən fikirlə yanaşı, inqilabi proseslər də əks olundu. Yeni həyat quruculuğunu təbliğ edən film aktual mövzulu ekran əsəri olaraq az müddət ərzində geniş tamaşaçı auditoriyası tərəfindən rəğbətlə qarşılandı. Oxuma-yazma bilməyən, təhsilsiz qadınların filmlə ilk tanışlığı isə müəllif ideyasını daha tez və dərindən qavramalarına, həyata daha aydın, fərqli nəzərlərlə baxmalarına səbəb oldu.

Cəmiyyətin təhsilli, bərabərhüquqlu yaşamalı olduğunu təbliğ edən mühüm ideyalı əsər ikinci dəfə (1970) film-opera janrında (yeni quruluşda) tamaşaçılara təqdim olundu. XX əsrin əvvəllərində ərinin xəyanətinə, dövrünün haqsızlığına məruz qalan Sevilin yanğılı naləsini tamaşaçılar yeni formatda, görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun yazdığı ariyaların müşayiəti ilə izlədi. Eyniadlı pyesin motivləri və F.Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılan filmə quruluş vermək üçün Moskvadan bir çox film-operanın rejissoru kimi tanınan Vladimir Qorikker dəvət olundu. Filmin ssenarisi üzərində V.Qorikkerlə birlikdə Andrey Donatov və Tələt Əyyubov da işlədi.

Texniki və yaradıcı heyətlə birlikdə 60-a yaxın kinematoqrafçının ərsəyə gətirdiyi filmin çəkilişləri 4 aya yekunlaşdı. Montaj prosesləri tamamlandıqdan sonra ümumilikdə film 10 ay (hazırlıq, çəkiliş, montaj) ərzində Moskva Dövlət Kino Komitəsinə təhvil verildi. Ekran əsərinin yüksək bədii keyfiyyətini bəyənən Bədii şura Azərbaycanın ilk film-operasını birinci kateqoriyada qəbul etdi. Bu il ekran əsərinin lentə alınmasının 50 ili tamam olur. 

***

Filmdə rejissor assistenti kimi çalışan, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovun məlumatına görə, ekran əsərinə 350 min rubla yaxın vəsait ayrılıb. Natura çəkilişləri Bakıda, İçərişəhərdə, Qız qalasının qarşısında və ona yaxın ərazilərdə, Bayılda, bulvarda, həmçinin bulvarın “Kiçik Venesiya” parkında, paytaxtın ətrafındakı bağlarda, əsasən Pirşağı və Zığda aparılıb. Filmin başlanğıcında təsvir olunan Atakişinin (aktyor Rza Əfqanlı) evi Pirşağıda çəkilib, kənd yolları isə Zığda lentə alınıb. Filmin dekorativ təsvirləri (Balaşın evi, Sevilin qrim otağı və s.) kinostudiyanın pavilyonunda hazırlanıb.

Ekran əsərinin baxımlılığını, ideyasını məntiqli şəkildə təmin etməyə çalışan quruluşçu rejissor bir neçə kütləvi səhnənin çəkilişini zəruri sayıb. Bunun üçün Sevilin timsalında qadın əsarətinə, haqsızlıqlara etirazını bildirən qadınlarla yanaşı, dövrün ictimai-siyasi proseslərini əks etdirən müəyyən mərhələni kütləvi çəkilişlərin fonunda təqdim edib.

Akif Rüstəmov maraqlı məlumatlarına onu da əlavə etdi ki, “kütləvi səhnələrin çəkilişi heç də asan başa gəlməyib. Balaşın evi qarşısında Sevilin ətrafına toplaşan, hərbçilərlə qarşı-qarşıya duran izdihamın kütləvi çəkilişlərində 3000 nəfərə yaxın insan iştirak edib: “Bir neçə gün əvvəl kütləvi səhnələrin çəkilişi üçün insan lazım olduğu haqda elan verirdik. Yerli əhali də həvəslə çəkilişlərə gəlirdi. Həmin illərdə kinostudiyanın nəzdində aktyor studiyası fəaliyyət göstərirdi. Biz həmin studiyaya da sifariş edirdik. Onlar da bizə kütləvi səhnələrdə çəkilmək üçün insanlar tapmaqda köməklik göstərirdi. Hərbçiləri canlandırmaq üçün “Salyanski” adlanan kazarmanın əsgərlərini və Bayıldakı Hərbi Dəniz Məktəbinin kursantlarını cəlb etmişdik. Onu da qeyd edim ki, kütləvi səhnələrin çəkilişində iştirak edənlərə bir gün üçün 3 manat qonorar verilirdi, ancaq onlar üçün ən əsas məsələ filmdə iştirak etmək idi.

Bəzi səhnələrin qüsursuz alınması üçünsə peşəkar aktyorlar cəlb olunurdu. Məsələn, Dilbərin konsertini əks etdirən kadrın çəkilişləri bulvarda çəkilib. Həmin səhnədə iştirak etmək üçün Opera və Balet Teatrının aktyorlarını dəvət etdik. Çünki burjua cəmiyyətini təmsil edən insanların davranış qaydalarını artıq onlar səhnədən gözəl bilirdilər, buna görə də onlarla işləmək asan idi.

Sevili İçərişəhərdə çəkərkən köhnə Bakını təsvir etmək üçün ağır rezinlərdən qənbər daşlarına bənzər döşəmələr düzəldilmişdi”.

“Sevil”in çəkilişləri təkcə Bakıda aparılmayıb. Filmin finalında Sevilin gəmi ilə gəlməsi, limanda qızı ilə görüşməsi səhnəsi Odessada çəkilib. Bu barədə A.Rüstəmov deyir: “Bizə əhalisi çox olan böyük liman lazım idi. Buna görə də 500-dən çox insanın iştirak etdiyi həmin səhnəni Odessada çəkdik.

Filmin operatoru Rasim İsmayılov idi. Həmin illərdə o artıq məşhur idi. Qorikker Moskvadan da operator gətirə bilərdi. Ancaq Rasimin yaradıcılığını görüb bəyənmişdi, buna görə də onu operator kimi filmə dəvət etmişdi. Rasim də filmin çəkilişlərinin asan və tez ərsəyə gəlməsi üçün əlindən gələni edirdi. Lazım olan texnikanı vaxtında çəkiliş meydançasına yığırdı. Buna görə də işində heç vaxt çatışmazlıq və qüsur olmurdu. Qorikker də tələbkar olduğu üçün Rasimin bu keyfiyyətlərini sevirdi.

Qız qalasının ətrafında 3000 nəfərin iştirak edəcəyi izdihamın qarşıdurma səhnəsi axşam çəkilməli idi. Kinostudiyada olan iki “Lixtvagen” enerji ötürən maşın olmasına baxmayaraq, Rasim bir maşın da Tiflisdən gətizdirdi. Çəkilişlər əsasən rels və kran vasitəsilə gerçəkləşirdi. Həmin dövrdə lentin çox korlanmasına icazə verilmirdi. Kadr iki, ən çoxu üç dəfə çəkilə bilərdi. Biz səhər saat səkkizdən həmin səhnənin hazırlıqlarına başladıq. Bütün hazırlıqlar bitdikdən sonra Rasim həmin kadrı yarım saata, bir dubla çəkdi”.

***

Sevilin həyat mövqeyinə, psixoloji durumuna uyğun olaraq bir çox kadrda sulu gözlü olmasını Valentina Aslanova necə bacarırdı sualına Akif müəllim belə aydınlıq gətirdi: “Valentina Aslanova peşəkar teatr aktrisası idi. Həmin illərdə o, Moskva Dövlət Sovet Ordusu Teatrında işləyirdi. Onun üçün rola girmək problem deyildi. Rejissor ağlamaq lazım olduğunu deyən kimi gözündən yaş axmağa başlayırdı. Qorikker özü onu baş rola dəvət etmişdi. Sevil filmindən sonra o, Azərbaycan kinosunda bir neçə rola dəvət aldı.

Film-opera bəstəkar Fikrət Əmirovun təşəbbüsü ilə çəkilirdi. Sınaq çəkilişlərində bəstəkar şəxsən özü iştirak edirdi. Respublikanın Xalq artisti Səfurə İbrahimovanın orijinal üslubda yaratdığı Dilbər rolunun və Xalq artisti Həsən Məmmədovun oynadığı Balaş obrazının sınaq çəkilişlərində alternativi yox idi. Səfurə xanımın ifasını Akademik Dram Teatrından izləyən Qorikker aktrisanın rolun öhdəsindən bacarıqla gələcəyinə inandığı üçün onu qətiyyətlə Dilbər roluna dəvət etmişdi. Obrazın daxili məziyyətlərini incəliyinə qədər fərdi yaradıcılıq üslubu ilə cilalayan aktrisa da film-operanın maraqla baxılmasına, rolun xarakterinin tamlıqla açılmasına imkan yaratdı”.

***

Filmin musiqiləri Fikrət Əmirovun iştirakı ilə Moskvada simfonik orkestrin müşayiəti ilə yazılıb. Sevil rolunu Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Firəngiz Əhmədova, Dilbəri isə Qorikkerin həyat yoldaşı, SSRİ Xalq artisti Qalina Oleyniçenko ifa edib. Balaşın ariyalarını SSRİ Xalq artisti Lütfiyar İmanov oxuyub. Ariyaları dəqiqliklə müşayiət etmək üçünsə Fikrət Əmirovun təşəbbüsü ilə Opera və Balet Teatrından ustad dərsləri keçən musiqiçi gətirilib, iki ay müddətində aktyorlara məşq etdirilib.

Akif müəllim həmin illəri sevgi ilə yada salır: “Bu filmdə çəkilmək, deyərdim ki, beş qat zəhmət tələb edirdi. Çünki aktyorlar həm musiqini əzbərləməli, həm ifa zamanı artikulyasiyaya dəqiq əməl etməli, həm də rolun psixologiyasına uyğun oynamalı idilər. İş çətin olsa da, aktyorlar çəkilişə çox həvəslə gəlirdilər. Qorikker aktyorların peşəkarlığını xüsusilə qiymətləndirir, onlarla nəzakətlə davranırdı. Leyla Bədirbəyli ilə, demək olar ki, dost idilər. Leyla xanım xasiyyətcə çox mehriban və qonaqpərvər xanım idi. Çox vaxt da Qorikkeri qonaq çağırırdı.

Qorikker tələbkar rejissor idi. Bir dəfə də olsun çəkilişə gecikmirdi. Çəkiliş meydançasında bir çatışmazlıq olanda acıq edib gedirdi. Neçə dəfə onu yoldan qaytarmışam. Amma yoldaşlıqda mehriban insan idi. Filmin çəkilişləri bitənə qədər Bakıdakı köhnə “İnturist” mehmanxanasında qaldı. Bizimlə münasibəti yaxşı idi. İşimdə qüsursuz çalışdığım üçün hətta mənə müsbət rəyli xasiyyətnamə də yazmışdı”.  

“Sevil” filminin texniki heyətində çalışan, bir çox ekran işinin direktoru kimi fəaliyyət göstərən Arif Səfərov söhbətə müdaxilə edir. Bildirir ki, çəkiliş qrupunda nizam-intizam güclü idi: “Qorikker qrupun mehribanlığına, peşəkarlığına heyran olmuşdu. Bakıdan çox razı getdi. Bəlkə buna görədir ki, bir neçə ildən sonra yenə də Bakıda film-opera çəkmək istədi. Amma nədənsə onun bu fikri baş tutmadı.

Filmin rəssamı Elbəy Rzaquliyev idi. Rejissor Elbəyin çəkiliş üçün tərtib etdiyi hər bir detalın, interyer və eksteryerlərin illüstrasiyalarını, eskizlərini bəyənirdi. Geyim üzrə rəssam Bədurə Əfqanlı idi. Əsgərlərin paltarları bir çox tarixi filmin çəkilişlərindən sonra qalırdı və kinostudiyanın sexində qorunub saxlanılırdı. Buna görə də həmin əlbəsələrdən çəkilişlərdə istifadə olundu. Filmin qəhrəmanlarının geyimi isə Bədurə xanımın məsləhəti ilə bulvarın yaxınlığında yerləşən atelyedə tikildi. Bədurə xanım, demək olar ki, çəkiliş başlamazdan əvvəl atelyedə, sonra isə bütün proses boyu aktyorların yanında olurdu. O, əsasən qadınların geyimlərinə diqqət edir, bəzən də kamera önünə çıxana qədər onların geyimlərini düzəldirdi. Filmin ərsəyə gəlməsi üçün hamı əlindən gələni edirdi.

Filmdəki uşaq roluna kinostudiyanın işçisi, bir neçə filmdə ikinci rejissor kimi işləyən Elmira Əliyevanın qonşusunun qızını çəkdik. İstər kamera qarşısında ilk dəfə musiqili çıxış edən aktyorların, istərsə də müxtəlif texniki vasitələrdən ustalıqla istifadə edən heyətin peşəkarlığına görə yaradıcı heyət çətin və məsuliyyətli işin öhdəsindən bacarıqla gəldi. Filmin ilk baxışı yüksək səviyyədə təşkil olundu. Sonra bir neçə gün kinoteatrlarda nümayiş etdirildi. Zal, demək olar ki, dolu olurdu, tamaşaçılar tərəfindən də maraqla qarşılanırdı. Bir sözlə, kədərli əsərin uğurlu sədası hamımızı sevindirirdi”.

Şəhla ƏMİRLİ
kinoşünas

19.10.2020