Həsən Seyidbəyli anılıb

2020-ci il dekabr ayının 22-də Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur.

Mədəniyyət nazirliyinin Kinematoqrafiya şöbəsinin rəhbərliyi, “Azərbaycanfilm” kinostudiyasının kollektivi, habelə mədəniyyət və kino xadimləri rejissorun məzarını ziyarət ediblər. Sənətkarın xatirəsi yad edilib.

Həsən Mehdi oğlu Seyidbəyli 1920-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində və Ali ssenari kurslarında təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasında rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi və sədri vəzifələrində işləyib.
Həsən Seyidbəyli ssenari müəllifi olduğu və quruluş verdiyi filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazıb. Onun filmləri sırasında “Telefonçu qız”, “Möcüzələr adası”, “Cazibə qüvvəsi”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi”, “Ömrün səhifələri”, “Xoşbəxtlik qayğıları” bədii filmlərinin adlarını çəkmək olar.

Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, “Azərbaycanfilm” kinostudiyasında kinorejissorun vaxtilə çalışdığı iş otağı təmir edilib. Otaqda onun bəzi şəxsi əşyaları, ekranlaşdırdığı filmlərin foto və afişaları yer alır.
Habelə, sənətkarın 100 illik yubileyinə həsr edilmiş sənədli film istehsal olunub. “Bizin Həsən müəllim” sənədli filminin rejissoru və ssenari müəllifi Yavər Rzayev, prodüseri Fariz Əhmədovdur. Film yerli televiziya kanallarında nümayiş olunacaq.

22.12.2020