MƏNİM BALACA ŞAHZADƏM” TAYVANDA KEÇİRİLƏN BEYNƏLXALQ FİLM FESTIVALINDA

“Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Tayvanda keçirilən 12th Hsin-Yi Children’s Animation Awards Film Festivalında namizədlər siyahısına seçilib.
Festivalın keçirilmə və mükafatlandırma mərasimi 16-24 yanvar 2021-ci il tarixləri ərzində nəzərdə tutulub.

Filmdə M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilmişdir. Rəssamın Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının 3D animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, “Mənim balaca Şahzadəm” animasiya filmi indiyədək Türkiyədə keçirilən 8th UNIVERSAL KIDS, Banqladeşdə keçirilən 13th International Children’s, Pakıstanda keçirilən 12th Lahore International Children’s, Rusiyada keçirilən 3th Lucerna Youth and Children, Bakıda keçirilən I Animafilm festivallarında iştirak edib, Cənubi Koreyada keçirilən 8th Seoul Guro International Kids Film Festivalında BRIGHT FUTURE (Parlaq gələcək) nominasiyasının qalibi olub.

03.01.2020