Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun dəstəyi ilə “Azərbaycan kino salnaməsi” ikicildlik kitabın birinci cildi nəşr olunub.
Kinoşünas Aydın Kazımzadənin qələmə aldığı kitabın I cildinə 1898-2018-ci illərdə istehsal olunan tammetrajlı və qısametrajlı bədii və televiziya filmlərinin filmoqrafiyasını əhatə edir.
Kitabda Azərbaycan kinematoqrafiyasının keçdiyi çətin və şərəfli yola nəzər salınıb və onun inkişaf mərhələləri araşdırılıb. Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycan qadınlarının bir neçə on il səhnəyə çıxa bilməməsi, onları səhnədə kişilər, ya da qeyri millətdən olan qadınların əvəz etməsi, ilk dəfə azərbaycanlı qadınlardan Mərziyə Davudovanın, Əzizə Məmmədovanın 1928-ci ildə çəkilmiş “Hacı Qara” filmində iştirak etməsi, bir il sonra gənc qız İzzət Orucovanın “Sevil” filmində baş rola çəkilməsi və digər qadın aktrisalarımızın çəkildikləri filmlər, oynadıqları rollar haqqında salnamədə məlumat verilib.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən “Azərbaycan kino salnaməsi” kitabı kino mütəxəssisləri, mədəniyyət, incəsənət, televiziya, dövri mətbuat, kino həvəskarları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, müəllifin 2003-cü ildə çap olunan “Azərbaycan kinosu” izahlı kataloqunun I və II cildində də 1898-2002-ci illərdə istehsal olunan xronikal-sənədli, elmi-kütləvi, sifariş və tədris filmlərinin filmoqrafiyası tam əhatə edilmişdir.
19.01.2021