Azərbaycan əsilli fransız rejissor və aktyor Rober Hosseinlə vida mərasimi keçirilib

Parisin Sən-Sülpis (Saint-Sulpice) kilsəsində Azərbaycan əsilli fransız rejissor və aktyor Robert Hosseinlə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Robert Hosseinlə vida mərasimində Fransanın birinci xanımı Brijit Makron, mədəniyyət naziri Rozelin Başlo, sabiq mədəniyyət naziri Cak Land, aktrisa İzabel Acani, Brijit Bardo, sineast Jak Veber, Fransanın siyasi, iqtisadi və incəsənət xadimləri iştirak ediblər.

Vida mərasimində iştirak edənlər çıxış edərək, Robert Hosseinlə bağlı xatirələrini bölüşüb, onun istedadından söz açıblar və sənətkarın ailə üzvlərinə başsağlığı veriblər.

Robert Hosseinin oğlu Pyer Hossein atasının çox sevib rəğbət bəslədiyi tarda ifa edərək onun xatirəsinə ehtiramını bildirib. İkinci oğlu Jülyən Hossein isə atasının xatirəsinə “Sevgi heç vaxt tükənmir” mətnini səsləndirib. Robert Hosseinin həyat yoldaşı Kandis Patu yazıçı Frederik Dardın Robert Hosseinə 1976-cı ildə ünvanladığı məktubu oxuyub.

Məşhur rejissor və aktyorla milli vida mərasimi yerli vaxtla axşam saat 17:00-də başa çatıb.

Qeyd edək ki, Robert Hossein 2020-ci il dekabrın 31-də vəfat edib.

10.02.2021