Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin və qocaman sənətkar, sənədli filmlərin rejissoru Niyazi Bədəlovun şəxsi arxiv fondları yaradılmışdır. Fondalara hər iki görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları və.s. arxiv sənədləri daxil olmuşdur.
Yalçın Əfəndiyev “Azərbaycanfilm” kinostudiyasında bir neçə sənədli və bədii filmə quruluş verib. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” filmi onun uğurlu işlərindəndir.
Bu filmə görə yaradıcı heyət – ssenari müəllifi İsmayıl Şıxlı, rejissor Yalçın Əfəndiyev və operator Zaur Məhərrəmov 1976-cı ildə Azərbaycan Komsomolu mükafatına layiq görülüblər.
“Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexinin bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.
Sənədli filmləri ilə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi “Xatirələr sahili” filmidir.
Görkəmli rus kinorejissoru Serqey Eyzenşteynin emalatxanasında təhsil almış Niyazi Bədəlov ümumilikdə 40-a qədər sənədli film və “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkmişdir.
Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub.
Rejissor Azərbaycan kinosuna “Övladlarım”, “Xəzərin üzərindən körpü”, “Azərbaycan aşıqları”, “Onun adı Serafino idi” və bir çox başqa filmləri bəxş edib.
05.04.2021