Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Fəryad-2” adlı bədii filmi çəkiləcək.
“Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq”.
Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir:
“Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Orada Vaqif Mustafayev markası var. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Vaqif Mustafayevin özünün dəst-xətti var.
Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci “Fəryad”la ikinci “Fəryad” arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər”.
Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk “Fəryad” filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.
15.04.2021