Azərbaycan kinosunun inkişafında müstəsna xidməti olan, bilik və bacarığını əsirgəməyən, quruluş verdiyi müxtəlif janrlı ekran əsələri ilə milli kinomuza uğur gətirən kinorejissorlarımızdan biridə respublikanın xalq artsit, görkəmli kinorejissor Eldar Quliyevdir. Quruluş verdiyi ekran əsərləri ilə çoxsaylı tamaşaçı auditoriyasının sevgisini, rəğbətini qazanan peşəkar kino xadimi təəssüflər olsun ki, ömrünün 80-ci ilində (16.04.2021.) dünyasını dəyişdi. Ustad sənətkarımıza uca Allahdan rəhmət diləyir, yaradıcılığına qısa nəzər salırıq.
Fərdi təfəkkürünü, zəngin dünyagörüşünü kinoda əks etdirən, realist sənətkar Eldar Quliyevin yaradıcılıq palitrası rəngarəng olduğu qədər mürəkkəbdir. İnsan psixologiyasını, mənəvi aləmini yaradıcılığının qayəsinə çevirən, filmlərində təhlil edən istedadlı kinorejissor Moskva Dövlət Kinematoqrafiya İnstitutunun (1960-1966) məzunu olduqdan sonra, böyük yaradıclıq eşqi ilə doğma vətənə üz tutub, istedadını Azərbaycan kinosuna həsr edib. Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor ilk qısametrajlı (“Biri vardı, biri yoxdu”) filmi ilə həmkarlarının və kinosevərlərin diqqətini çəkib. Sonrakı yaradıcılığını, potensialını əsasən bədii kinoya istiqamətləndirib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” (1966-cı ildən etibarən) kinostudiyasında 20-ə yaxın bədii, (“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun qızlar…”, “Səmt küləyi”, “Ürək…ürək…”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli film ekranlaşdırıb. Həmçinin ssenarisi əsasında bədii və sənədli filmlər çəkilib.
Eldar Quliyevin filmlərində əsasən insan mənəviyyatı, daxili aləmi, yaşadığı mühitə müdaxiləsi, yanaşma tərzi narahat edib. Ziddiyyətləri yaradan səbəbləri qabartmaqla da hadisələrə şəxsi prizmadan yanaşaraq müəllif münasibətini bildirib, dəqiq araşdırmalarla şərhini verib.
Müsahibələrində “Federiko Fellininin filmlərinə vurulmuşdum. İstəyirdim ki, çəkdiyim filmlərin hər hansı bir epizodu onun filmərinin epizoduna bənzəsin” deyən rejissor, məşhur “Bir cənub şəhərində” filmi ilə iddialı yaradıcılığını bir daha isbatladı, məntiqli əsaslarla da davam etdirdi. Bir il rəfdə qalan filmi haqqında, “bilirdim ki, film nə vaxtsa nümayiş olunacaq” deyən sənətkar sonrakı filmlərini də daxili intuisiyasına, məntiqinə əsasən əminliklə kinosevərlərə töhvə etdi.
Ustad sənətkarın mənalı ömür yolu, məzmunlu yaradıcılığı nəsillər tərəfindən daim izləniləcək, tədqiqat obyektinə çevriləcək, əziz xatirəsi daim hörmətlə anılacaq.
Allah ona rəhmət eləsin.
Dövlət Film Fondu
16.04.2021