AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQINDA AKTYORLUQ SƏNƏTİNİN İNKİŞAFI, PROBLEMLƏRİ İLƏ BAĞLI MÜZAKİRƏ KEÇİRİLDİ

Mayın 1-də Azərbaycan Kinematoqrafçılar İttifaqında aktyorluq sənətinin inkişafı, problemləri ilə bağlı müzakirə keçirildi. Müzakirədə xalq artisti Həmidə Ömərova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, əməkdar artist İlqar Cahangir, aktyorlar Kamran Ağabalayev, Zülfiyyə Qurbanova, kastinq direktoru Səbuhi Məmmədov, kinoşünaslar Aygün Aslanlı, Sevda Sultanova iştirak ediblər.

Sevda Sultanova: Həmidə xanım, siz VQİK-in məzunusuz. Sovet dönəmində tələb olunan aktyorlardan biri olmusuz. İndi yeni nəsil aktyorlarla işləyirsiz. Dünənlə bugünü müqayisə etsək, peşəkarlıq, sənətə münasibət baxımından nə kimi fərqlər var?

Həmidə Ömərova: Bugün kino çox gəncləşib. Gələnlər də gənclərdir. Hərçənd, biz də Moskvada Kinematoqrafiya İnsititutunu bitirb gələndə gənc idik. Sanballı rejissorlar vardı: Tofiq Tağızadə, Eldar Quliyev, Rasim Ocaqov, Arid Babayev. Yəni biz elə dövrdə gəlmişdik ki, 80-ci illərin əvvəlləriydi, kinostudiyanın ən parlaq vaxtı idi. “Azərbaycanfilm” kinostudiaysı ildə 4-5 film çəkirdi. Ən azı üç-dörd film Moskvanın sifarişi ilə istehsal olunurdu. Bu, əsasən bədii televiziya filmlərinə aid idi. Əgər burdakı Bədii Şura azərbaycanlı aktyorları təsdiq edirdisə, Moskvanın ixtiyarı çatırdı ki, “yox” desin. Şəxsən mənim başıma gəlib. Nəbi Xəzrinin “Əks səda” pyesinin əsasında Oqtay Mirqasımovun çəkdiyi  “Anlamaq istəyirəm” iki seriyalı bədii filmində Çinarəni oynayırdım. Bədii Şura məni baş rola təsdiq elədi. Sınaq çəkilişləri Moskvaya göndərildi. Moskvanın Bədii Şurası məni təsdiq eləmədi. Amma rejissor israr etdi ki, mən bu aktrisanı çəkirəm və Çinarəni onda görürəm. Və bu rola görə Lenin Komsomolu mükafatını aldım. Sonra foto və kinosınaq çəkilişləri olurdu. Bir rola, misalçün, beş aktyor namizəd olurdu. Bu proseslər indi yoxdu. Hər dəfə rola təsdiq olunmaq üçün bir növ imtahan verməli olurdun. Yəni o qədər ciddi idi bu proses.

Aygün Aslanlı: Həmidə xanım, indi də o sınaq çəkilişləri var. Sadəcə bizdə o sistem tamamilə oturuşmayıb. Öz işlərinə ciddi yanaşan rejissorlar sınaq çəkilişlərini edirlər.

Kamran Ağabalayev: İndi də filmlərdə ilk  olaraq foto istəyirlər. Bizim Səbuhi ilə işlədiyimiz böyük layihə vardı, 12 seriyalı bədii televiziya filmi. Gürcü aktrisası kafedə oturanda təklif gəlmişdi ona. Və qəhvəsini içə-içə selfi formasında fotosunu çəkərək göndərmişdi. Onu baş qadın roluna təsdiq elədilər.

H.Ömərova. Sizin dediyiniz nümunə təsadüf ola bilər. Kinostudiyada film çəkilir, mənim xəbərim yoxdur. Mən “Azərbaycanfilm” kinostudyasında 13 il aktrisa kimi çalışmışam. 1993-cü ildə bizə dedilər ki, ərizənizi yazın, çıxın. Lazım olanda çağıracağıq. Elə o vaxtdan bizi çağırmırlar. Mən ancaq kommersiya sektorunda çəkilmişəm. Xaricdə də çəkilmişəm. Və seriallarda.  Mən hələ kinostudiyanın bir layihəsində sınaq çəkilişlərinə çağrılmamışam. Hətta epizodik rola belə dəvət olmayıb. O struktur tamamilə pozulub. Mən ancaq hansısa qəzetlərdən, hansısa saytdan bilirəm ki, film çəkilir və filankəs artıq təsdiq olunub. Əgər bilsəydim, deyərdim ki, ssenarini oxuyum və deyə bilərdim ki, bir aktrisa kimi böyük kinoda bu rolu oynamaq arzum olub. Şəxsən mən, Azərbaycanın xalq artisti “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlərə həsrət qalmışam.

A.Aslanlı: Ona görə aktyorlarla bağlı məlumat bazası yaradılmalıdır ki, rejissor axtaranda onun qarşısında seçim çox olsun.

S.Sultanova: Aygünün sözünə qüvvət kimi deyim. Elçin Musaoğlu “Nabat” filmini çəkəndə, baş rola iranlı aktrisa dəvət eləmişdi. Sual veridm ki, niyə bizim aktrisalardan dəvət etməmisiniz. Dedi ki, bu rolu ancaq o aktrisa oynaya bilərdi. Amma tutaq ki, baza, hazır resurs olsaydı bəlkə də seçim başqa  olardı.

H.Ömərova:Amma məndən cavan, məndən yaşlı o qədər aktrisalarımız var ki… Yəni iki nəfər də azərbaycanlı aktirsanı sınaqdan keçirərdi. Elçinə qarşı heç bir iddiam yoxdu. Film də maraqlıdı. O aktrisanı Fəcr festivalında görüb dostlaşmışdıq. Maraqlı aktrisadır. Aktrisaya iradım yoxdur. Necə ki, Rasim Ocaqova iradım yoxdur ki, o, Təhminə roluna türk aktrisasını çəkib. Amma bunlarla yanaşı öz aktrisalarımız da sınaqdan keçirilsəydi, deyərdim ki, bu mexanizm var. Yoxsa ki, “ancaq iranlı aktrisa azərbaycanlı rolunu oynaya bilər” fikri absurddur. Buna millətçilik nöqteyi nəzərdən yanaşmıram.

Azərbaycan aktyorlarının problemi həmişə olub. Mən demirəm ki, xaricdə çox çəkilmişəm. Amma çəkilmişəm: Rusiyada, İranda, Gürcüstanda.  Aktyorluğun nə olduğunu və ona münasibətin necə olduğunu xaricdə bilmişəm.

A.Aslanlı: Həmidə xanım, siz Aktyorlar Gildiyasının prezidentisiz. Bax, dedyiniz bu problemlər olmasın deyə, Gildiya hansı işləri görür?

Əli İsa Cabbarov: Gildiyanın resrusları yoxdur. Bu, sadəcə, təşəbbüsdür.

H.Ömərova: Biz aktyorlar həftəaşırı oturub dərdləşirik. Amma nə olsun.

A.Aslanlı: Dediyiniz problemləri mətbuata çıxarmaq lazımdır.

H.Ömərova: Aktyorlara deyirəm ki, sizə təklif olunan qonorarla razılaşmayın, özünüzü qiymətləndirin. Amma onlar ailə saxladığına görə məcburdurlar. Səbuhi ilə müqavilə bağlayan aktyorlarımız var. Nə dərəcədə çətindir, Səbuhi desin.

Səbuhi Məmmədov: Çətin olmasına çətindir.  Birinci onu deyim ki, sizinlə tam razıyam ki, sovet dönəmində konkret bir sistem vardı. Mən bunu aktyor seçimi ilə bağlı deyirəm, istehslatın başqa sahələri ilə bağlı demirəm. Onda ikinci rejissor deyilən bir vəzifə vardı və o, bununla məşğul olurdu. Amma indi ikinci rejissor hər işi görür. Yəni planlaşdırma edir, rejissorla, operatorla obyektlərə  gedir, davamlılığa nəzarət edir. Mən onların işini, zəhmətini aşağı salmaq istəmirəm. Amma peşəkarlıq üçün xaricdə olduğu kimi kastinq direktoru olmalıdır.  Aktyor yoxdursa, rejissor kimi çəkəcək. İnsan faktoru çox mühümdür. Amma bu faktor nəzərə alınmır. Bu nəzərə alınanda filmlərimiz də güclü olacaq, aktyorlarımız da inkişaf edəcək. Ona görə kastinq sistemini bura otuzdurmaq lazımdır. Hər kəs özünə kastinq direktoru deməklə deyil. Kastinq direktoru  aktyor seçilməsi üzrə rejissordur, quruluşçu rejissordan sonra ikinci vəzifədir. Yəni bu, rejissorun verdiyi tapşırıq əsasında tipajların tapılması, onların rejisora təqdimi, fotosınaqların, videosınaqların, ümumiyyətlə, kastinqin keçirilib, rejissora təqdim olunmasıdır. Rejissor kastinqdə aktyor seçməməlidir. Rejissorun daha vacib işləri var. Rejissor komanda rəhbəri olaraq, operatorla, rəssamla işləyir, müəyyən obyektlərə baxır. Yeni sistem deyiriksə, dünya kinosu ilə ayaqlaşmaq istəyiriksə, kastinq direktoru olmalıdır.

S.Sultanova: Kastinq sisteminin formalaşmasına  mane olan konkret səbəblər nədir?

S.M: Büdcə çox önəmli amillərdən biridir. Təcrübəmdə olub ki, deyirlər ki, imkan yoxdur, biz o büdcəni sizə verə bilmirik. Deyirəm ki, yaxşı, mənim “stavkam” (qonorara qoyulan limit) məlumdur. Siz öz variantınızı deyin, işimiz getsin. Deyirlər ki, ümumiyyətlə, kastinq üçün büdcə yoxdur. İkinci tərəfi də odur ki, bəzi rejissorlar deyir ki, aktyoru mən seçmirəm, mənim nüfuzum aşağı düşər.

A.Aslanlı: Bu məsələ diktə ilə inişaf edə bilməz. Bu, təbii şəkildə inkişaf etməlidir. Hansısa nizamlamalar olmalıdır və bunda Aktyorlar Gildiyasının böyük rolu ola bilər. Başqa səbəb odur ki, rejissor az qonorara razı olan aktyoru götürür. Amma standart qonorar olsa rollara, aktyorun səviyyəsinə görə məsələ daha tez həllini tapar. Və rejissorun daha az qonorara razı olacaq aktyorla işləmək şansı olmayacaq.

S.M: Həmidə xanım, daha yaxşı bilər, sovet dönəmində aktyorların “stavkası” var idi. Çünki sistem vardı. Sistem olmadan biz aktyorlara heç bir “stavka” təyin edə bilmərik. “Stavka” hansı nüanslara görə təyin olunmalıdır?  Kino haqqında qanunda boşluqlar var.  Problemin kökü həm də bundadır.

A.Aslanlı: Aktyorlar özləri də problemlərinin həlli üçün  tələblər irəli sürməlidir. Türkiyədə aktyorların sindikatı var. 17 gün onlarda tam qapanma elan olundu. Amma seriallar çəkilir. Sindikat hökumətə müraciət etdi ki, bir halda ki seriallar çəkilir, evdə oturan əhalinin də buna tələbatı var, o zaman setdə çalışan aktyorların peyvəndlənməsini təmin edin. Yəni bu sistemli şəkildə baş verdi.  Deməyim odur ki, problemlər tək-tək, ayrı-ayrı fərdlər tərəfindən deyilməməlidir.

S.M: Kino sənayesi Amerikadan daha çox inteqrasiya elədi dünyaya. Çünki onlar kinoya həm də biznes kimi baxdılar. Biz isə deyək bu, ancaq sənətdir, pul qazanmayaq, alturizmlə məşğul olaq. Sənətdən həm də pul qazanılmalıdır. Bu sistemin bir tərəfi də kinoprokat sistemidir. O da bərbad vəziyyətdədir, işləmir. İki kampaniya var, onlar da pandemiyadan qabaq üz üzə gəldilər. Yaxşı, biz nədən pul qazanaq?! Yəni bu, elə məsələdir ki, təkcə Aktyorlar Gildyasının, kastinq direktorunun deməyilə həll olunmur. Kastinq sistemi filmin keyfiyyətinə, aktyorların inkişafına birbaşa təsir edən amildir. Bu sistemin işləməsi üçün qanunvericilikdə əsas yaradılmalıdır.

A.Aslanlı: Axı, qanunvercilikdə yazıla bilməz ki, bütün filmlərdə sınaq çəkilişi olsun.

Ə.İ.Cabbarov: Prodüserin məqsədi pul qazanmaqdır. Prodüser ola bilsin ki, kastinq direktorunu işə cəlb eləmək istəmir. Çağırır başqasını ki, bunu da, filan şeyi də edəcəksən. Və çağırır istədiyi aktyorları. O aktyorlar da deyir ki, bilirsiz, mənim Səbuhi müəllimlə eksklüziv müqaviləm var. Başqası da eyni şeyi deyir. Bu halda məcbur olur ki, kastinq direktorunu çağırsın. Yəni Azərbaycanda iki, üç, beş xarizmatk, istedadlı, çevik kastinq direktorları olsa və onlar Azərbaycanda on aktyorla eksklüziv müqavilə bağlasalar, prodüser kimdi ki, onunla hesablaşmasın. Burda qanun lazım deyil. Təbii olaraq bazar buna məcburən gəlməlidir. Yaxşı, dinamik, çevik kastinq direktorları olsa, onlar ulduz aktyorlarla eksklüziv müqavilə bağlasalar  hamı məcbur olacaq bu sistemə.

S.M: Bir az anlayışları  dəqiqləşdirək. Kastinq direktoru kinoindustriyada  kino istehsalı zamanı rejissor qrupuna aid bir vəzifədir. Bu vəzifənin öhdəliyi aktyorun düzgün seçilməsi və rejissora düzgün təqdimatıdır. Kastinq direktoru kimi mən təəssüf ki, Azərbaycandan çox xariclə əməkdaşlıq edirəm. Ordan maaş alıram. Maaş müqabilində gördüyüm iş ondan ibarətdir ki, rejissorun verdiyi tapşırıq əsasında ssenariyə uyğun olaraq, həmin tipajları tapıram, fotosınaqları, videosınaqları keçirib rejssora təqdim edirəm. Ondan sonra rejissor öz qərarını verir.

Aktyor menecmentliyi isə sırf kommersiya təşkilatıdır. Onun məqsədi aktyorların təqdimatı, təmsil olunması, yeni simaların tapılması və yetişdirilməsidir. Bizim təhsil proqramımız da var. Aktyor meneceri öz aktyorunu hər hansı layihədə  təmsil və təqdim edir və prodüserlə razılaşdırılmış şərtlər əsasında iş görülür.

Ə.İ.Cabbarov: Kamran, siz deyə bilrsiz ki, mən kastinq direktoru ilə işləyirəm və bundan udmuşam.

K.Ağabalayev: Son işimiz Rusiyanın “Mars media” şirkətin “Rus əsir” layihəsidir. On iki seriyalı filmdir. Hazırda Netflixlə də danışıqlar gedir, o platformada da göstəriləcək. 8 ay mən o serialda çəkilmişəm. İlk olaraq foto  göndərmişəm. Biletimdən, otelimdən tutmuş setə neçədə gedəcəm-bütün bunlarla Səbuhi məşğul olur. Bir məsələ də var. Sınağa gələn və gəlməyən aktyorlar da var. Deyir mənə sınaq lazımdır?

S.M: Problemlər çoxdur. Kastinqlərdə iştirak, aktyorun özünü seçim prosesində necə təqdimatı əsasdır. Özünü təqdimat- aktyorlarımızın peşəkar fəaliyyətində ciddi problemdir. Kastinqə dəvət olunan aktyor, ilk öncə özünəxas keyfiyyətləri – xarakterini, düşüncə tərzini, intellektini, yəni şəxsiyyət olaraq özünü təqdim etməyi bacarmaldır. Sonrakı etap peşəkar fəaliyyət ilə bağlı təqdimatdır. Bunun üçün isə  aktyorun portfoliosu mütləqdir. Portfolio-Rezume, CV  – aktyorun peşəkar fəaliyyət haqda tam yazılı informasiyadır. Aktyorun peşəkar təcrübəsi haqda ilkin təəssüratının yaranması üçün bu vasitələr vacibdir. Digər problem serialda iş rejimi, qrafik, çəkiliş məkanına vaxtında gəlməkdir. Postsovet ölkələrində olduğu kimi bizdə də kino sektorunda 12 saatlıq iş rejimi tətbiq olunur. Aktyor çəkiliş meydanına gəldiyi saatdan etibarən iş rejimi başlayır. İkitərəfli razılaşma əsasında bu iş rejimi 1 saat əlavə ödənişsiz ( over taym – artıq iş saatı üçün ödəniş) uzadıla bilər. Artırılan saatlar üçün  aktyor əlavə pul almalıdır. Kino sektorunda bu kimi hallara az təsadüf edilir. Rejimdən artıq iş saatı olanda, bu, əsasən aktyorun könüllü istəyi ilə olur.  Serial sektorunda isə 12 saatlıq iş rejimi yalnız həftəlik serial çəkimləri üçün keçərlidir.  Gündəlik serial çəkimləri üçün 10 saatlıq iş rejiminin tətbiqi daha məqsədəuyğundur. Belə iş rejimi serial istehsalçılarının aktyorlardan daha keyfiyyətli iş tələb etməsinə zəmin yaradacaq. Lakin, gündəlik və həftəlik serial çəkimlərində aktyorlar və eləcə də digər heyət üzvləri 14-16 saat işləməli olurlar.  Buna obyektiv və subyektiv səbəblər var. Amma bu səbəblər çox vaxt qrafikin iş planının düzgün qurulmaması üzündən baş verir. Nəticədə yaradıcı və texniki heyət yorulur, istənilən keyfiyyət alınmir.

Aktyorlara çətinlik yaradan digər məsələ çəkilən məkanlarla bağlıdır. Serial çəkilişləri çox vaxt şəhərdən kənarda aparıldığından aktyorlar həmin məkanlara vaxtında çatmaq üçün məcburi taksidən istifadə edirlər, onsuzda çox olmayan qonorarlarından yol puluna xərcləyirlər. Serial istehsalçıları bunu nəzərə almalıdırlar.

S.S: İlqar bəy, seriallarda peşəkar aktyorlarla yanaşı qeyri peşəkarlar da çalışır. Bu, iş prosesində maneələr yaradırmı?

İlqar Cahangir: Bir-iki serial istisna olmaqla, Azərbaycanın bütün seraillarında demək olar ki, qeyri-peşəkar aktyorlar var. Bu, büdcədən az pul xərclənməsi ilə bağlıdır. Eləsi var ki, öz əmisioğlunu, xalasıoğlunu gətirir. Yaxud olur ki, rejissor İnstaqramda kiminsə özünü çəkdiyi videonu görüb onu çəkir. Olub ki, qeyri-peşəkar ilk dəfə balaca bir səhnədə çəkilib, ancaq ikinci dəfə gələndə iddia ilə gəlib. Amma eləsi də var ki, qeyri-peşəkar olsa da, öyrənmək, peşəkarca yanaşmaq istəyir. Sadəcə, onunla məşğul olmaq lazımdır. Bircə Rövşən İsaxı gördüm ki, qeyri-peşəkar aktyorlarla işləyir, onu hazırlayır. Bu dünyada təsdiq olunmuş bir şeydir ki, keyfiyyət rejissorun qeyri-peşəkarla necə işləməyindən çox şey asılıdır. Bir layihədə aktyorlarla işləyirdim, rejissor əziyyət çəkmirdi. Həmin gün dublların sayı az olurdu və xeyli epizod çəkilirdi. Və üç aya  layihə bitdi. Burda həm də maaş məsələsi olduğundan  aktyorlar narazılıq etdi. Çünki layihə dörd aylıq nəzərdə tutulurdu.

Zülfiyyə Qurbanova: Serialda çalışdığıma görə bu təcrübəmdən danışmaq istəyirəm. Qeyri-peşəkar deyəndə universitet oxumağı nəzərdə tutmuram. Öyrənmək istəməyən adamlar mənim üçün qeyri-peşəkardılar. Universitet qurtarıb öyrənməyə də bilərsən. Amma universitet qurtarmayıb öyrənərək peşəkarlaşa bilərsən. Qeyri- peşəkarları çəkəndə zaman uzanır, vaxt gedir. Bu mənim başıma gəlib. Bir dəfə park səhnəsi çəkirdik. Oğlan mənə sataşmalıydı. Az qala onu mən təhrik edirəm ki, sən bunu eləməlisən. O səhnəni yeddi dubla hissə-hissə çəkdik. Zaman keçdiyindən bizim aktyor seçmək imkanımız da yoxuydu. Amma dəfələrlə olub ki, rejissor əsəbləşib səhnəni çəkməyib.

Həmidə xanım bayaq dedi ki, sovet dönəmində bəzən aktyoru dəyişirdilər, təsdiq etmirdilər. Amma indi bu dəyişilmə başqa şəkildə baş verir. İndi kanal rəhbərliyi deyir ki, filan aktrisa çəkilməsin. Niyə? Yaxınlarda mənə bir ssenari göndərildi, rola da mən seçilmişəm. Adam deyir ki, kanalın rəhbəliyi ilə problemin var? Deyirəm, onunla nə problemim ola bilər? Kanal rəhbərli dəyişdikcə aktyorlara münasibət də dəyişir. Bu, sistematik baş verir.  Rejissorun məndən imtinası üçün səbəbi yoxdur, özü işi təklif edib. Kanal əməkdaşları isə işə müdaxilə edir. Çünki başqa adamın çəkilməsini istəyirlər. Bütün heyətə əzab verəcəklər, amma təki o adam çəkilsin. Aktyorlar kütləvi şəkildə etiraz eləsələr nəticə olacaq. Fərdi şəkildə etiraz edəndə adın qara siyahıya düşür.

Kastinq məsələsinə gəlincə, onda ayılırıq ki, “Azərbaycanfilm”də film çəkilib.  Sən məni çağır, fotosınaq elə, videosınaq elə, yararsız olum, amma çağır ki, mən səhvimi düzəldim, inkişaf edim, aktivləşim.  Öz heyətləri var, ancaq onları çəkirlər.

Ə.İ.Cabbarov: Bir məsələ də var, aktyorun dəvət olunmasında şəxsiyyəti də rol oynayır. Tutaq ki, sosial problemə münasibət bildirən aktyor diqqət çəkir və rejissor anlayır ki, onun belə damarı var. Akyor dəvət olunmursa, bu, onun peşəkar formada qalmasına mane olmamalıdır. Telefonla Nəsimidən, Nizamidən bir şeir deyə, monotamaşa oynaya bilər.  Aktyorlar təkcə sənətini yox, şəxsiyyətini də ortaya qoymalıdır.

S.M: Aktyor öz üzərində işləməlidir, dəvət olunmasa da. Aktyor agentinin əsas vəzifələrindən biri yeni simaların tapılması və tanıdılmasıdır. Dəniz Tacəddin Konservatoriyanı bitirib, aktyor savadı yoxdur. Yəni 8 ildən sonra bu insan öz yaşıdları arasında tanınırsa, təkliflər alırsa, bu, təkcə agentliyin işi deyil. Bu, akyorun öz üzərində işləməsidir, zəhmətidir. Aktyor öz üzərində işləməlidir. Kiminsə üzərinə nəsə atmaq asandır. Özümüz də işləməliyik, nəsə etməliyik.

K.Ağabalayev: Bizdə kastinqlər çayxanalarda keçirilir. Üç aktyor yığışır ora rejissorla söhbət edir. Bunu sistemləşdirmək çətindir. On serialdan doqquzu facebookda yazılsa ki, özünü filmdə görmək istəyən 35-40 yaşında xanımlar dəvət olunur. Burda hansı peşəkarlıqdan söhbət gedə bilər?

A.Aslanlı: Dünya praktikasında belə təcrübə var ki, qeyri peşəkar, tanınmayan aktyorla işləyirlər.

S.M: Bu təcrübə var. Keçən il Teymur Hacıyevin filmində kastinq direktoru idim. Rejissorun tələblərindən biri bu idi ki, küçədən gələn bir tipaj olsun. 50-100 nəfər olsun, onları çağıraq. Qane edəni çəkəcəm. Rejissor, prodüser bunu istəməlidir. Kastinq zamanı rejissor, prodüser istədiyi tipajı tapa bilir. Aktyor kastinqə çağrılanda onda bir həvəs, stimul yaranır.

Başqa bir məsələ də var ki, bizdə seriallar texniki də, aktyor heyəti baxımından da yaxşıdır. Amma ortaya məhsul çıxmır. Niyə biz Orta Asiyaya serial sata bilmirik?  Özbəklərin bizim filmlərə, seriallara maraqları var, amma onlara serial sata bilmirik. Çünki iş komanda şəklində görülmür.

A.Aslanlı: TRT kanalında seriallar izlənmirdi, məzə obyekti idi. Amma kanalın yeni serialları “Təşkilat”, “Masumlar apartmanı” reytinqlərdə birincidir. TRT anladı ki, şərtlər dəyişməli və rəqabətə qoşulmalıdırlar. Ona görə serialın keyfiyyəti üçün azad bazar rəqabəti lazımdır.

H.Ömərova: Bizim dövlət televiziyasında ümumiyyətlə, serial yoxdur.

A.Aslanlı: Serial da olmasa, çoxseriyalı bədii televiziya filmi çəkə bilərlər. Bunun üçün praktikaları da var.

Ə.İ.Cabbarov: Mən belə başa düşdüm ki, əsas problemlərdən biri aktyorların məlumatsızlığıdır. Kinematoqrafçılar İttifaqı olaraq sizə maliyyə, təşkilati dəstəyi veririk ki, aktyor cameəsi haqda sayt edəsiniz. Orda filmlər haqda elanlar, aktyorların məlumat bazası olsun.