Mayis Ağabəyov-80

Peşəkar kino rəssamlarının müxtəlif janrlı ekran əsərlərinə quruluş verdikləri rəsmlər kino istehsalı prosesində kadrların obrazlı həllini tapmasına, kinematoqrafik görüntünün təkmilləşməsinə xidmət edir. Azərbaycan kinosunda 40-a yaxın filmdə quruluşçu rəssam kimi çalışan Mayis Ağabəyovun özünəməxsus yaradıcılıq üslubu da milli kino sənətimizin inkişafına xidmət edib. Tanınmış kino rəssamının anadan olmasının 80-ci ildönümündə zəngin yaradıcılığına, mənalı həyat yoluna  qısa nəzər salaraq, xatirəsini ehtiramla yad edirik.

Uğurlu başlanğıc

Mayis Əlişir oğlu Ağabəyov 1941-ci il, mayın 1-də Bakıda anadan olub. Sənətə hələ uşaq yaşlarından həvəs göstərib. Məktəb (15 yaşından) yaşlarından həmin illərdə fəaliyyət göstərən pionerlər evində rəssamlıq dərnəyinə gedib, burda sevdiyi sənətin sirlərinə öyrənməyə nail olub, ilk sənət  nümunələrini müəllim və şagird heyətinə təqdim edib.  

1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib.  Kinoya olan böyük maraq və sevgisinə görə sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə verib, 1969-cu ildə oranı bitirib. Ali təhsil alarkən hər yay tətilində kinostudiyada kino rəssamı asisstenti kimi işləyərək təcrübə keçən gənc rəssam Ali Kino məktəbini bitirən kimi “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.  Onu da qeyd edək ki, Mayis Ağabəyov hələ 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak edib. İstedad və bacarığını fərdi yaradıcılığında, həmçinin sonrakı kino fəaliyyətində təsdiqləyib.

Mənbələrə istinad edərk ustad sənətkarın sənət yoluna daha yaxın oluruq: “Mən ali təhsil aldığım müddətdə “Azərbaycanfilm” kinostudiyasında peşəkar kino rejissorlarından Tofiq Tağızadə,  Şamil Mahmudbəyov, Həsən Seyibəyli biznən maraqlanırdı. Onlar instituta gəlir, bizi restorana nahara dəvət edir, bizimlə yaradıcılıq söhbəti edir, ünsiyyət yaradırdılar. Mən diplom müdafiəmi edəndə Şamil Mahmudbəyov bildirdi ki, “sən institut bitir, səni çəkdiyim filmə rəssam kimi işləməyə dəvət edəcəm.” Belədə oldu. Kino rəssamı kimi ilk dəfə olaraq, Şamil Mahmudbəyovun quruluş verdiyi “Həyat bizi sınayır” (1972) filmində işlədim. Ondan sonra bir-birinin ardınca təkliflər almağa başladım.”

Kino fəaliyyəti

“Kinostudiya sənət adamlarının məkanıdır” deyən rəssam, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nəsimi” (Məmməd Hüseynovla birgə), “Ürək.., ürək…”, “Çətirimiz buludlardır”, “Təkcə adanı özünlə apara bilməzsən…”, “Nizami”, “Xoşbəxtlik qayğıları” (Məmməd Hüseynovla birgə), “Gümüşgöl əfsanəsi” və başqa filmlərdə hər hansı bir dövrə aid bədii tərtibata uyğun canlı lövhələr yaratmış, zaman və məkan şərtiliyini əsas götürərək filmlərdə baş verən hadisələri fərdi yaradıcılıq üslubunda real təsvirlərlə diqqətə çatdırmağa nail olmuşdur.  

“Özümə borc biliriəm ki, əldə etdiyim biliyi, sənəti öz davamçılarıma ötürüm” deyən peşəkar kino rəssamı 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Akademik rəngkarlıq” kafedrasının professoru olub.  

Yaradıcılığı, kino fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Mayis Ağabəyov respublikasının əməkdar və (04.03. 1992)  xalq rəssamı (18.12. 2000) fəxri adlarına layiq görülüb.

Dövlət Film Fondu