Hamlet Xanızadə-80

Sənəti də, sənətkarı da xalq sevir, dəyərləndirir, ucaldır, yaşadır. Azərbaycan teatr, kino sənətində özünəməxsus yeri, izi olan, çoxşaxəli yaradıcılığı ilə qəlblərə yol tapan, milyonların rəğbətini qazanan əməkdar artist Hamlet Xanızadənin bir-birindən maraqlı, baxımlı obrazları da sənətsevərləri daim düşündürüb, sənətin ali məqsədini, mühüm mahiyyətini anladıb. 

Hamlet Xanızadə potensialından, istedadından pay böldüyü rolları ilə addım-addım yaxınlaşdı sənət zirvəsinə. Zəhməti, çalışqanlığı sayəsində qram-qram, zərrə-zərrə qazandı milyonların rəğbətini. Xalqının sevimli artisti olaraq da ekrandakı görünüşü ilə belə qəlblərdə alqışlandı, ucalığını qorudu, əbədiliyini yaşatdı. Sənət və həyat uğuru müsbət mənəvi keyfiyyətlərindən qaynaqlanan ustad sənətkarımızın anadan olmasının 80-ci ildönümündə (05.06.1941-03.02.1990) onu xatırlamağı özümüzə borc bilir, yaradıcılıq yoluna qısa nəzər salırıq.     

Sənət üçün doğulmuşdu o. Cəsarətli yaradıcılığında həyatın mühüm məsələlərini qabardıb, insanlığın vacib keyfiyyətlərini təbliğ etmişdi. Qismətinə yazılan 49 illik ömür payının 29 ilini həsr etdiyi sənətində də həyat müşahidələrindən yaranan nigarançılığını  yaradıcılığında təhlil edib, düşüncələrə doğru təlimat verməyi bacarmışdı.

Dövlət Teatr İnstitutunda təhsil (1961-1965) alarkən, üçüncü kursdan peşəkar səhnəyə çıxan Hamlet Xanızadə sonrakı yaradıcılığında da milli teatr və kino sənətimizin  keşiyində durdu, vətəndaşlıq mövqeyindən çıxış edərək məsləyini ali səviyyədə təqdim etdi. Milli Dram Teatrında işlədiyi vaxtlarda çağdaş və klassik əsərlər əsasında hazırlanan tamaşalarda zəngin yaradıcılıq bioqrafiyası yaratdı, paralel olaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 80-ə yaxın (bədii film və “Mozalan” süjetləri) filmdə maraqlı, koloritli ekran personajları ərsəyə gətirdi.    

Hamlet Xanızadəni görkəmli kinorejissor Həsən Seyidbəylinin kinoda kəşfi adlandırmaq olar. Belə ki, rejissorun ekranlaşdırığı “Möcüzələr adası” (1963) filmində debüt rolunu (Sadıq) oynayan aktyorun kiçikplanlı rolla olan uğurlu başlanğıcı rejissorun növbəti ekran əsərlərində (“Bizim Cəbiş müəllim”də kapitan, “O qızı tapın”da Dadaş Salayev) yaddaqalan obrazlar yaratmasına imkan yaradır. Aktyorun növbəti filmlərdə özünəməxsus üslub və formada oynadığı İmaş (“Arxadan vurulan zərbə”), Xəlifə Mötəsim (“Babək”), Gizir (“Yeddi oğul istərəm”), bolşevik (“Qatır Məmməd”), Talıbov (“Axırıncı aşırım”), Məcidov (“Bircəciyim”), raykom katibi (“Köhnə bərə”), Raki (“Qərib cinlər diyarında”), Qiyas (“İmtahan”), Xəstə; Sədi Əfəndi; Şair (“Qətl günü”) və digər ekran obrazları müxtəlif dövr (real və düşünülmüş) hadisələrinin inandırıcı təsir bağışlamasına səbəb olur. Televiziya tamaşalarında oynadığı xarakterik rolları (Qasım kişi – “Qatarda”, Topal Teymur – “Topal Teymur”), eləcə də dublyaj fəaliyyəti ilə (“Gözlə məni”də bəy, “Dədə Qorqud”da Qıpçaq Məlik və s.) fərdi istedadını, sənət bilgisini dönə-dönə sübut edir.  

Sözügedən filmlərdən də göründüyü kimi aktyorun fərdi istedadından pay alan uğurlu ekran obrazları ayrı-ayrılıqda təhlil obyektidir. İrili-xırdalı rollarının xarakterik cizgilərini doğru mizanlarda cilalayan istedad sahibi dərin sənət bilgisi və böyük sevgisi sayəsində ömrü boyu sənətinə sadiq qaldı. Məhsuldar yaradıcılığına, nümunəvi şəxsi keyfiyyətlərinə görə də qəlblərdə, yaddaşlarda yaşadı, xatirəsi əziz tutuldu, unudulmadı.  

Dövlət Film Fondu