Kinonun geniş tamaşaçı auditoriyası tərəfindən sevilməsində, davamlı olaraq qəlblərdə yaşamasında kino musiqilərinin rolu böyükdür. Filmlərə bəstələnən musiqilər personajların xarakterlərinin açılmasına, psixoloji durumlarının, fikir və duyğularının çatdırılmasına, həmçinin ekran hadisələrinin zaman və məkan xüsusiyyətlərini səciyyələndirməyə kömək edir. Bu mənada kinonun həyatın inikası olmasına zəmin yaradan kino bəstəkarlarının filmlərə yazdıqları möhtəşəm əsərlər, müxtəlif musiqi parçaları filmlərin əsas və ayrılmaz kompozisiyası olaraq tamaşaçı qəlbində iz salır, ekran hadisələrinin mahiyyətini anladır, eləcə də, filmlərdə səslənən mahnılar xalqın sevimli nəğməsi kimi dillər əzbərinə çevrilir.
Görkəmli bəstəkar, respublikanın xalq artisti Cahangir Cahangirovun filmlərə yazdığı kino musiqiləri də ədəbi əsərlərin ekran taleyinin uğurlu həllinə, ekran dilinin yumşaldılmasına, obrazların daxili məninin açılmasına səbəb olub, ekran hadisələrinin bədii həllinin tamlığına, dolğunluğuna zəmin yaradıb. Unudulmaz bəstəkarın 100 illik yubileyində əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, kino yaradıcılığına nəzər salırıq.
Sənədli kino, rejissor və operatorlar kimi bəstəkarlara da fərdi yaradıcılıq üslublarını ilkin mərhələdə təsdiqləməyə imkan verib. Cahangir Cahangirov da 10-a yaxın sənədli (“Gədəbəyin sərvəti” (1950), “Arazın sahillərində” (1953), “Bahar rəqsləri” (1962), “Respublikam haqqında həqiqət” (1972) və s.) filmə musiqi yazıb. Bəstəkarın müxtəlif zaman və məkan təsvirlərini müşayiət edən lirik-poetik, bəzənsə ritmik musiqiləri istər kadrarxası mətn, istərsə də, səssiz kadrlarda səslənən musiqiləri hadisələrin məzmununun məntiqli şərhinə, emosional çatdırılmasına səbəb yaradıb. Zəngin təfəkkür və həyat bilgisini sevgi ilə yaratdığı əsərləri vasitəsi ilə ekran dilinə çevirən bəstəkar həmçinin yeddi bədii filmə (“Koroğlu” (1960), “Yenilməz batalyon” (1965), “Dağlarda döyüş” (1967), “Dəli Kür” (1969), “Qatır Məmməd” (1974), “Qızıl uçurum” (1980) və “Evlənmək istəyirəm” (1983)) musiqi bəstələyib.
Sözügedən filmlərdəki hər hansı bir epizoda və yaxud bütövlükdə filmə emosional çalar verən, təsvir olunan materialda müəllif münasibətini açan, əsərin ideyasını ifadə edən bu kimi mühüm funksiyaları bəstəkarın hadisələrə uyğunlaşdırdığı musiqilər yerinə yetirir, ekran kompozisiyasının bədii tərtibatını zənginləşdirməklə yanaşı, ədəbi materialın aydın vizual şərhini verir.
Sənədli kinoda görkəmli kinorejissorlardan Lətif Səfərov, Muxtar Dadaşov, Kamil Rüstəmbəyov və digərləri ilə çalışan bəstəkar, bədii kinoda məşhur kinorejissor Hüseyn Seyidzadə, Rasim Ocaqov, Fikrət Əliyev və digərləri ilə birgə çalışıb, onların istək və arzularını, ideyalarını musiqi əsərləri vasitəsilə tamaşaçılara çatdırıb.
“Arazın o tayında” vokal simfonik poemanın, “Azad” və “Xanəndənin taleyi” operalarının, bir çox romansların, çox sayda lirik mahnıların, həmçinin “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız” və başqa nəğmələrin müəllifi olan Cahangir Cahangirovun filmlərə yazdığı mahnılar fərdi repertuarlara köçmüş, dillər əzbərinə çevrilmişdir. Həmçinin, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”, “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”, “Dəli Kür” filmindən “Ana Kür” və “Bayatılar” mahnısı kino sənətimizin inkişafı ilə yanaşı, insani hiss və duyğuların obrazlı şərhi kimi könül nəğmələrinə çevrilmişdir.
“Koroğlu” tarixi-bioqrafik, “Yenilməz batalyon” tarixi-inqilabi, “Dağlarda döyüş” hərbi vətənpərvərlik, “Dəli Kür” dram janrlı, “Qatır Məmməd” tarixi-inqilabi filmlərində səslənən lirik və ritmik musiqi parçaları kadrdaxili təsvirləri müşayiət etməklə yanaşı, hadisələrin emosionallığını təmin edib, daxili dinamikasını artırıb, ekran personajların həyat mövqeyini müəyyənləşdirib, ümumilikdə ədəbi əsərlərin ekran kompozisiyasının tamlığına, dolğunluğuna zəmin yaradıb.
Zəngin dünyagörüşünü, həyat haqqındakı təsəvvürlərini, düşüncə və arzularını, könül dünyasının gözəlliyini əsərləri vasitəsi ilə insanlara çatdıran Cahangir Cahangirovun əsərləri bu mənada ölməz, xatirəsi əziz, şəxsiyyəti unudulmazdır.
Dövlət Film Fondu