Azərbaycan kino tarixində silinməz iz qoyan, peşəkar yaradıcılığı ilə filmlərə uğur qazandıran kino xadimlərimizdən biri də respublikanın əməkdar incəsənət xadimi, tanınmış kinooperator, kinorejissor Rasim İsmayılovdur. Görkəmli kino xadiminin anadan olmasının 85-ci ildönümündə həyat və sənət yolunu izləyək.
XX əsrin əsasən də birinci yarısında dünya kinosunda, həmçinin Azərbaycan kinosunda filmin ümumi ideyasının açılmasına film qəhrəmanlarının fərdi xarakterinin qabardılması faktı kömək edirdi. Ekran qəhrəmanlarının şəxsi keyfiyyətlərinin, eləcə də (vəziyyətdən çıxış edərəkdən) davranış qaydalarının (əxlaqi dəyərlərinin) cəmi hadisələrin mahiyyətinin açılmasına xidmət edir, dövrün etiket qaydaları, mühitin düşüncə və əxlaq prinsipləri haqqında tamaşaçıda müəyyən təəssürat yaradır, məlumatlandırırdı. Bədii kinoda cərəyan edən hadisələrin fon təsiri bağışlayan köməkçi təsvir vasitələri bütünlükdə, mərkəz xəttinin (baş qəhrəmanın) diqqətdə olmasına yönəlirdi. Bu mənada Rasim İsmayılovun quruluş verdiyi (əsasən də operator kimi) istər tarixi-bioqrafik janrlı, istərsə də ailə-məişət mövzusundan bəhs edən sadə süjetli lirik-dramatik filmlərin belə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşlanmasının səbəbini (məkan və zamandan asılı olmayaraq) məhz personajların şəxsiyyətinə böyük marağın olması faktı yaradır. Deməli, Rasim İsmayılov həyat lövhələrinin məzmununu məntiqli şəkildə şərh etmək üçün kamerasının gözünü məhz kino personajlarının kimliyinin açılmasına yönəldib, ekran qəhrəmanları haqqındakı təsəvvürlərimizi dəqiqləşdirərək vacib hadisələrin ekranlaşdırıldığını, kino kadrların yalnız təsvir illüstrasiyası yox, həmçinin müxtəlif dövr hadisələrinin şərhçisi olduğunu sübut edib. Bu isə kadrarxasındakı rolunu məharətlə oynayan, vəzifə borcunu ləyaqətlə yerinə yetirən, məsuliyyətli işinə görə tamaşaçıların ehtiramını qazanan sənətkarın hər addımda əldə etdiyi sənət uğuru idi.
Sənətə hələ uşaq yaşlarından bağlanan Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. Həyata baxışını fərdi istedadı sayəsində kinoda daha geniş, qabarıq şəkildə göstərə biləcəyini anlayan gənc sənədlərini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verərək operatorluq fakültəsinə daxil olub. 1958-1962-ci illərdə Ali kino məktəbini bitirərək “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi işləməyə başlayıb. 1963-1978-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər pedaqoji fəaliyyət göstərib, kino sənətinin sirlərini tələbələrinə tədris edib.
Görkəmli sənətkarın yaradıcılıq filmoqrafiyasında 40-a yaxın, o cümlədən operator kimi 15, rejissor kimi 7 bədii, habelə 3 animasiya (2-si rejissor, 1-i ssenari müəllifi kimi), 10 sənədli (4-ü rejissor, 5-i operator, 1-i ssenari müəllifi kimi) film var. Bu filmlərin hər biri kino sənətinin texniki (təsvir keyfiyyəti) imkanlarını əks etdirən uğurlu ekran əsərləridir.
Ustad sənətkarın fərdi yaradıcılıq üslubu, kinooperatorluq sənəti üçün vacib olan dərin bilgisi çalışdığı müxtəlif janrlı ekran əsərlərinə uğur gətirib, ədəbi əsərlərin ekran həllini tamamlayıb, müxtəlif rakurslu çəkiliş maneraları personajların daxili məninin açılmasına, xarakterlərin tanıdılmasına imkan yaradıb. Zəngin sənət təcrübəsinə malik sənətkarın müsbət şəxsi keyfiyyətləri də sənət dostları və doğmaları tərəfindən həmişə hörmətlə xatırlanıb. Maraqlı və mənalı ömür yolu keçən, həyatını bütünlüklə sənətə həsr edən görkəmli kino xadimi Rasim İsmayılovun bu mənada yaradıcılığı ölməzdir, sənəti unudulmazdır.
Dövlət Film Fondu