“Biz” sənədli filminin təqdimat mərasimi

İyunun 26-da – Azərbaycan Silahlı Qüvvələri Günündə Heydər Əliyev Sarayında “Biz” tarixi-sənədli filminin təqdimat mərasimi keçirildi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə istehsal etdiyi ekran əsəri Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Zəfərinə həsr olunub.

Filmin premyerasında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın başçılıq etdiyi nümayəndə heyəti, Müdafiə Nazirliyinin müxtəlif qoşun növlərini təmsil edən hərbçilər, o cümlədən Türkiyə, Rusiya və Avropanın aparıcı kino mütəxəssisləri iştirak edirdilər.

İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərimizi təbrik etdi. Bildirdi ki, ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır: “Buna görə də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qüdrətli Ordumuza təşəkkür edirəm. Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Bu gün Şuşamızda bayram keçiririk, işğaldan azad olunmuş şəhərlərimizdə quruculuq işləri aparılır. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə daim bizlərin yanında oldu, həm mənəvi, həm siyasi, həm də informasiya dəstəyi göstərdi. Bir daha bu dəstəyə görə qardaş Türkiyə Respublikasına təşəkkürümü bildirirəm. Bundan sonra bu qardaşlıq daha da möhkəmlənəcək. Hamı bilməlidir ki, artıq iki qardaş dövlətin əməkdaşlığı Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə – müttəfiqliyə çatıb”.

Anar Kərimov qeyd etdi ki, döyüş meydanın savaşımız bitsə də, diplomatik səviyyədə və mədəniyyət sahəsində mübarizəmiz hələ davam edir: “Biz bu savaşda da qalib gəlməliyik. Mədəniyyət sahəsində də gücümüzü, qardaşlığımızı bütün dünyaya elan etməliyik”.

Nazir çıxışının sonunda filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Bakı Media Mərkəzinə minnətdarlığını bildirdi.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan ilk olaraq Silahlı Qüvvələr Günü münasibətilə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun təbriklərini çatdırdı. Bildirdi ki, Türkiyə həmişə olduğu kimi, bu gün də qardaş Azərbaycanın yanındadır: “Türkiyənin tanınmış şairi Namiq Kamal “Vətən mahnısı” şeirində belə deyirdi: “Əcdadımızın heybəti mərufi-cahandır, Fitrət dəyişir sanma, bu qan yenə o qandır!”. Biz bundan sonra Qarabağ Zəfəri şeirini yazacağıq ki, oxunsun, musiqisini ifa edəcəyik ki, dinlənilsin, filmini çəkəcəyik ki, izlənilsin. Bu sadaladıqlarım ən az Zəfər qədər önəmlidir. Belə ki, Qələbəni ordular qazanır, ancaq bütün zəfərləri mədəniyyət, sənət, şeir və şüur yaşadır. Yaşasın əsgərlərimiz, şeirlərimiz, birliyimiz.

Şanlı Vətən, Şanlı Vətən,

Azərbaycan, Azərbaycan, Azərbaycan!”.

Qardaş Azərbaycana əmin-amanlıq və firavanlıq arzulayıram”.

Daha sonra “Biz” filminin yaradıcı heyəti səhnəyə dəvət olundu. Filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev ekran əsəri haqqında məlumat verdi. Qeyd etdi ki, filmdə Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi qələbədə oynadığı rol göstərilir: “Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi-psixoloji ruh yüksəkliyi, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb. Filmdə eyni zamanda müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə də yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri danışırlar”.

Filmin adına da diqqət çəkən Orman Əliyev söylədi ki, Azərbaycan Ordusu Vətən müharibəsində qalib gəlməklə öz gücünü və imkanlarını bütün dünyaya nümayiş etdirdi. Bu həm də Azərbaycan insanının – yəni bizlərin gücü idi. Hər bir azərbaycanlı mən yox, məhz “biz” deyərək ümumi Qələbədə öz tarixi rolunu oynadı.

Sonda “Biz” tarixi-sənədli filmi nümayiş olundu.

Qeyd edək ki, filmin prodüseri C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçısı isə Əsgər Rəhimovdur.