Festivalın ikinci günü – 19 sentyabr Ü.Hacıbəyli adına BMA nəzdində Opera Studiyasının səhnəsində görkəmli baletmeyster, Azərbaycan Respublikasının xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş “Balet, ömrüm mənim” sənədli filminin nümayişi baş tutdu. “Dublyaj” studiyasında çəkilən bu sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi musiqişünas Rəhilə Abbasova, operatorları Emin Hüseynov və Elgün Nuriyev, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.
Filmin nümayişindən əvvəl Rəhilə Abbasova çıxış edərək, filmin ideyası, çəkiliş prosesi və bu yaradıcı işdən alınan təəssüratlarını bölüşdü.
“Balet, ömrüm mənim” filmi Azərbaycan balet sənətinin müasir ənənələrinin təməl daşlarını qoymuş iki görkəmli sənətkar və ustad – Rəfiqə Axundova ilə Maqsud Məmmədovun həyat və yaradıcılıq yolunu işıqlandırır. Hər iki artistin uşaqlıq çağları, musiqi və balet təhsili, ilk müəllimlər və tamaşalar, müxtəlif illərdə çalışıb birlikdə işlədikləri baletlər – “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Babək”, “Muğam”, “Xəzər balladası” balet tamaşalarından söz açılıb fraqmentlər göstərildi. Azərbaycan balet sənətinin görkəmli və parlaq ulduz alyansını təşkil edən bu artistlərin sənət dostları, həmkarları – Qara Qarayev, Vladimir Vasilyev, Yuri Qriqoroviç, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, Yaroslav Sex, yazıçı Anar, xalq rəssamı Tahir Salahov, xalq artistləri – dirijor Rauf Abdullayev, müğənni Fidan Qasımova və digər həmkarların ürək sözləri səsləndi.
Böyük maraqla və səmimi alqışlarla qarşılanan bu film festivalın balet sənətimizə dərin ehtiramla səslənən bir ithafı oldu.