Süsən Məcidova – 105

İctimaiyyətin diqqətində olan aktyorluq peşəsinin dövrün tərəqqisi istiqamətində,  maarifləndirmək kimi əhəmiyyətli məsələlərdə rolu böyükdür. Sənətin qəbul edilmədiyi vaxtlarda belə məsləyini köhnəliyin, geridəqalmışlığın ifşasına yönəldən, peşəsinə canı-qanı bahasına sarılan cəfakeşlər üçün sənət daim müqəddəsdir, ucadır.  

Respublikanın əməkdar artisti, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olan Süsən Məcidova da sənətin qəbul edilmədiyi bir dövrdə, aktyorların ölümlə hədələnib, daşa basıldığı bir dönəmdə səhnəyə çıxıb. Bacarığı, istedadı, məsləyinə olan böyük sevgisi sayəsində addım-addım irəliləyib, pillə-pillə sənət zirvəsinə qalxıb. Teatrda, kinoda yaradıcılıq taleyinə düşən epizod rollardan belə imtina etməyib, hər bir personajını inandırıcı, yaşarı təqdim edib, yaradıcılığını yaddaşlara yazıb. Elə buna görə də fərdi dəst-xəttinə görə seçilən xarakterik rollar ifaçısının anadan olmasının 105-ci (14.10.1916-24.06.1985) ildönümündə xatirəsini əziz tutur, sənət dünyasına nəzər salırıq. 

Bir payız günündə, 1916-cı ilin 14 oktyabr tarixində Bakıda dünyaya göz açan  Süsən Məcidova sənətə, səhnəyə hələ kiçik yaşlarından həvəs göstərib. İbtidai təhsili dördillik olmasına baxmayaraq, ədəbi əsərləri qavramaqda çətinlik çəkmədən səhnəyə çıxıb, 1929-cu ildə ilk dəfə dram dərnəyində çıxış edib. Bir müddət sonra Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda çıxış edib. Sənətin əhəmiyyətini, dəyərini dərindən bildiyindən ömrünün sonuna qədər 1933-cü ildən qədəm qoyduğu Gənc Tamaşaçılar Teatrına sadiq qalıb, teatrın aparıcı aktrisalarından biri kimi tanınıb, sevilib.  

Xarakterik rollar ifaçısı kimi tanınan Süsən Məcidova tez bir zamanda filmlərə dəvət alıb, 1955-ci ildə iki filmdə (“Bəxtiyar”, “Görüş”) çəkilib. Bundan sonra ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində maraqlı rollar yaradıb, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Anlamaq istəyirəm” kinodramında Bikə, “Əmək və qızılgül” kinodramında Sürəyya, “Günlərin bir günü…” filmində Mirvari, “Həyat bizi sınayır”da Sadıqın arvadı, “O qızı tapın” detektiv dramında Səyyarə, “Tütək səsi” müharibə dramında Suğra xala,  “Sən niyə susursan?” dram-macəra filmində Bəbirin yanında işləyən qadın, “Şir evdən getdi” filmində nənə, “Telefonçu qız” məhəbbət dramında Səlminaz, “Tənha narın nağılı” dramında Bəyxanım və digər filmlərdə yaddaqalan obrazlar oynayıb. Ekran obrazlarının çoxu kiçikplanlı olsa da, aktrisa potensialı çərçivəsində rolun həyat durumuna və psixologiyasına uyğun şəkildə personajları inandırıcı təqdim etməyə nail olub. 

Aktrisanın bir neçə kino obrazlarını xatırlayaq: “Bizim Cəbiş müəllim” filminin ilkin kadrlarında filmin baş qəhrəmanı Cəbiş müəllimlə həyat yoldaşı arasında olan dialoqun təfsirində Makedonun anasının obrazlara olan münasibətini görür, aktrisanın dialoqunda Cəbiş müəllimin (mülayim) və həyat yoldaşının (tələbkar) xüsusiyyətlərini öyrənirik. Keçid xarakterli dinamik hadisələrin fonunda köməkçi personajdan aldığımız məlumat tamaşaçını qismən də olsa, hadisələrin məğzi, personajların qarşılıqlı münasibətləri ilə tanış edir. Aktrisanın rola səmimi yanaşma üslubu, rolun xarakterinə uyğun danışması, dövr hadisələrinə və xarakterlərə münasibəti rolu inandırıcı çatdırmasına imkan verir.

“Yeddi oğul istərəm” tarixi-inqilabi dramında əks olunan həyat həqiqətlərinin məzmunu yaradıcı heyətin peşəkar ifası zəminində açılır, tamaşaçıda dərin təəssürat yaradır, yaxın keçmişin sakinlərini müasirimizə çevirir, realist obrazlar hadisələrin şərhinə rəvac verir. Filmin ilkin kadrlarında kəndə daxil olan komsomolçuları qarşılayan Qəqəninin anası atlıları kənddəki mövcud vəziyyətlə tanış edir, onları məlumatlandırır. Çağırılmamış qonaqları qorxaraq izləyən digər kəndlilərdən fərqli olaraq, qadının təlaş içində onlara yaxınlaşıb həyat yoldaşının qisasını istəməsi Gəray bəyin zülm və qırğınından sakinlərin təngə gəldiyini göstərir, kənddəki gərgin hadisələri şərh edir. Aktrisanın səmimi jestləri, rolun mövqeyindən yaranan vəziyyətə uyğunlaşdırdığı davranışı ekran personajlarını filmlərin aparıcı rol səviyyəsinə qaldırır, hadisələrin axıcılığına səbəb olur.

Yaradıcılıq duyumu güclü olan Süsən xanım Azərbaycan kinosunda 30-a yaxın müxtəlif janrlı filmdə fərqli xarakterlər yaradıb, eyni zamanda xarici və yerli filmlərin səsləndirilməsində yaxından iştirak (“Gün keçdi” – nənə, “Uşaqlığın son gecəsi” – nənə və s.) edib.

Süsən Məcidova fərdi xarakterindən rollarına pay bölür, onları xüsusi məhəbbət, sevgi ilə yaradırdı. Aktrisanın “Görüş” kinokomediyasındakı Səlminaz obrazı ümumiləşdirdiyi tipik qadın surətlərindən biridir. Zəhmətkeş manqa başçısı, qayğıkeş və tələbkar ana Səlminaz öhdəliyə götürdüyü böyük bir pambıq sahəsinə başçılıq edir. Oğlu Ənvər onunla birgə pambıqyığan maşını ilə sahədədir. Maşını xarab olan Ənvər onu düzəltmək üçün çilingər çağırır. Çilingər isə kənd sakinlərinin meşşan, tənbəl kimi tanıdığı Kamildir. İşin yarımçıq qalmasından nigaran olan ana həm də pambıqyığan maşını idarə edən oğlunun səriştəsizliyindən narahatdır. Kamilin çilingər kimi köməyə gəlməsi isə manqa başçısının narahatlığını daha da artırır, durmadan deyinməsinə səbəb olur. Kamilin tez bir zamanda maşını düzəltməsindən sonra isə oğlunun peşə təcrübəsinin artması üçün onun köməyinə ehtiyacı olduğunu deyir, Ənvərə kömək etməsini istəyir. Kiçikplanlı rolun xarakterini, daxili nigaranlığını hadisələrə uyğun şəkildə, xarakterik cizgilərlə təqdim edən aktrisa, fərqli rolların səciyyəvi cəhətlərinin açılmasına, hadisələrin mahiyyətinin çatdırılmasına daim imkan yaradıb, səbəb olub.

Aktrisanın “Bir cənub şəhərində” filmində canlandırdığı Mənsurə obrazı da (fotoda) yaşarıdır, ifadəlidir. Mənsurə qonşuda olan toy mərasimini izləyərək həsəd çəkir, övladlarının ailə qurmasını arzulayır. Lakin oğlu Muradın jurnalist qız Rənaya aşiq olduğunu biləndə qayınana olma istəyi alt-üst olur. Hətta bu nikah baş tutarsa, ürəyinin partlamasına səbəb olacağını söyləyərək tüğyan etməkdən çəkinmir. Köhnəlmiş, pas atmış düşüncələrin heç bir əsas olmadan ailə daxilində saldığı nifaq, narazılıq sadə, lakin avam düşüncəli ev qadınının məntiqsiz münasibətində göstərilir, ictimai qınaq fobiyası kimi təqdim olunur.  

İstedadlı aktrisa, unudulmaz teatr, kino aktrisası Süsən Məcidovanın bu və ya digər filmlərdəki rollarına dəqiq yanaşma üslubu, fərdi sənət düşüncəsi, yozumu müxtəlif dövr insanlarının xarakterlərini çözməyə, ekran əsərlərinin məzmununu dəqiq şərh etməyə imkan verib, ekran əsərlərinin inandırıcı təsir bağışlamasına səbəb olub. Sənətdə göstərdiyi peşəkarlığa, böyük sənət sevgisinə görə də sənətsevərlərin qəlbində, yaddaşında iz salıb, əziz xatirəsi hörmətlə anılıb.

Dövlət Film Fondu