Danılmaz həqiqətdir ki, incəsənət aləminə daxili dünyası təlatümlü olan, qəliz həyat hadisələrini, mürəkkəb insan münasibətlərini dərin düşüncələrindən, incə ruhundan keçirən, təhlil edən insanlar biganə qalmır, həyata olan fərqli baxışlarını, düşüncələrini yaradıcılıqlarına yansıdır, yaddaşlara yazır, xatirələrdə əbədiləşirlər. Azərbaycanın istedadlı teatr rejissoru, kino aktyoru, görkəmli pedaqoq Nəsir Sadıqzadə də həm şəxsi həyat mövqeyinə, həm də yüksək sənətkarlıq xüsusiyyətlərinə görə tanınan, sevilən sənət xadimlərimizdəndir. Zəngin sənət təcrübəsinə, dərin biliyə malik sənətkar zəhmət və bacarığı sayəsində teatr mühiti, həmçinin sənətsevərlər tərəfindən hörmət qazanıb, nüfuz sahibi olub. Müsbət şəxsi keyfiyyətlərinə, mənalı həyat yoluna görə də yoxluğunda belə hörmətlə anılıb, xatırlanıb. Ustad sənətkarı anadan olmasının 95-ci ildönümündə (18.10.1926 – 27.11.1996) xatirəsini əziz tutur, böyük hörmət və ehtiramla yad edir, yaradıcılıq yoluna qısa nəzər salırıq.
Nəsir Müseyib oğlu Sadıqzadə 1926-cı il oktyabrın 18-də incəsənətin beşiyi olan, Azərbaycanın qədim, gözəl şəhəri Şuşada anadan olub. Qarabağın müdhiş gözəlliyində böyüyən, təmiz havasını, şəffaf suyunu içən, təbiət gözəlliklərini ciyərlərinə çəkən, istedadlı insanlarının əhatəsində boya-başa çatan Nəsir Sadıqzadə üçün aydın məsələdir ki, sənət meyarı hələ kiçik yaşlarından bəlli olub, onun sehrkar aləmindən yan keçə bilməyib. Orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Bununla yanaşı, sənətə olan böyük sevgisinə görə 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Təhsilini başa vurduqdan sonra paytaxt teatrları ilə yanaşı, bölgə teatrlarında da fəaliyyət göstərib.
Yaradıcılığının ilkin mərhələsindən peşəkarlıq nümayiş etdirən rejissor istedad və bacarığına görə teatr ictimaiyyətinin, həmçinin sənətsevərlərin diqqətini çəkib. 1965-1966-cı illərdə Gəncə Dövlət Dram Teatrında baş rejissor, 1970-1973-cü illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rejissor işləyib. Həmçinin, müxtəlif illərdə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor kimi fəaliyyət göstərib. Yerli və xarici dramaturqların pyes və dram əsərlərinə fərdi yaradıcılıq metoduna xas olan fərqli quruluşlar verib. Klassik əsərləri yeni üslubda, fərqli metodda səhnələşdirən rejissor ədəbi əsərlərin məzmununa səmimi quruluşları ilə rəng qatıb, əlvanlaşdırıb, tamaşaçıya yaxın edib, tamaşaların uğurlu həllinə, məzmunlu, maraqlı quruluşlarına nail olub, sevdirib, koloritli yaradıcılığı ilə teatrın repertuarının zənginləşməsinə imkan yaradıb.
Milli teatr tariximizdə özünəməxsus yeri olan, mütaliəni həyatının ayrılmaz hissəsi bilən Nəsir müəllim həmçinin uzun illər (30 ildən çox müddət ərzində) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik edib, özünəməxsus sənət metodunu, bilik və bacarığını böyük şövqlə tələbələrinə tədris edib, yeniləşən gənc aktyor nəslinə doğru sənət istiqaməti verib. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan teatr, kino sənətində uğurlu yaradıcılıq nümayiş etdirən, dəyərli sənət nümunələri yaradan peşəkarların (xalq artistləri Azər Paşa Nemətov, Hacı İsmayılov, Məmməd Səfa, əməkdar artistlər Elman Rəfiyev, Firdovsi Atakişiyev, Ayşad Məmmədov, aktrisa Zemfira Əbdülsəmədova, rejissor Rövşən İsax və b.) bir çoxu məhz Nəsir müəllimin yetirmələridir.
Nəsir Sadıqzadənin dərin sənət təcrübəsi, bilik və bacarığı “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərdə də əksini tapıb. İlk dəfə “Mən ki gözəl deyildim” filmində ikinci rejissor kimi çalışan sənət bilicisi növbəti mərhələlərdə rejissor kürsüsündə oturmasa da, geniş potensiala, fərqli sənət taktikasına malik olduğunu aktyor yaradıcılığında sübut edib. Müxtəlif janrlı filmlərdə kiçikplanlı rol iştirakçısı kimi çıxış edən aktyorun kinoda debüt rolu kinorejissor Oqtay Mir-Qasımın çəkdiyi “Şeytan göz qabağında” filmində mehmanxana müdiri obrazıdır. Bundan sonra “Qətl günü” filmində Muxtar Kərimli, “Zirzəmi”də Ata Kats, “Bəxt üzüyü” kinokomediyasında Tanrıbəy, “Qəzəlxan” kinodramında müştəri, “Qara “Volqa”” detektiv dramında Paxan, “Həm ziyarət, həm ticarət” filmində türk satıcı rollarına çəkilib.
Müxtəlif rolların xarakter və psixologiyasını mövzuya, həmçinin hadisələrin şərtinə uyğun təqdim edən Nəsir Sadıqzadə sənət nəzəriyyəsini dəqiq bildiyindən ekran obrazlarının həyat mövqeyini dəqiq ştrixlərlə təqdim edir, dialoq və monoloqları inandırıcı çatdırır, sərbəst, səmimi yaradıcılığı fonunda ekran personajının real alınmasına zəmin yaradırdı. Aktyorun təkcə “Bəxt üzüyü” kinokomediyasındakı Tanrıbəy obrazının adını qeyd etmək kifayət edir ki, janrın təbiətinə müvafiq olaraq, vəziyyətdən yaranan komik situasiyanı necə dərindən yaşadığını, duyaraqdan təqdim etdiyini xatırlayaq, gülümsəyərək, alqışlayaq.
Aktyorun digər ekran personajlarından fərqli olaraq bir qədər genişplanlı olan rolun xarakterik cəhətləri, həyat hekayəsi personajın baməzə, ironik, bəzən də sadəlövh ifadələrində təcəssümünü tapıb. Tanrıbəyin həyat və insanlar haqqındakı müdrik düşüncələrinin istəmədiyi halda belə gülüş doğuran situasiyada paradoks təşkil etdiyini, vacib olan yüksək (dostluq, mehribanlıq, əməlisalehlik və s.) dəyərlərin, xüsusiyyətlərin bəzi məqamlarda cılızlaşdığını, yoxa çıxdığını görür, gülüş doğuran hadisələr içində daxili təlaşı-təlatümü ilə baş-başa qalan kamil insanın yalnızlığına acıyır, qarşılaşdığı haqsız insanların (qonşularının) cahilliyinə gülərək düşünür, təəssüflənirik. Əsasını humanist fikirlər, insanlığa hörmət, insan əməyinə məhəbbət, ailəyə, dostluğa sədaqət təşkil edən “Bəxt üzüyü” kinokomediyasına uğurlu ekran taleyi bəxş edən əsas amillərdən biri də Nəsir Sadıqzadə kimi sənət bilicilərinin rolun mövqeyini həssaslıqla tanıtması, personajların xarakterik cizgilərini, psixologiyalarını zərgər dəqiqliyi ilə çatdırmasıdır. Digər ekran rollarının uğuru haqqında uzun-uzadı bəhs edə biləcəyimiz, Azərbaycan teatr, kino sənətində fərqli yaradıcılığına, müsbət insani keyfiyyətinə görə seçilən, qəlblərdə iz qoyan Nəsir Sadıqzadə imzası məhz bu mənada əzizdir, qiymətlidir, yaddaqalandır. Allah ona rəhmət eləsin.
Dövlət Film Fondu