Süleyman Əhmədov – 75

Kino kollektiv sənət növüdür. Danılmaz həqiqətdir ki, bir filmin ərsəyə gəlməsində onlarla insan ixtisaslaşdığı sahə üzrə istedad və bacarığını ortaya qoyur, illərin təcrübəsini, bilik və bacarığını maraqlı iş əmsalına çevirir, milyonlara təqdim edir. Kinoda çalışan mühüm peşə sahiblərindən biri də filmlərdə rejissor köməkçisi kimi fəaliyyət göstərən, əsasən də titrlərdən (quruluşçu deyil) rejissor kimi tanıdığımız ikinci rejissorlardır. Bir çox filmin istehsalında ikinci rejissor kimi çalışan, işinin öhdəsindən bacarıqla gələn tanınmış kinorejissor Süleyman Əhmədov da kinostudiyada çalışdığı müddət ərzində həmkarlarının və sənət dostlarının rəğbətini qazanmış, istedadlı sənət sahibi kimi tanınmışdır.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-a yaxın filmdə ikinci rejissor kimi işləyən Süleyman Əhmədovun anadan  olmasının (19.10.1946-02.08.2004) 75-ci ildönümündə Allahdan ona rəhmət diləyir, fürsətdən istifadə edib həyat yoluna, sənət missiyasına qısa nəzər salırıq.

Süleyman Əhmədov 1946-cı il 19 oktyabr tarixində Azərbaycanın Mingəçevir şəhərində anadan olub. Sənətə olan marağına görə sənədlərini Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) verib, ali təhsil ocağının aktyorluq fakültəsini bitirib (1971-1976). İnstitutda oxuduğu illərdə (1972–1974) Gənc Tamaşaçılar teatrında aktyor kimi də işləyib. 1975-ci ildən ildən isə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərməyə başlayıb.

“Şir evdən getdi” (1977), “Qayınana” (1978) filmərində peşəkar kinorejissorlarla olan iş birliyində bacarığını təsdiqlədikdən sonra uğurlu ekran əsərlərində, həmçinin “Sevinc buxtası”, “Gözlə məni”, “Üzeyir ömrü”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Sahilsiz gecə”, “O dünyadan salam”, “Etiraf”, “Fəryad”, “Həm ziyarət, həm ticarət…”, “Güllələnmə təxirə salınır!..”,  “Məkanın melodiyası” və digər filmərdə ikinci rejissor kimi çalışıb. “Arxada qalmış gələcək” filminin hazırlıq proseslərində iştirak edib. Filmin quruluşçu rejissoru Rüfət Əsədovun həmkarı haqqındakı fikirlərini məqaləyə əlavə edirik: “Süleyman Əhmədovu işgüzar həmkar kimi xatırlayıram. O, quruluş verdiyim filmin ancaq hazırlıq prosesində işləyə bildi. Çünki az müddət sonra eşitdik ki, rəhmətə gedib. Çox işgüzar insan idi. Təəssüf ki, onunla çox işləmək imkanım olmadı. Amma bacarıqlı kino xadimi kimi xatirimdə iz salıb. Allahdan ona rəhmət diləyirəm.”

Kinonun müxtəlif sahələrində istedadını təsdiqləyən Süleyman Əhmədov  bədii fimlərdə çalışmaqla yanaşı, Bakı metropoliteninin 20 və 30 illiyinə həsr olunan “Bakı metrosu” filmlərini və Azərbaycan rabitə sisteminin 80 illiyinə həsr etdiyi “Azərbaycanda rabitənin inkişaf yolları və tərəqqisi” sənədli filmini müstəqil olaraq ekranlaşdırdı. Peşəsini sevən, bacarığına görə rejissorların diqqətini çəkən kino bilicisi yeri gəldikcə filmlərdə aktyor kimi də potensialını təsdiqləməyə imkan tapdı. Bir neçə filmdə, o cümlədən, “Şahid qız” filmində leytenant, “Alman klinikasına şəxsi səfər”də fabrik işçisi, “Qətl günü” kinodramında Sarıca oğlu Məhəmməd,  “Qara “Volqa””da Əbdülxalıq, “Kölgədə 40 dərəcə isti” filmində Mirpaşa, “Ümid” dramında qapıçı, “Son döyüş” macəra filmində Paxan rollarını inandırıcı, personajların xarakter və psixologiyasına uyğun şəkildə ifa etdi.

“Şirbalanın məhəbbəti” (1991) musiqili kinokomediyasında ikinci rejissor kimi çalışan kinorejissor Şamil Əliyev sözügedən filmdə çalışan həmkarı haqqında bildirdi ki, “Şirbalanın məhəbbəti” filmində Süleyman Əhmədovla birlikdə ikinci rejissor kimi çalışırdıq. Tale belə gətirdi ki, mənim quruluş verdiyim “Etiraf” (1992) filmində də o, ikinci rejissor kimi işlədi. İşini ustalıqla həyata keçirən, bacarıqlı kino işçisi və çox səmimi, mehriban insan idi. Onunla işləmək çox rahat idi. Onu maraqlı iş prinsipi olan kinorejissor və səmimi insan kimi xatırlayıram.”

İnsan həyatda bilik və bacarığı ilə seçilir, əməli, nümunəvi davranışı ilə də yadda qalır. Sevgi ilə sarıldığı peşəsinə olan dərin məhəbbətini yaradıcılığına yansıdan, kino sənətimizin inkişafına fərdi istedadı ilə təkan verən, insanlara xoş rəftarına görə isə hörmətlə xatırlanan Süleyman Əhmədovun xatirəsi məhz bu mənada onu tanıyanlar, sevənlər üçün əzizdir, doğmadır. Allah ona rəhmət eləsin.

Dövlət Film Fondu