Nəcibə Məlikova – 100

Azərbaycan kinosununun sevilən simalarından biri də Respublikanın xalq artisti, istedadlı teatr, kino aktrisası Nəcibə Məlikovadır. Gənc yaşlarından sənətə böyük maraq göstərən, 40-cı illərin əvvəllərindən sənətə (1940-1943) gələn aktrisanın yaradıcılığının uğurunu əzmkarlığına, iradəsinə, həmçinin dövrü üçün önəmli olan cəsarətinə hesablamaq olar. Nəcibə Məlikovanın sənət uğuru, eləcə də yaradıcılığındakı örnək timsallı azərbaycanlı qadınının surətlərinin təsdiqi, sənətin ali təqdimatı, həyat məsələlərinin teatr, kino vasitəsilə həllini tapmasının məntiqli sübutudur. 100 illik yubileyi günü unudulmaz sənətkarımızın əziz xatirəsini böyük hörmətlə anır, yaradıcılıq yoluna qısa nəzər salırıq.

Nəcibə Məlikovanın ilk sənət müəllimi (M.F. Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində) Respublikanın xalq artisti Fatma Qədri olub. Hələ tələbəlik dövründə “1905-ci ildə” (C. Cabbarlı), “Dağılan tifaq” (Ə. Haqverdiyev) tamaşalarında oynadığı maraqlı rolları ilə müəllim və tələbə heyətinin hörmətini qazanıb. Texnikumu bitirəndən sonra öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə başlayan aktrisa çox keçmir ki, ali təhsil almaq məqsədilə Bakıya qayıb. Burada yenicə təşkil olunan Teatr İnstitutuna daxil olub. Görkəmli teatr xadimlərindən Adil İsgəndərovdan, Rza Təhmasibdən, Kazım Ziyadan sənət sirlərini öyrənib. 1952-ci ildən etibarən Milli Dram Teatrında çalışmağa başlayıb. Filmlərə çəkildiyindən teatr fəaliyyətində qısa fasilələr yaransa da, ömrünün sonunadək Akademik teatrda çalışıb. Teatrın səhnəsində dramatik rollarla yanaşı komik obrazlar da yaradıb. “Əliqulu evlənir” (Sabit Rəhman) tamaşasında Yasəmən, “Əcəb işə düşdük”də (Şıxəli Qurbanov) Məlahət, “Lənkəran xanının vəziri”ndə (M.F. Axundzadə) Şölə xanım və Ziba xanım, eləcə də teatrda səhnələşdirilən bir sıra tamaşalarda maraqlı rollar oynayıb. Bu mənada, aktrisanın teatral fəaliyyətinin uğurunu izlədikcə kino obrazlarının qalibiyyət qaynağının mənbəyini görürük.

Dramatik obrazlarla yanaşı, həmçinin komediya janrlı tamaşalarda uğur qazanan aktrisanın ən böyük nailiyyəti teatrın səhnəsində əldə etdiyi tamaşaçı sevgisini kinoda da təsdiqləməsi  oldu. Aktrisaya məhşurluğu daha çox kino obrazları qazandırdı. Azərbaycan kinosunda 10 filmdə irili-xırdalı rol yaradan Nəcibə xanım kiçik obrazını belə yaddaşlara yazdı, ekran personajlarını kino ictimaiyyətinə sevdirdi.

Azərbaycan kinosunda debüt rolu Xədicə olan (“Fətəli xan” filmində) aktrisa sonralar bir-birinin ardınca kinostudiyanın istehsal etdiyi “Bakının işıqları” filmində Mirvarid, “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Leyli və Məcnun”da Səlimə, “Əhməd haradadır?” kinokomediyasında Nərgiz xala, “Arşın mal alan” musiqili kinokomediyasında Cahan xala, “Qanun naminə” kinodramında Zərrintac, “Üzeyir ömrü” bədii filmində Xurşidbanu Natəvan rollarını yaradıb.

Ekran hadisələrindəki həyat şərtlərini əsas götürərkən aktrisanın yaradıcılığına yansıtdığı başlıca bədii üslub demək olar ki, həzin, kövrək lirizmdən ibarətdir. Bu kimi xüsusiyyətlər Nəcibə xanımın fərdi keyfiyyətinin təcəssümü idi ki, ekran obrazları yaşarı, emosional, orijinal və inandırıcı alınırdı. Bu mənada milyonlarla tamaşaçının ekran personajlarına istinadən məlahətli, nəcib xüsusiyyətli aktrisa kimi qəbul etdiyi Nəcibə xanımın yaradıcılığını romantik üslub adlandıra bilərik. Məsələn, aktrisanın ilk rolu olan Xədicə obrazı sözsüz olsa da, jest və baxışlar vasitəsilə emosiya və lirizmdən maksimum dərəcədə istifadə edərək rolun istək və məqsədini çatdırdığını görürük. Bu kimi jestlər personajın həyat mövqeyindən irəli gələn səbəblərdən qaynaqlansa da, hər halda aktrisanın yaradıcılığının əsasını başlanğıcdan emosional, romantik səpkidə təsdiqlədi.

1960-cı ildə xalq şairi Səməd Vurğunun “Aygün” poeması əsasında rejissor Kamil Rüstəmbəyovun çəkdiyi ilk bədii-televiziya filmi olan “Aygün” filmi ekranlara çıxanda filmin milyonlar tərəfindən sevilmə səbəblərindən ən başlıcası aktrisanın vəziyyətə uyğunlaşdırdığı məntiqi məqamları emosional ifa ilə (səmimiyyətlə) tamaşaçıya yaşarı çatdırması idi. Az aktyorlu filmin məna kəsərini (vizual səpkidə) artıran, vacib amillərdən biri də əsərin (filmin) qəhrəmanı Aygünün yeri gələndə mülayim, qayğıkeş, lazımi məqamda isə sərt, iddialı xüsusiyyətlərini danışıq və jestlərin vəhdətində təqdim etməsidir. Təvazökarlıqla iddialılığın, sevgi ilə nifrətin paradoksal şərhi obrazlı təfəkkürün təcəssümüdür. Ekrandan asan görünən duyğuların təzahürünün analoqu isə, tipik keyfiyyət daşıyıcılarının mühüm əhəmiyyət kəsb edən cəhətlərini görüb təhlil etmək, sənət texnikası və biliciliyi vasitəsilə ekranda vacib hadisəyə çevirmək, çatdırmaqdır. Ekran obrazlarının davranış, düşüncə tərzini peşəkarlıqla duyub milyonlara sevdirmək isə kinoda xarakterlər toplusu yaratmaq deməkdir.

Görkəmli kinorejissor Lətif Səfərov “Leyli və Məcnun” (1961) filmini çəkərkən tərəddüdsüz Səlimə rolunu Nəcibə xanıma tapşırır. Səlimə onu dinləməyən, onunla hesablaşmayan Şeyx Haşiminin həyat yoldaşıdır. Qadın hüquqsuzluğunu anlayan ana qızı Leyliyə də zəmanəsinin qanunları ilə (sevgisiz həyat) yaşamağı məsləhət görür. Bununla belə qızının daxili iztirablarını da anlayır, ana kimi halına yanır. Ailədaxili dramatizmi nizamlamağa çalışan, mehriban ünsiyyət yarada, evinin hüzurunu qoruya bilməyən Səlimənin acınacaqlı vəziyyəti, daxili sarsıntıları qısa epizodlarda olsa belə tamaşaçıya tamlığı ilə bəlli olur. Nəcibə Məlikovanın rolun həyat mövqeyini dərindən duyub çatdırma məharəti filmin baxımlılığını artırır, tamaşaçının orta əsr hadisələrinin vizual şərhini heyranlıqla izləməsinə imkan yaradır.

Nəcibə Məlikovanın sənəti dövlət tərəfindən də yüksək qiymətləndirilib, 1959-cu ildə Respublikanın əməkdar, 1974-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisanın Milli Dram Teatrının səhnəsində ifa etdiyi komik rolları sonralar kinokomediyalarda yaratdığı obrazların da yaşarı alınmasına kömək etdi. Belə ki, görkəmli teatr rejissoru, kino aktyoru Adil İsgəndərovun çəkdiyi “Əhməd haradadır?” (1963) filmindəki Nərgiz xala obrazı sadə süjetli filmin yaradıcı heyətinin ideya-bədii prinsiplərini doğrultmasına səbəb yaratdı. Filmin çəkilməsindən yarım əsrdən çox keçməsinə baxmayaraq, insanlığa, xeyirxahlığa dair mühüm mesajlar verməsinə, yüksək mənəvi dəyərləri təbliğ etməsinə görə bütün zamanlar üçün dəyərlidir, baxımlıdır.

Bəzən peşəkarların dəqiq hədəfə aldığı səmimi gülüşü ciddiliklə (məntiq etibarı ilə) izləyir, komik situasiyalarda baş verən (mübaliğəli) hadisələrin mahiyyətini tədricən anlayır, anladıqca gülür, güldükcə düşünürük. Deməli, məzmunlu, koloritli gülüş komik  hadisələrin spesifik vasitəsi, estetik münasibətlərin məzmunlu ifadəsidir. Bu mənada Nərgiz xalanın sadə və səmimi ifasının yaratdığı gülüş dövrünün anormal xüsusiyyətli insanlarının cahil cəhətlərinə qarşı hayqıran, antipod və meşşan cəhətli tiplərin məzəli cəhətlərini incə ştrixlərlə qınayan gülüşdür.

Onun səhnədən, ekrandan görünən xəfif gülüşü, zərif davranışı, insansevər xüsusiyyəti xoş münasibətlərin vacibliyini təbliğ edirdi. Nəcib xüsusiyyətlərini rollarına yansıdan Nəcibə xanım insanlara olan sevgisini sənəti vasitəsilə bildirir, adına yansıtdığı gözəl cəhətlərini yaradıcılığının fövqündə böyük məmnuniyyətlə insanlara çatdırırdı. Həyatda nümunəvi cəhətlərinə, sənətdəki peşəkarlığına görə də xalqın sevgisini qazanan Nəcibə Məlikovanın şəxsiyyəti və sənəti onun yoxluğunda belə dərin rəğbət hissi ilə anılır, böyük sevgi ilə xatırlanır.

Dövlət Film Fondu