Leyla Bədirbəylinin 100 illik yubileyi qeyd olundu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktrisası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı”na müvafiq olaraq təşkil olunub.

Qonaqlar teatrın foyesində təşkil olunmuş fotosərgi ilə tanış olublar. Nümayiş etdirilən fotoşəkillər aktrisanın yaradıcılıq yolunu, onun rollarını əks etdirir. Fotoşəkillər Azərbaycan Dövlət Teatr Muzeyinin arxivində qorunub saxlanılır.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Leyla Bədirbəylinin Azərbaycan teatr və kino sənətindəki xidmətlərindən danışdı. Qeyd olundu ki, aktrisanın ifa etdiyi parlaq rollar tamaşaçıların yaddaşında əbədi qalıb.

Sonra musiqi nömrələri və xoreoqrafik kompozisiyalar təqdim olundu. Tədbirdə Leyla Bədirbəylinin iştirakı ilə çəkilmiş filmlərdən fraqmentlər nümayiş etdirildi. Tanınmış aktyorların ifasında aktrisanın çıxış etdiyi teatr tamaşalarından parçalar göstərildi. Təsadüfi deyil ki, gecənin bədii hissəsi “Arşın mal alan”dan bir hissə ilə başladı. Leyla Bədirbəyli bu filmdə Gülçöhrə rolunu ifa etmişdir.

Tədbirin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olmuşdur.

Dövlət Film Fondu