Lütfi Məmmədbəyov – 95

Azərbaycan teatr, kino sənətinin inkişafında müstəsna xidməti olan sənətkarlarımızdan biri də görkəmli teatr, kino xadimi, Respublikanın Xalq artisti, aktyor, rejissor Lütfi Məmmədbəyovdur. Sənətə olan sevgisi sayəsində bilik və bacarığını hər bir imzasında təsdiqləyən, ustalıqla yaratdığı səhnə və ekran rollarından əlavə böyük aktyor nəsli yetişdirən pedaqoq sənətkarın anadan olmasının 95-ci ildönümündə (06.02.1927-01.02.2004) xatirəsini dərin hörmət və ehtiramla yad edirik, qısa da olsa həyat kitabının səhifələrini vərəqləyirik.

Lütfi Məmmədbəyov əslən şamaxılıdır. 1902-ci ildə baş vermiş Şamaxı zəlzələsindən sonra Məmmədbəyovlar nəsli ölkənin müxtəlif bölgələrində məskunlaşıb. Ata babası Cahangir bəy Məmmədbəyov Şamaxının sayılıb-seçilən bəylərindən olub. Amma çox maraqlıdır ki, bəy nəslindən olmasına baxmayaraq, Lütfi Məmmədbəyovun atası Şahbaz bəy komissar olduğu üçün bəylərə qarşı mübarizə aparıb. Sovet hökumətinin ilk illərində qolçomaqlara qarşı vuruşub.

Bir gün soyadı qara siyahıya düşən bir nəfəri həbs etmək məqsədi ilə Şahbaz  bəy həmin şəxsin  evinə gedir. Həyətdə bir qızla rastlaşır. Gülarə adlı bu qızı  götürüb Şamaxıya qaçır. Oradan da  Bakıya gəlib ailə qururlar. Gülarə xanım bir neçə ay sonra valideynlərini görmək üçün Ağdaşa gedir. 1927-ci ilin fevral ayının 6-da Lütfi Məmmədbəyov burada, ana babasının evində dünyaya göz açır. Bir neçə ildən sonra onun kiçik qardaşı Hamlet anadan olur.  

Atasını erkən yaşlarından itirən Lütfi Məmmədbəyov ailəyə kömək məqsədi ilə 14 yaşından işləməyə məcbur olub, Əmircandakı mədəniyyət evində səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb. Həmçinin, 1946-cı ildə Bakı Teatr Texnikumunun aktyorluq şöbəsini, 1968-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Uşaqlıq illərindən sənətə həvəs göstərən Məmmədbəyov səhnə fəaliyyətinə  Bakı Mərkəzi Pionerlər Sarayında başlayıb. Burada dram dərnəyinə rəhbərlik edib. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya teatrında işləyib (1947). Teatr müvəqqəti olaraq bağlandıqdan sonra Gənc  Tamaşaçılar Teatrının truppasına işə götürülüb (1949). Burada  görkəmli sənətkarlar Ağadadaş Qurbanov, Əliağa Ağayev, Firəngiz Şərifova, Yusif Vəliyev, Süleyman Ələsgərov kimi sənət biliciləri ilə birlikdə səhnəyə çıxıb, tərəf-müqabili olub. 1961-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət olunub, böyük səhnədə müxtəlif xarakterli rollar ifa etməklə yanaşı, rejissor kimi müxtəlif mövzulu əsərlərə də quruluş verib.

Gənc Tamaşaçılar Teatrında çalışarkən həmin illərdə Bakıda fəaliyyət göstərən 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik edib. 30 ildən sonra xalq teatrı statusu alan bu dərnəkdə o, Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirib. Lütfi müəllimin yetirmələri arasında istedad və bacarığı ilə xalqın rəğbətini qazanan sənətkarlardan Həsən Turabov, Yaşar Nuri, Rafiq Əzimov, Səyavuş Aslan, Tariyel Qasımov, Mərahim Fərzəlibəyov və digər peşəkarlar var.  Hətta bu xalq teatrı o qədər məşhurlaşıbmış ki, el arasında “Lütfi Məmmədbəyov teatrı” da adlandırılıb.

1953-1976-cı illərdə filmlərin Azərbaycan dilinə dublyaj olunmasında aktyor kimi iştrak edən Lütfi Məmmədbəyov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olmuş, pedaqoji fəaliyyəti müddətində gənclərə sənətin sirlərini öyrətmişdir.

Respublikamızda televiziya serialları çəkən ilk rejissor kimi Lütfi Məmmədbəyov ilk dəfə yazıçı-dramaturq Əlibala Hacızadənin “İtkin gəlin” əsəri əsasında on iki seriyalı filmə quruluş verib, altı seriyalı “Dodaqdan qəlbə”,   “Yağışdan sonra” televiziya seriallarını çəkib. Bundan başqa “Atayevlər ailəsi”, “Alov”, “Sarıköynəklə Valehin nağılı” və digər televiziya tamaşalarını teatrsevərlərin diqqətinə çatdırıb.

Lütfi Məmmədbəyovun kinoya gəlişi sənət ustalığının təsdiqi kimi bir daha gənc aktyorlara örnək oldu. Belə ki, kinoda debüt işi “Bəxtiyar” (1955) filmində Həbib obrazı olan aktyor bu fimdən sonra “O olmasın, bu olsun” kinokomediyasında Sərvərin dostu, “Qızmar günəş altında” filmində Xəlil, “Səhər” tarixi-inqilabi filmində Aslan, “Leyli və Məcnun” kinodramında qul, Sehrli xalat” nağıl-filmində Eynulla müəllim və başqa obrazları fərqli çalar, özünəməxsus manerada yaradıb.

Məsləyinə bütün qəlbi ilə bağlı olan, həyata baxışını, düşüncə və istəklərini sənətinə yansıdan, nümunəvi yaradıcılığı ilə Azərbaycan incəsənətinə böyük töhfələr verən Lütfi Məmmədbəyovun zəngin yaradıcılığı, insansevərliyi, tələbələrinə olan qayğı və diqqəti, mənalı ömür yolu örnəkdir, nümunədir.   

Azərbaycan incəsənətinin inkişafında böyük xidmətlər göstərən Lütfi Məmmədbəyov kimi sənətkarlar sənəti daim uca tutduğuna, dərin ziya və zəkasından yaradıcılığında milyonlara pay böldüyünə görə unudulmayacaq,  xatirəsi sənətsevərlər tərəfindən həmişə əziz tutulacaq, anılacaq.

Dövlət Film Fondu