Rafiq Quliyev – 65

Kino sənətini kinooperatorlarsız təsəvvür etmək mümkün deyil. Bu mənada həyat hadisələrini vizual ədəbiyyata çevirən kino operatorlarının fərdi yaradıcılıq üslubunun zənginliyi vacib, məslək məsuliyyəti mütləqdir.

Azərbaycan kinosunda özünəməxsus dəst-xəttinə görə sayılıb-seçilən kinooperatorlardan olan Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni laureatı Rafiq Quliyev də 50 ilə yaxındır ki, sevdiyi sənətinin fövqündə kino sənətinin həyat üçün vacibliyini vurğulayıb, imza atdığı hər bir işdə (operator kimi quruluş verdiyi) peşəkarlıq nümayiş etdirib, rejissor ideyalarını təsdiqləyib.

Fevral ayının 27-də sevimli sənətkarımız 65 yaşını (1957) qeyd edir. Fürsətdən istifadə edib müxtəlif janrlı ekran əsərlərini kinosevərlərə çatdıran, yaradıcılığını diqqətdə saxlayan kinomanı kinematoqrafçılar adından ürəkdən təbrik edir, cansağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayır, kino fəaliyyətinə qısa nəzər salırıq.

Həyatını bütünlüklə kinoya bağlayan Rafiq Quliyev “Azərbaycanfilm” kinostudiyasında 1975-ci ildən işləməyə başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, 1987-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Kinooperatorluq” fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Gənc Mixailin görüntüsü” (rejissor Mixail Kosırevlə birgə) adlı diplom filmi xüsusi diqqət çəkərək, Monreal Film Festivalında “Ən yaxşı film” və “Ən yaxşı fantaziya” mükafatlarına layiq görülüb. Festival rəhbərliyi tərəfindən “Tələbə Filmlərinin Ümumdünya Proqramı”na salınaraq London, Berlin, Rimini, eləcə də digər film festivallarında nümayiş olunub.

Yaradıcılıq filmoqrafiyasına 200-dən artıq film daxil olan operator daha çox sənədli kino çəkməklə yanaşı, 10-dan artıq müxtəlif janrlı bədii filmə müstəqil operator kimi quruluş verib.

“Səttar Bəhlulzadə” (1989), “Azadlığa gedən yollar” (1990; operatorlar qrupu), “Fövqəldünya və ya qəsdsiz məntiqi səhv” (1992; İsrafil Ağazadə və Nizami Abbasla birgə; Aşqabadda I Beynəlxalq “Gümüş Aypara” kinofestivalında Baş Mükafat və Diplom, 1993; Azərbaycan filmlərinin ikinci festival müsabiqəsində mükafat, Bakı, 1993), “Azərbaycan kapriççiosu” (1996), “Yeni neft strategiyası” (2002), “Zirvəyə doğru” (2003), “Qədim Azərbaycanın abidələri” (2005) və digər sənədli filmlər Rafiq müəllimin uğurlu ekran taleyi bəxş etdiyi filmlərdir. Rejissor kimi 2013-cü ildə çəkdiyi, Azərbaycan xalqının qədim oyunlarından biri çövkən oyun növünə həsr etdiyi “Çövkən” sənədli filmi YUNESKO-nun “Qeyri-maddi mədəni irs” siyahısına daxil edilib. 2013-cü ildə Serbiyanın Zlatibor şəhərində “Zlatibor-2013” idman filmləri üzrə ikinci beynəlxalq film festivalında Azərbaycanın milli adət-ənənələrinin uğurla tamaşaçılara çatdırılmasına görə festivalın birinci mükafatına layiq görülüb.

Filmlərin məzmununa əsasən həyatın ümumi mənasını dərk etmək, bir çoxlarının görə bilmədiyi vacib məqam və nüansları peşəkar kinematoqrafçıların yaradıcılığında, kameranın ştativindən görmək mümkündür. Rafiq Quliyevin operator kimi quruluş verdiyi bədii filmlərdə də insan surətləri, xarakterləri, ziddiyyətli və fərqli münasibətləri ifadəli şəkildə əksini tapıb, operator işi tamaşaçılar üçün bir növ bələdçi rolunu oynayıb. Operatorun quruluş verdiyi “Cansıxıcı əhvalat” (1988), “Qətl günü” (1990), “Şahid qız” (1990), “Köpək” (1994), “Fransız” (1995), “Ümid” (1995; M. Xarçenko ilə birgə), “Hər şey yaxşılığa doğru” (1997; Oberhauzen BKF mükafatı, 1998; Sankt-Peterburq BKF mükafatı, 1998; İstanbul BKF “Qızıl Atilla” mükafatı, 2001), “Girov” (2005) və başqa bədii filmlər vacib mesajların ötürücüsü kimi yaradıcı heyətin fikir və ideyalarını təsdiqləyib, kinonun həyatın inikası kimi qəbul edilməsinə imkan yaradıb.

1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kino-Televiziya Sənətləri” kafedrasında pedaqoji fəaliyyət göstərən, kafedranın dosenti olan, pedaqoji fəaliyyəti dövründə bilik və bacarığını gənc nəslə çatdıran peşəkar kinooperator Rafiq Quliyevi yubiley yaşı münasibətilə bir daha təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

Dövlət Film Fondu