Fərman Kərimzadə – 85

Təsadüfi deyil ki, 1960-1970-ci illəri Azərbaycan ədəbi mühitində və mədəniyyətində, eləcə də digər sahələrdə olan nailliyyətlərə görə intibah dövrü adlandırırlar. Həmin illərin ədəbi mühitinin bir sıra görkəmli nümayəndələrindən biri də yazıçı-nasir Fərman Kərimzadədir. Maraqlı hekayə və povestlərin, tarixi romanların müəllifi kimi məşhurlaşan ədibin Azərbaycan kino sənətində olan xidmətləri milli kinomuzun inkişaf tarixində mühüm yer tutur. Görkəmli yazıçı-nasir, ssenarist Fərman Kərimzadənin anadan olmasının 85-ci (03.03.1937-17.03.1989) ildönümündə əziz xatirəsini dərin ehtiram hissi ilə yad edirik.

Geniş oxucu kütləsinə yaxşı tanış olan Fərman Kərimzadə imzası müxtəlif illərin, yaxın-uzaq keçmişin (“Qarlı aşırım, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” və s.) ağrılı-acılı, qadalı-qovğalı hadisələrini əhəmiyyətli dərəcədə nəsillərə çatdırdığına, insanları narahat edən mühüm mövzuları təfəkküründən süzülüb gələn yaradıcılığında cilaladığına görə sevimlidir, unudulmazdır.

“Sonuncu eksponat”, “Ömrümüz-günümüz”, “Qoca qartalın ölümü” və başqa əsərlərinin müəllifi olan ədib 1970-1977-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollegiya üzvü olub. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə çalışıb. “Axırıncı aşırım” (həm də əsərin müəllifi), “Dörd bazar günü”  (Hüseyn Abbaszadə, Şamil Mahmudbəyovla birgə), “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan eyniadlı novellanın və digər bədii filmlərin, “Oxuyur Şövkət Ələkbərova”, “Tütünün becərilməsi”  və s. sənədli ekran əsərinin ssenari müəllifi, “Şah və xidmətçi” animasiya, “Tütək səsi” kinodramının, “Dərviş Parisi partladır” kinokomediyasının və digər bədii filmlərin redaktoru olub.  

Haqlı olaraq “kino ssenaridən başlayır” deyirlər. Fərman Kərimzadənin “Qarlı aşırım” əsəri əsasında çəkilən “Axırıncı aşırım” tarixi kinodramı nəinki mövzu və məntiqinə, tarixi hadisələri əks etdirən hadisələrin təfsirində tanınan, məşhurlaşan aktyorların ifasına, filmdə çalışan texniki heyətə yaradıcılıq baxımından geniş imkan verdiyinə görə dəyərlidir. Fərman müəllim kinostudiyada çalışmasa, digər filmlərdə ssenarist, redaktor kimi fəaliyyət göstərməsəydi, adı yenə də Azərbaycan kinematoqrafçıları sırasında fəxarət hissi ilə çəkiləcəkdi.

Tarixi janrlı filmlər xalqın milli kimliyini əks etdirir. Azərbaycan kinematoqrafçıları ədəbi-ictimai fikir xadimlərimizlə birlikdə bu mövzuda müəyyən dövrlərin mənəvi-ideoloji hərəkatını, ictimai-sosial problemləri mərhələli şəkildə ekranlara gətirməyə, vizual ədəbiyyat vasitəsilə ötən illərə bələdçilik etməyə müvəffəq oldular. “Axırıncı aşırım” vizual hekayəsi də yaxın keçmişimizin dəyərli bələdçisidir. Ekran əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. XX əsrin çətin və gərgin hadsələrini əks etdirən kinodram nəinki respublikamızda, həmçinin keçmiş ümumittifaq məkanda uğurla nümayiş olundu, maraqla izlənildi.

Oxucular tərəfindən tez sevilən, məşhurlaşan “Qarlı aşırım” əsəri görkəmli sənətkar Adil İsgəndərovun müraciətinə əsasən çəkilib. Çoxsaylı oxucuların əsərə olan böyük marağını görən Fərman Kərimzadə Adil müəllimin təklifini məmnunluqla qəbul edir və əsər əsasında filmin ssenarisini yazır. Filmin çəkilişləri görkəmli kinorejissor Kamil Rüstəmbəyova həvalə olunur. Aparıcı rollardan biri olan Vəli rolunu canlandıran Əməkdar artist Elxan Qasımov filmin uğurunu belə xarakterizə edir. “Müəllif və rejissor bizimlə münasibətdə heç vaxt qəliz, rəsmi frazalardan istifadə etmir, çox sadə, anlaşılan tərzdə nə etmək lazım olduğunu başa salırdı. Mən rəqqas olduğuma görə həmişə şux yeriyirdim. Bununla belə Kamil müəllim hər dəfə mənə Vəlinin şəxsiyyətini dolğun çatdırmağım üçün “daha da şux yeri, şəqqavətli dur” deyirdi. Mənsə “Kamil müəllim, bundan da şux..?” deyə soruşanda, cavabı bu olurdu ki, yaxşı, bəs mən necə edim ki, bu bəylərin seçmə insan olduğunu göstərim?

Tez bir zamanda məşhurlaşan film 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında iştirak edir. Baş rol iştirakçılarından olan görkəmli aktyorlardan Adil İsgəndərova “ən yaxşı kişi obrazı”na görə II mükafat, Həsən Məmmədova isə “ən yaxşı kişi rolu”na görə mükafat verilir.

Həyatı ədəbiyyata və ekranlara gətirən Fərman Kərimzadənin  yaradıcılığında obrazlar olduqca real, ziddiyyətli olduğu qədər də zəngindir, koloritlidir. Xeyirlə şərin əbədi mübarizəsini əsərlərində əks etdirən nasirin kinodakı uğurları heç də təsadüfi deyil.

İxtisası rəssamlıq olan, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alan (1955-1960) sənətsevər insan, həmçinin Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsində təhsil alıb (1965-1967). Ekran dramaturgiyasının incəliklərini dərindən mənimsəyib. Bir müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri (1977-1980) olub, bir sıra vəzifələrdə çalışıb. Jurnalist, publisist fəaliyyəti kinoda ssenarist-redaktor yaradıcılığına böyük təkan verib. Elxan Qasımovun fikirlərlərimizi təsdiqləyən xatirələrinə nəzər salırıq: “Filmin əsas uğurlarından biri də personajların dialoqlarıdır. Fərman Kərimzadə sözlərin hamısını kəlmə-kəlmə axtarıb tapır, obrazların münasibətinə uyğun tərzdə yazırdı.”

Beləcə, Fərman Kərimzadənin məşhur əsərindəki hadisələrə, tariximizə, adət-ənənələrimizə olan məhəbbəti, diqqəti, həmçinin, filmin yaradıcı heyətinin  müəllifə olan hörməti kino salnaməmizdə nadir nüsxələrindən olan dəyərli ekran əsərinin yaranmasına səbəb oldu. Sənətkar və şəxsiyyət kimi həyata fərqli baxışı, müdrik düşüncəsi yaradıcılığına yansıyan Fərman Kərimzadə imzası məhz bu mənada oxucular və tamaşaçılar tərəfindən daima sevilə-sevilə xatırlanacaq, unudulmayacaq.

Dövlət Film Fondu