Fikrət Əhədov – 85

Kollektiv əməyin məhsulu olan kinonun ərsəyə gəlməsində kinorejissorlar, kinooperatorlar qədər kino rəssamlarının da əməyi, zəhməti böyükdür.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə çalışan görkəmli kino rəssamlarının peşə bilgisi, fərdi bacarığı həyatı kinoya gətirməyə, real və inandırıcı eskizlər, dekorlar vasitəsilə izləyicilərin diqqətini çəkməyə, ekran əsərlərini baxımlı etməyə əsas verib. Tanınmış kino rəssamı Fikrət Əhədovun təfəkkürünün məhsulu olan, mövzuya uyğunlaşdırdığı (dekorasiya, natura fonunda) həyat təsvirləri də ekran hadisələrinin inandırıcı təsir göstərməsinə bilavasitə səbəb olub, ədəbi əsərlərin mahiyyətinin mühüm həyat səhnələrində canlandırılmasına köməklik göstərib. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmə peşəkar quruluşları ilə uğur qazandıran kino rəssamının  anadan olmasının 85-ci ildönümündə  (27.03.1937-02.11.1994) həyat və yaradıcılıq yoluna minnətdarlıq hissi ilə nəzər salırıq.

Milli kinomuzda uzun illər fəaliyyət göstərən kino rəssamının sənətə marağı hələ kiçik yaşlarından başlayıb. 1937-ci il martın 27-də Bakıda ziyalı ailəsində dünyaya göz  açan Fikrət Əhədovun ailəsində yeddi uşaq böyüyüb. Həkim işləyən atası övladlarının tərbiyə və təhsili ilə ciddi məşğul olub, onların gələcəkdə cəmiyyətin layiqli üzvü kimi yetişməsində əlindən gələni əsirgəməyib. Hələ orta məktəbdə oxuyarkən şəkil çəkməyə başlayan Fikrətin rəsmləri müəllimlərinin diqqətini çəkib, hətta “Bakı buxtası” adlı rəsmi Hindistanda uşaq yaradıcılığı sərgisində nümayiş etdirilib.

1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə sənədlərini verən gənc istedad burada fərdi bacarığını bir daha kəşf edib, peşəkar rəssamlardan Lətif Feyzullayev, Qafar Seyfullayev və başqa sənətkarlardan rəssamlıq sənətinin sirlərini öyrənib.

Rəssamlıq məktəbində tükənməz yaradıcılıq eşqi ilə təhsilini davam etdirən gənc tələbə “Dəmiryol təmirçiləri” adlı əsəri ilə diplom işini müdafiə edib, əla qiymətə layiq görülüb, sənət məktəbini fərqlənmə diplomu ilə bitirib. Kinoya olan sevgisi onu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna gətirib çıxarıb, burada o, rəssamlıq fakültəsində təhsilini davam etdirib. Kino rəssamı Gennadi Myasnikovun emalatxanasında kino rəssamlığı sənətinin dərinliklərini, həmçinin inşaat texnikası və tikinti materiallarının texnologiyasını, memarlıq tarixini öyrənib, kino istehsalatının sirlərinə bələd olub.

Ali məktəbi bitirdikdən sonra təyinatla Daşkəndə göndərilən Fikrət Əhədov  orda ilk dəfə “Özbəkfilm” kinostudiyasında rejissor D.Səlimovun “Komandirin qayıtması” bədii filmində quruluşçu rəssam işləyib. Film üçün çəkdiyi eskizlərdə, təbiət lövhələrində, qəhrəmanların yaşadıqları mənzillərin interyerlərində bütövlüyə, fikir tamlığına nail olub.

70-ci illərdən etibarən “Azərbaycanfilm” kinostudiyasında çalışan rəssam “Ən vacib müsahibə” (geyim rəssamı), “Gilas ağacı”, “Xatirələr sahili”, “Əgər bir yerdəyiksə”, “Qərib cinlər diyarında” və digər filmlərdə rəssam kimi işləyib. “Yol əhvalatı”, “İlıq dənizdə buz parçası”, “Qoca palıdın nağılı”, “Şəhərli biçinçilər”, “Bircəciyim”, “Kişi sözü”, “Alman klinikasına şəxsi səfər” və başqa ekran əsərlərinin çəkilişində yaxından iştirak edib.

Peşə bilgisini tədricən püxtələşdirən rəssam təkcə bədii filmlərə eskizlər hazırlamaqla kifayətlənməyib, həm də “Nəğməkar torpaq” film-konsertinin, “Bir axşam”, “Kürən” (1989), “Yaramaz Kral” (1990), “Şahzadə qız” (1991), “Ad günü” animasiya, “Cəfər Cabbarlı”, “Solmaz bir bahar kimi” sənədli, “Peşmançılıq” elmi-kütləvi filminin rəssamı olub. Eskizlər əsasında qurulmuş dekorasiyaların, geyimlərin, məişət əşyalarının köməkliyi ilə bəhs edilən dövrlərin ab-havasını, obrazların xarakterini qabarıq şəkildə göstərib. Həmçinin rəngkar və akvarelist rəssam kimi də sənətsevərlərin hörmətini qazanıb. Dəfələrlə Ümumittifaq və respublika sərgilərinin iştirakçısı olub.

1994-cü il noyabrın 2-də dünyasını dəyişən istedadlı rəssam təəssüflər olsun ki, 57 il ömür sürdü. Şəxsiyyətini və sənətini xatırladan sənət nümunələri isə yadigar qaldı. Allah ona rəhmət eləsin.

Dövlət Film Fondu