Kino onu sevənlərin, təfəkkürü, zəhməti sayəsində püxtələşdirənlərin sayəsində günü-gündən məşhurlaşır, sevilir. Elə buna görə də kollektiv sənət növü olan kinematoqrafiya onu sevdirənləri, inkişafı üçün böyük əmək sərf edənləri məşhurlaşdırır, yoxluqlarında belə unudulmağa qoymur.
Azərbaycanın Əməkdar incəsənət xadimi, istedadlı kinooperator Əsgər Cəfər oğlu İsmayılov da peşəsi vasitəsi ilə müxtəlif həyat hekayələrini tamaşaçılara çatdırmağa müvəffəq oldu, müxtəlif rakurslu, rəngarəng kadrlarda maraqlı həyat lövhələri canlandırdı. Əsgər İsmayılovun anadan olmasının 117-ci ildönümündə (01.04.1905-13.11.1983) əziz xatirəsini dərin ehtiramla yad edirik.
Əsgər İsmayılov 1905-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində dünyaya göz açıb. Bir müddət sonra ailəsi Bakıya köçüb. Uşaq yaşlarında daha çox rəsm çəkməklə məşğul olan Əsgər İsmayılov daha sonra rəssamlıq sənəti ilə yanaşı, fotoqrafiya ilə də maraqlanıb. Bu həvəs onun Moskvaya getməsinə, Ali Rəssamlıq-Texniki İnstitutuna daxil olmasına (1928) səbəb yaradıb. İki ildən sonra gənc tələbə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna köçürülüb, böyük yaradıcılıq eşqi ilə kinooperatorluq sənətinin incəliklərinə yiyələnib. 1936-cı ildə təhsilini başa vuraraq Bakıya qayıdıb. “Azərfilm” kinostudiyasında çəkilişinə hazırlıq görülən “Almaz” bədii filminin yaradıcı heyətinə daxil olub, filmə kinooperator İvan Frolovla birgə quruluş verib.
Əsgər İsmayılovun doğru təlimatlandırıdığı sənət istiqaməti, film çəkilişlərində göstərdiyi peşəkarlıq kinorejissorların diqqətindən yayınmayıb. Bir-birinin ardınca müxtəlif janrlı filmlərə dəvət alan gənc quruluşçu operator kimi “Kölgələr sürünür” macəra filmində rejissorlardan İ.Əfəndiyev və Ş.Şeyxovla, “Qara daşlar” (oper. X.Babayevlə birgə) kinopovestində, “Bəxtiyar” kinonovellasında A.Quliyevlə, “Sovqat”da H.Seyidzadə və N.Bədəlovla, “Əyri yolla qazanc”da Ş.Mahmudbəyovla, “Qəribə əhvalat”da Ş.Şeyxovla, II operator kimi “Səbuhi”də R.Təhmasiblə, “Səhər”də A.Quliyevlə, operator kimi “Kəndlilər” filmində S.Mərdanovla işləyib.
“Bakıdan Göygölədək” ilk rəngli filminin çəkilişləri də Əsgər İsmayılova aiddir. Rəngli filmin texnikasını öyrənmək məqsədilə xüsusi olaraq Moskvaya ezamiyyətə göndərilən kinooperator rəngli kino texnikasının incəliklərinə dərindən yiyələnir. “Bakıdan Göygölədək” filmi Moskvada yüksək qiymətləndirilir, Əsgər İsmayılova isə mükafat verilir.
Filmlərin rəngli çəkilməsi texnikasını dərindən öyrənən kinooperator kinostudiyada dərnək təşkil edib, bu sahə üzrə olan bilik və təcrübəsini həmkarlarına öyrədib. Hətta kino işçilərinə kömək məqsədi olaraq Əsgər İsmayılovun təşəbbüsü və redaksiyası altında rəngli film texnikası üzrə xüsusi dərslik alman dilindən tərcümə olunub.
Bir neçə sənədli filmin operatoru olan Əsgər müəllim hələ tələbə ikən, 1934-cü ildə Mirzə Mustafayevlə birgə “Sınmış qəlblərin haqq-hesabı” kinofelyetonunu çəkib. Bundan başqa o, “Xəzər neftçiləri” (rəngli, həm də ssenari müəllifi), “Arazın sahillərində” (oper. qrupu), “Sən bunu bilməlisən” (elmi-kütləvi film), “Sabir” və digər sənədli filmləri lentə alıb.
Müxtəlif janrlı ekran əsərlərində şövqlə çalışan Əsgər İsmayılov həmçinin, pedaqoji fəaliyyət göstərmiş, peşəkar kadrların hazırlanması üçün əmək sərf etmişdir.
Müharibədən sonra kinostudiyada operator texnikası bazasına, quraşdırma çəkilişləri sexinə rəhbərlik edən Əsgər İsmayılov uzun müddət bədii şuranın məsul katibi olub, həmçinin həmin vaxtda istehsal olunmuş “Bakının işıqları” və “Bəxtiyar” bədii filmlərində quraşdırma çəkilişləri operatoru işləyib.
Göründüyü kimi bilik və bacarığını kinomuzun inkişafına sərf edən peşəkar kinooperator Əsgər İsmayılovun milli kinomuzda xidmətləri böyükdür. Məhz buna görə də, sənətinin fövqündə şəxsiyyəti daim xatırlanacaq, xatirəsi əziz tutulacaq.
Dövlət Film Fondu