Bərpa olunmuş “Prima” filminin təqdimatı keçirildi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə bərpa olunmuş “Prima” (1994) sənədli filminin təqdimatı keçirilmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etdi. Daha sonra söz Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyevə verildi. O, 1994-cü ildə “Sənətkar taleləri” silsiləsindən çəkilmiş, məşhur rəqqasə, baletmeyster, pedaqoq Əminə Dilbaziyə həsr olunmuş filmin yaradıcı heyəti və filmin bərpasının əhəmiyyəti haqqında danışmış, bərpa olunmuş filmin diskini muzeyə hədiyyə etmişdir.

Təqdimat mərasimində filmin yaradıcı heyətindən kinooperator Rafiq Qəmbərov, aktyor Ötkəm İsgəndərov, filmin rejissoru Tofiq İsmayılovun qızı Sevinc Rzayeva, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, Əminə Dilbazi və bəstəkar Cövdət Hacıyevin oğlu Mikayıl Hacıyev çıxış etdilər.

Təqdimat proqramında Əminə Dilbazinin həyatı və parlaq yaradıcılıq yolu haqqında danışılmış, muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuşdur.

Tədbir bərpa edilmiş “Prima” filminin nümayişi ilə davam etdi. Filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, operatorları Rafiq Qəmbərov və Fikrət Əsgərov, bəstəkarı Rauf Əliyevdir.