Həsən Əbluc – 80

Kinematoqrafiya sənəti ictimaiyyətin fikir inkişafında mühüm rol oynayır, maarifləndirir. Məhz buna görə də dərin məzmunlu, realist yaradıcılıq nümayiş etdirən sənətkarlar milyonların düşüncəsində, qəlbində dərin iz salır, yoxluqlarında belə unudulmur.

Görkəmli sənətkar, Əməkdar artist Həsən Əbluc da teatr fəaliyyəti ilə səhnə sənətinin inkişafında, ictimai fikrin formalaşmasında mühüm rol oynayıb, ekrandan düşüncələrə, qəlblərə süzülən bənzərsiz səsinin sehrində həyat fəlsəfəsini təhlil edib, peşəkar yaradıcılığına görə də milyonların rəğbətini qazanıb.

Bədii qiraət ustası kimi də tanınan, klassik və çağdaş şairlərimizin poeziya nümunələrini çoxsaylı tamaşaçıya, dinləyiciyə çatdıran istedadlı sənətkarın saysız-hesabsız radio tamaşalarında səslənən müdrik, məxməri səsinin sehrində nəsillər tərbiyələnib, maariflənib.

Azərbaycan səhnə sənətinə, kinosuna hər bir ifasıyla uğur gətirən istedadlı sənətkarımızın 80 illik yubileyi (22.04.1942-13.03.1994) ərəfəsində əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Politexnik İnstitutuna qəbul olunub. Sənətə olan həvəsinə görə birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini (görkəmli sənətkar Rza Təhmasibin kursunu) bitirib.

Sоnralar Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrın repertuarında olan, yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif xarakterli, koloritli rollar yaradıb. Teatr fəaliyyəti ilə paralel olaraq dəvət aldığı filmlərdə irili-xırdalı rollar oynayıb. Aktyorun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə canlandırdığı Cəmşid Hüseynov (“Qara gölün cəngavərləri”),  Səyyad (“Tənha narın nağılı”), təhqiqatçı (“Bircəciyim”), kəndxuda (“Qanlı zəmi”), Rövşənin atası (“Pəncərə”) və digər rolları filmərin axıcılığına rəvac verən, məna dəyərini təsdiqləyən, məzmuna aydınlıq gətirən ekran personajlarıdır.

Kino yaradıcılığında dublyaj fəaliyyəti önəmli yer tutan istedadlı sənətkar dublyaj studiyasında yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştrak edib, Azərbaycan dilinin qüsursuz təqdimatçısı kimi ana dilmizin keşiyində durub.

Əməkdar mədəniyyət işçisi Əsəd Əsədovun sənət dostu haqqında söylədikləri yerinə düşür: “Həsən Əblucla dublyajda uzun müddət işləmişik. O, yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak edirdi. Onunla birlikdə səsləndirmədə iştirak edən tərəf-müqabilləri ondan çox şey öyrənirdi. Ahəngdar, məxməri səsi digərlərindən seçilirdi. Dublyaj rejissorları həmişə ona baş rolları səsləndirməyi həvalə edirdilər. Bilirdilər ki, Həsən işinə ciddi yanaşır, öhdəsindən də bacarıqla gəlir.

Azərbaycan dilini gözəl bilirdi, diksiyası qüsursuz idi. İndi də birlikdə işlədiyimiz həmin anları yadıma salıram. Onunla işləmək çox rahat idi. Çünki dublyaj aktyoru filmdə çəkilən aktyoru elə səsləndirməlidir ki, filmin dublyaj olunduğu bilinməsin. Bu mənada Həsən Əblucun dublyaj fəaliyyətinin misli yox idi. Təəssüf edirəm ki, kinoda aktyor kimi çox az çəkildi.”

Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdıran Həsən Əbluc Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib, gənclərə doğru sənət istiqaməti verib, onlara sənətin sirlərini öyrədib.

Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasına quruluş verən Həsən Əblucun televiziya tamaşalarındakı uğurlu rolları da unudulmazdır. Xalq artisti, televiziya və kino rejissoru Ramiz Həsənoğlunun sənətkar haqqında xatirələrinə istinad edək: “Həsən Əblucla yaş fərqimiz çox olmasa da, sözün əsl mənasında o, mənim müəllimim olub. İncəsənət İnstitutunda təhsil aldığım vaxtlarda mənə səhnə danışığından dərs deyib. O, böyük ustaddır, sənətinin ustadıdır. Bunu onun müasirləri də çox gözəl başa düşürdülər. Çünki Həsən müəllimin sənətinin sevilən vaxtı digər məşhur sənətkarlar da var idi və onun sənətinin böyüklüyü onda idi ki, o, heç kəsə bənzəmirdi. Özünəməxsus intonasiyası, bənzərsiz səs tembri var idi. Azərbaycan dilini, səhnə danışığını gözəl bilirdi. Buna görə də sevilirdi. Nə yaxşı ki, Azərbaycan televiziya və radiosunda onun çıxışları qalıb. Tez-tez onu dinləyir, istedadı haqqındakı təsəvvürlərimizi genişləndirə bilirik.

Tale elə gətirdi ki, müəllimimlə rejissor-aktyor kimi tərəf-müqabili olduq. O, mənim quruluş verdiyim iki tamaşada iştirak etdi. Birincisi, yazıçı Anarın əsəri əsasında çəkilən televiziya tamaşası idi. Digəri isə yazıçı İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyim “Qatarda” televiziya tamaşasıdır. Burada Sabit Mirzə rolunu oynayırdı. Həsən rolun səciyyəvi cəhətlərini böyük ustalıqla göstərdi. Obraza daxil olaraq Sabit Mirzə rolunu çox inandırıcı oynadı və bu rol yaddaşlarda qaldı.

Həmin illəri, onunla birgə gördüyümüz işləri tez-tez xatırlayıram. Onun adı çəkiləndə elə bil ki, ruhum təzələnir. Yenidən o illərə qayıdıram. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Mən onu heç vaxt unutmuram.”

Göründüyü kimi sənət böyük zəhmət, istedadla yanaşı, bacarıq tələb edir. Bütün bunlarla bərabər yaradıcılığına qarşı böyük məsuliyyət, müəlliflərə olan hörmətdən irəli gələn əsərə diqqət, tamaşaçılara qarşı xoş və insani münasibət, ətrafındakılara, sənət dostlarına olan sevgi və rəğbət sənətkarları bir daha əziz, unudulmaz edir. Sevimli sənətkar Həsən Əbluc kimi…

Dövlət Film Fondu