Eldəniz Rəsulov – 70

Həyat zəhmətlə gözəlləşir. Milyonların diqqətində olan, məsuliyyətli, şərəfli peşələrdən biri də aktyorluq sənətidir. Bu peşə sahiblərinin ərsəyə gətirdiyi, tamaşaçıların yaddaşına həkk etdiyi personajlar da böyük zəhmət, uzun yaradıcılıq axtarışları hesabına başa gəlir, istedad və bacarığının məhsulu olan yaradıcılıq nümunələri sənət adamını milyonlara yaxın edir, sevdirir.

Respublikanın Əməkdar artisti, istedadlı aktyor Eldəniz Rəsulov da “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə oynadığı irili-xırdalı rolları  ilə kinosevərlərin rəğbətini, hörmətini qazanıb, ekran hadisələrinin inandırıcılığına, baxımlılığına zəmin yaradıb.

Aprel ayının 30-da 70 yaşını qeyd edən sənətkarımızı yubiley ili münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Fürsətdən istifadə edib yaddaqalımlı ekran personajlarına, dublyaj fəaliyyətinə nəzər salırıq.

Eldəniz Rəsulov 1952-ci il aprel ayının 30-da anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu şöbəsini bitirib.  Həmin illərdə “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

Azərbaycan kinosunda özünəməxsus üslubda yaradıcılıq nümayiş etdirən Eldəniz Rəsulovun koloritli ekran personajları sənət bilgisi fonunda müəyyən dövr insanlarının həyat tərzini inandırıcı, baxımlı şəkildə xarakterizə edən prototiplərdir. Səmimi, sərbəst yaradıcılığı fonunda obrazlara aid dövrün ab-havasını duyaraq məntiqli şəkildə çatdıran aktyor tərəf-müqabillərinin sənət təqdimatına məharətlə cavab verib, mövzuların məna dərinliyini çatdırıb, peşəkar ifasında rejissor ideyalarını təsdiqləyib.

Aktyorun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə yaratdığı Seyidov (“Sevinc buxtası”), Azin (“Babək”), Zeynal (“Anlamaq istəyirəm”), Maxan (“Nizami”), Oqtay (“Şeytan göz qabağında”), Şaban (“Ovsunçu”) və digər rolları uğurlu və baxımlı ekran personajlarıdır.

Eldəniz Rəsulovun kino fəaliyyətində uğurlu rollarından biri də görkəmli kinorejissor Eldar Quliyevin quruluş verdiyi “Gümüşgöl əfsanəsi” filmindəki Fərid roludur. Mənəvi-əxlaqi dəyərlər ön plana çəkilən sosial dramda dövrün gənclərinin müəyyən məsuliyyətsiz xüsusiyyətləri müzakirə (qınaq) obyektinə çevrilir. Eldəniz Rəsulovun ifa etdiyi Fərid obrazının təfsirində də məsuliyyətdən qaçan, dostlarına, ətrafdakılara biganə yanaşan insanın xüsusiyyətləri qınanılır, tənqid hədəfinə çevrilir.

Dostları ilə avtomobil gəzintilərinin birində yoldan keçən piyadanı vuran, məsuliyyətdən yaxa qurtarmaq üçün (onlar kimi) şəhərdən çıxan Fərid uzaq dağ kəndlərindən birinə gedir. Orada Leyli adlı qızla tanış olur. Bu tanışlıq onun həyata baxışını, düşüncələrini (yaxşı mənada) dəyişir. İnsanın ictimai və şəxsi həyatda böyük məsuliyyət daşıdığını, ailədə, cəmiyyət içərisində şəxsiyyətini (müsbət mənada) təsdiqləməyin vacib olduğunu anlayır. Psixoloji dram janrında çəkilən filmin ideya məzmunu aktyorun fərdi yaradıcılıq üslubunda incəliklə cilalanır, insan mənəviyyatının yüksəlişinə, xarakterinin tamlığına yönələn fikir və ideyalar peşəkarlıqla təqdim olunur.

Filmlərə çəkilməklə yanaşı, dublyaj fəaliyyətini xüsusi bacarıqla davam etdirən Eldəniz Rəsulov yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak edir, ana dilimizin təkmilləşdirilməsində, sözlərin qüsursuz təqdimatında nümunəvi yaradıcılıq təqdim edir.

Eldəniz Rəsulov kinematoqrafın ayrılmaz sahəsi olan dublyaj sahəsində uzun illərdir ki, peşəkarlıq nümayiş etdirir, bədii kino ilə yanaşı çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajında fəal iştirak edir.

Əməkdar artist Əliqulu Səməduvun bələdçiliyi ilə aktyorun sənət dünyasına daha yaxın olaq: “Eldəniz Rəsulovu ilk dəfə 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsində gördüm. Hündürboy, qarayanız, iri qara gözlü, gur saçlı bir oğlan idi. Ali Kinematoqrafiya İnstitutunu bitirib kinostudiyaya gələn aktyor və aktrisalara diqqətlə baxırdı. İstiqanlı olduğu üçün insanlarla tez ünsiyyət qurmağı bacarır. Təbiətcə çox təmkinlidir, hər şeyi ölçüb-biçən adamdır. İstedadlı, bacarıqlı olmaqla yanaşı həm də əliaçıq, təvazökar insandır. Mənə qarşı həmişə səmimi olub. Dostluq münasibətimiz bu gün də davam edir. Onun haqqında çox danışmaq olar. Yetər ki, bircə dəfə təmasda olasan.

İstedadlı aktyor olmaqla bərabər fərqli səs tembrinə malidir. Dublyaj sənətinin mahir aktyorlarındandır. Filmlərin çoxunda baş və əsas rolların səsini yazır. Məşhur aktyorlardan Rasim Balayev, Şahmar Ələkbərov, Həsən Turabov, Əminə Yusifqızı və digərləri ilə mikrofon arxasında olduğuna görə onlardan dublyaj sənətinin sirlərini öyrənib, elə onlar kimi də səsləndirməni yüksək səviyyədə edib.

1990-cı illərdə kinostudiyada filmlər az çəkildiyinə görə Eldəniz Rəsulov kinostudiyadan uzaqlaşdı, fəaliyyətini əsasən dublyajla bağladı. Dublyajda həm də mükəmməl mətn düzülüşünü bacaran aktyorlardandır. Azərbaycan və xarici filmlərin səsləndirilməsi zamanı rejissorun yanında oturub dialoqlarda çatmayan sözləri tapıb mətnə yazır. Bu prosesin özü də aktyordan böyük istedad tələb edir. Uzun illər onunla filmlərin sinxron səslərinin yazılışında çiyin-çiyinə çalışmışıq. Onu da qeyd edim ki, bu sahədə mən ondan çox şey öyrənmişəm.

Eldəniz Rəsulovun istedadlı aktyor olması onun çəkildiyi filmlərdən görünür. Ekran personajlarını qabarıq, koloritli təqdim edib. Onunla Eldar Quliyevin “Nizami” filmində əkiz qardaşlar (Maxan və Bəşir) roluna çəkilmişdik. Mən xarici görünüşümə görə Eldənizə oxşadığım üçün Eldar Quliyev məni Bəşir roluna dəvət etmişdi. Eldənizlə çəkildiyimiz kadr filmin baxımlı epizodlarındandır. Onunla əlbəyaxa olduğum səhnəyə mən quruluş vermişdim. Eldəniz hər bir hərəkəti mükəmməl yerinə yetirirdi. O, çəkiliş meydançalarında və mikrofon qarşısında həmişə peşəkarlıq nümayiş etdirib. Buna görə də tanınır, sevilir.”

Dövlət Film Fondu