Həyat hadisələrini yaradıcılığı fonunda təhlil edən, cəmiyyəti maarifləndirən, ictimai prosesləri sənətin fövqündə cilalayan, müzakirə obyektinə çevirən, müxtəlif dövr hadisələrinə fərdi münasibətlərini bildirən və tamaşaçıları ibrətamiz düşüncələrinin ardınca aparmağı bacaran öncül insanlar təkcə doğum və anım günündə yox, yaradıcılıqları göz önündə canlandıqca yada düşür, ehtiramla xatırlanırlar. Bu mənada rollarına görə tanınan aktyorlar xoşbəxtdirlər. İstedadın mayakı olan məşhur bir obraz sənətkarın bütöv bir yaradıcılıq yolunu aydınladır, peşə ucalığını istinad verir, yaradıcılıq missiyasını tanıdır.
Respublikanın Xalq artisti, tanınmış teatr, kino aktyoru Ələddin Abbasovun da bir yox, bir neçə rolu yaradıcılıq yoluna işıq salır, məsləyini sevdirir, şəxsiyyətini dönə-dönə nəsillərə tanıdır, sevilərək xatırlanmasına səbəb yaradır. Görkəmli aktyorun yubiley ilində (05.05.1922-13.07.2014) kino yaradıcılığına nəzər salmağı özümüzə borc bilirik.
Azərbaycanın gözəl guşələrindən biri olan Gəncədə doğulan, boya-başa çatan Ələddin Abbasov sənətə erkən yaşlarından maraq göstərib. On beş yaşında olarkən Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki illik təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib. 1939-cu ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrının səhnəsində maraqlı və məzmunlu rollar yaradıb.
Aktyorun sənət sevgisi ilə yanaşı, peşə məsuliyyəti kino rejissorlarının diqqətindən yayınmayıb. Görkəmli kinorejissorların filmlərinə ardıcıl olaraq dəvət alan aktyor 20-dən artıq filmdə baş və əsas rollarda çəkilib. Romantik və realist aktyor məktəbinin ənənələrini yaradıcılığında yüksək səviyyədə təsdiqləyən sənət bilicisi qismətinə yazılan ekran obrazlarından səfir (“Koroğlu”), İmran (“Mən ki gözəl deyildim”), Öməroğlu (“Köhnə bərə”), Xaqani Şirvani (“Nizami”), Məşədi Göyüş (“Qatır Məmməd”), ata (“Özgə vaxt”), Murad (“Məkanın melodiyası”), Bəhri (“Qocalar, qocalar…”), Zülfüqar (“Qətl günü”) və digər rollarının təfsirində mürəkkəb, qəliz, bəzən sadə, bəzən isə qəzəbli insan münasibətlərini şərh edib, ictimai həyatın problem və həlli məsələlərini mövzulara uyğun şəkildə təhlil edib.
Ekran obrazının əksəriyyətində ətrafında baş verən hadisələrə müdaxilə etmə zərurətini, aktiv həyat tərzini təbliğ edən, mübarizə, mücadilə qüvvəsinin vacibliyini əsas götürən sənətkar fərdi yaradıcılığında müəllif-aktyor olaraq personajlara şəxsi prizmasından yanaşıb, ekran rollarını müasirlərimiz qədər bizlərə yaxınlaşdırıb, personajların əxlaq və davranışlarını, düşüncə tərzini tamaşaçıların mühakiməsinə verib. Buna görə də onun yaddaqalımlı rollarını xatırladıqda bəzi hallarda müşahidə edə bilmədiyimiz və yaxud da edib oxşar hiss və duyğuları dilə gətirə bilmədiyimiz mövzulara aydınlıq gətiririk, kinonu bir daha həyatın inikası olaraq qəbul edirik. Sənəti ucaldan sənətkar qüdrəti də elə budur.
Kinoda debüt rolu ilə (səfir-“Koroğlu”) kino ictimaiyyətinin diqqətini çəkən aktyor, bu filmdən sonra “Torpaq. Dəniz. Od. Səma” filmində əsas rollardan biri olan Əli obrazını canlandırıb. Ekran personajının fərdi keyfiyyətləri, ailəcanlı, zəhmətkeş, övladına nümunə ola biləcək bir çox müsbət xüsusiyyətləri inandırıcı şəkildə təcəssümünü tapıb, filmin baxımlılığını artırıb.
Bəli, peşəkar ifalar filmlərə həmişə uğur gətirir. Bunu nəzərə alan kinorejissorlar heç də tərəddüd etmədən Ələddin Abbasovu filmlərinə dəvət edir, baş və əsas rolları ona tapşırırdılar. “Mən ki gözəl deyildim” kinodramını xatırlayaq. II Dünya müharibəsi illərindən bəhs edən filmdə cəbhədə əzizləri həlak olan ailələrin acısı, gənc qız Səidənin simasında minlərlə gəncin kədərli həyat hekayəsi göstərilir.
Müharibə dramında Ələddin Abbasovun oynadığı İmran obrazı kiçikplanlı olsa da, tamaşaçıların nəinki filmin sonuna qədər yaddaşına hopub xatırladığı, xarakter tamlığı baxımından müəyyən bir nəticəyə gəlməyini təmin edən bir personajdır. Aktyorun bu və ya digər rolları özünəməxsus ifa və jestlərlə təqdim olunur, dolğun, təbii, canlı təsir bağışlayır, tamaşaçı yaddaşında silinməz iz buraxır.
Göründüyü kimi 60-cı illər Ələddin Abbasovun kino yaradıcılığının başlanğıc ili olmaqla bərabər, məhsuldar bir il olur. Belə ki, görkəmli kinorejissor Hüseyn Seyidzadənin 1969-cu ildə quruluş verdiyi “Dəli Kür” dramındakı Cahandar ağa obrazı ona və filmə böyük şöhrət gətirdi. XX əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının və insanlarda azadlıq şüurunun formalaşmasından bəhs edən filmdə baş rol olan Cahandar ağa obrazı mürəkkəb və qəliz xarakteri baxımından seçilən, rolun fərdi təqdimatını yaddaşlara yazacaq qədər xüsusi sənət təcrübəsi tələb edən prototipdir. Aşırı sərt xarakterə, kəskin danışığa, iti nəzərlərə, insanlarla soyuq münasibətə malik olan Cahandar ağanın bəzi müsbət cəhətləri də var. Köhnə adət-ənənlərə sadiq olan Cahandar ağa, həm də ailəsini qoruyan, ona məxsus olan mülkə, mal-qaraya, torpaqlara sahib çıxmağı bacaran, yeri gələndə də istək və məqsədini bildirməkdən çəkinməyən roldur. Ələddin Abbasov rolun fərdi cəhətlərini rejissor traktovkası və fərdi bacarığı sayəsində böyük ustalıqla canlandırdı, həmçinin ziddiyyətlərin kəskinləşməsinə səbəb olan xarakteri fonunda belə rolunu sevdirməyə nail oldu.
Kəskin dramatik mövzularla yanaşı, aktyorun psixoloji dramlarda da oynadığı personajlar ekran əsərlərinə uğur və baxımlılıq gətirib, mövzuların mahiyyətini dərindən, aydın şəkildə şərh edib. Məhz bu baxımdan adı dillərdə, sənəti qəlblərdə olan sənətkarın xatirəsi daim əziz tutulur, şəxsiyyəti ehtramla yad edilir.
Dövlət Film Fondu