Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən növbəti ekran əsəri şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimova (1975-2020) həsr olunan “Poladın izi ilə” sənədli filmidir.
Mayın 4-də Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, digər rəsmilər, Milli Qəhrəmanın ailə üzvləri, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdilər.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında qeyd etdi ki, filmin əsas məqsədi özümüzü tanımaqdan ibarətdir: “Biz ölkə olaraq uzun müddət imperiyanın tərkibində yaşamışıq. Bu dövrdə tariximizi bizə unutdurmaq istəyiblər. Ancaq buna baxmayaraq biz özümüz-özümüzə qayıtdıq. Milli yaddaşın geri qaytarılması, təbii ki, Vətən oğullarının qəhrəmanlığı sayəsində gerçəkləşdi. Tarix həmişə böyük millətlər tərəfindən yazılıb. Həmin millətlərin hər zaman güclü ordusu olub. Güclü ordusu olan millət tarixdə iz buraxıb. Biz tarixi yaddaşımızı 2020-ci ildə yenidən aşkar formada kəşf elədik. Bugünkü filmin qəhrəmanı, əsgərimizin, ordumuzun ən cəsur nümayəndələrindəndir. Biz bu ekran əsərini yalnız Polad Həşimova deyil, onun simasında bütün qəhrəman Vətən oğullarına ithaf olunan film hesab edirik”.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı vurğuladı ki, bu Vətən şəhidlərin uğrunda can verdiyi və bizə əmanət etdiyi torpaqdır: “Bu gün ölümsüz olan bir igidin, 30 illik həsrəti şəhadəti ilə azadlığa çevirən bir qəhrəmanın həyat hekayəsini izləyəcəyik. Polad Həşimovla bağlı bildiklərimizlə yanaşı, bilmədiklərimiz də var. Bu film vasitəsilə onları öyrənəcəyik. Polad Həşimovdan sonra Azərbaycanda Vətəni, müstəqilliyi qorumaq üçün minlərlə Polad doğulub. Bu gün filmi izləyənlər arasında Milli Qəhrəmanın anası Səmayə Həşimova da var. Mən Səmayə ananın əllərindən öpürəm. O, təkcə Azərbaycan qəhrəmanlarının anası deyil, bütün Türk dünyasının simvoludur”.
Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov Azərbaycanın igid oğullarından biri haqqında film ərsəyə gətirdiyi üçün qürur hissi keçirdiyini söylədi.
Polad Həşimovun anası Səmayə Həşimova filmə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. Söylədi ki, Polad Həşimov öz şəhidliyi ilə Azərbaycan xalqının qələbə ruhunu oyadıb, başını uca edib.
Milli Qəhrəmanın həyat yoldaşı Ofeliya Salmanova qeyd etdi ki, Polad Həşimov Azərbaycanın səngərdə şəhid olan yeganə generalıdır. Bu fakt kifayət edir ki, biz Polad Həşimovun necə bir qəhrəman olduğunu dərk edək.
Çıxışlardan sonra “Poladın izi ilə” sənədli filmi nümayiş etdirildi.
2021-ci ildə lentə alınan filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, operatoru Fahir İmamquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur.
Filmin çəkilişləri Polad Həşimovun doğma yurdu Qəbələdə, yaşadığı Sumqayıtda, hərbi xidmət etdiyi və döyüşdüyü bölgələrdə aparılıb. Ekran işində şəhid generalla düşmənə qarşı birgə döyüşmüş səngər yoldaşları, ailə üzvləri xatirələrini bölüşürlər.
Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatının qarşısını alarkən 7 hərbi qulluqçu ilə birgə qəhrəmancasına şəhid olub. Dövlət başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Polad Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.