Əzizə Məmmədova – 130

Həyata fərqli baxışı olan, fərqli düşüncələrini yaradıcılığına yansıtmağı məqsədə çevirən insanlar haqlı olaraq sənətə üz tuturlar, ibrətamiz düşüncələrini, təfəkkürlərini nümunəvi fəaliyyətlərində təsdiqləyirlər. Azərbaycan teatr, kino sənətinə mühüm töhfələr verən, koloritli rolları ilə müəllif və rejissor ideyalarını tamaşaçılara çatdıran görkəmli aktrisalarımızdan biri də Əməkdar artist Əzizə Məmmədovadır.

Milli kinomuzda ana və nənə rollarının mahir ifaçısı kimi tanınan aktrisanın 130 illik yubileyidir. Ekran personajlarını tamaşaçıların hafizəsinə yazan, Azərbaycan qadınının tipik cəhətlərini yaradıcılığında əhatəli şəkildə şərh edən aktrisanın filmoqrafiyasında 20-yə yaxın film var. Azərbaycan kinosunun inkişaf mərhələsində mühüm xidmətləri olan görkəmli kinorejissorlarla çiyin-çiyinə çalışan, istedad və bacarığını müxtəlif xarakterli rollarında təsdiqləyən aktrisanın kino fəaliyyətini izləyək, həyat yoluna qısa nəzər salaq.

Əzizə Məmmədova 1892-ci ildə Tiflis şəhərində musiqiçi ailəsində anadan olub. Atası Əbdülbağı Zülalov dövrünün tanınmış xanəndələrindən idi. Qızının kiçik yaşlarından təlim-tərbiyəsi ilə ciddi məşğul olan ata, onun musiqiyə marağını görüb qarmon çalmağı öyrədib. Musiqi sevdalı olan Əzizə bir neçə ildən sonra Şəkidən olan Salman adlı bir gənclə ailə qurub. Onların bir qız övladı (Sona) dünyaya gəlib. Lakin Əzizə xanımın ailə xoşbəxtliyi uzun sürməyib. Bir il sonra, 1908-ci ildə Salman qəflətən vəfat edib və Əzizə Məmmədova qızı Sonanı da götürüb ata evinə, Tiflisə qayıdıb. Onlar bir müddət Tiflisdə yaşadıqdan sonra ailəsi Aşqabada, 1919-cu ildə isə Bakıya köçüb.

1920-ci ildə Əzizə xanım əvvəl Əbilov adına klubda işə düzəlib. Daha sonra isə Əli Bayramov adına Qadınlar klubunda işləyib. Bakıda Türk Azad Tənqid və Təbliğ Teatrı (Türk İşçi Teatrı) yaradılanda görkəmli səhnə ustaları Mirzağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi olan Əzizə xanımla görüşüb, onu klubda aktrisa kimi rollar yaratmağa dəvət ediblər. İki il burada çalışdıqdan sonra, 1923-cü ildə Akademik Dram Teatrından dəvət alan Əzizə xanım bir müddət bu kollektivdə işləyib. Teatrın səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif xarakterli rollar yaradıb.

Əzizə xanımın sənətə gəlməsi, dövrünün müasirlərinin həyatını tamaşalarda əks etdirməsi, həmçinin yeni-yeni milliləşməkdə olan filmlərdə çəkilməsi həm Azərbaycan teatr, kino sənətindəki azərbaycanlı kadrların artmasına kömək etdi, həm də sənətin həyat məsələlərinin həllində mühüm rol oynadığını, insanların maariflənməsində zəruriliyini yaradıcılığında təsdiqlədi.

Aktrisanın kinoda debüt rolu “Hacı Qara” filmindəki Gülsüm obrazıdır. Bundan sonra o, “Sevil” kinodramında dayə obrazını canlandırıb. Filmdəki ekran personajı kiçikplanlı olsa da, Əzizə xanım sənət bilgisi və fərdi istedadı sayəsində rolu inandırıcı səviyyədə canlandırmağa nail olur. Personaj köməkçi rol olsa belə, əsərin mahiyyətinin tamaşaçıya çatdırılması üçün baş rol iştrakçılarına, tərəf-müqabillərinə dolğun stimul ötürə bilir. 5 il sonra isə görkəmli kinorejissor Mikayıl Mikayılovun dəvəti ilə “İsmət” kinodramında Səmədin anası obrazını yaratdı.

Dövrünün real hadisələrinə istinad edən filmdə gender bərabərsizliyi, qadın hüquqsuzluğu ekran əsərinin əsas süjet xəttini təşkil edir. Əzizə xanım personajın təfsirində meşşan, zalım qadın surətini dolğun çalarlarla tənqid hədəfinə çevirdi, qəddar və hiyləgər xüsusiyyətlərini özünəməxsus ifa və jestlərlə inandırıcı tərzdə çatdırdı.

Oğlunun övlad sahibi ola bilməyəcəyini qəbul etməyən ana onun qüsurunu evləndiyi qadınların üzərinə atmaqdan, evinə gətirdiyi gəlinlərin haqqını tapdalamaqdan çəkinmir, aqressiv, kinayəli davranışı ilə birinci gəlinin ölümünə, ikincisinin isə evdən getməsinə səbəb olur. Savadsızlığn, köhnəlmiş adət-ənənələrə meyilliliyin tüğyan etdiyi dövrdə (XIX əsrin sonu, XX əsrin əvvəlləri) cəmiyyətin bəlası olan avamlıq, insanın insana qarşı etinasızlığı faktlarının ifşası aktrisanın peşəkar, məqsədyönlü sənət taktikasında təcəssümünü tapdı, ekran hadisələri tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Azərbaycan səssiz kinosunda dövrünün reallığını, cəmiyyətin köləlik və avamlığını tənqid edən “Almaz” (rejissorlar Ağarza Quliyev, Qriqori Braginski) tammetrajlı kinodramında Telli obrazını canlandıran Əzizə xanımın ifası xüsusilə diqqət çəkir. Səmədin anası rolundan xarakter baxımından tamamilə fərqlənən Telli obrazının təfsirində hər bir dövr üçün gərəkli olan işıqlı insanların həyatın nicatı, yaxşıların dostu olduğu fikrini vurğulayır, təsdiqləyir.

Telli digər kənd sakinlərindən və qadınlardan fərqli olaraq onlara yeni iş yeri açan, övladlarının təhsili ilə məşğul olan Almaza kömək edir. Hətta toxucu qadınlar üçün məkan seçimi zamanı belə Almaza hücum edən qadınlarla savaşmaqdan çəkinmir. O, hər bir halda çətin sınaq qarşısında qalan Almaza kömək və dəstəyini əsirgəmir. Səssiz kinonun uğurlarından olan dəqiq mizanlanmış ifa və jestlər hadisələrin mahiyyət və məzmununu (tərəf-müqabilləri ilə birlikdə) tamamlayır, təsdiqləyir.

Azərbaycan kinosunun ilkin mərhələsində və inkişaf dövründə qadın və ana rollarının bacarıqlı ifaçısı kimi tanınan Əzizə Məmmədovanın kino yaradıcılığı müxtəlif dövrlərin hadisələrinin dolğun və inandırıcı çatdırılmasında mühüm rol oynayıb. Məhz buna görə də Əzizə xanımın kinoya gəlişini milli kinomuzun tapıntısı da adlandırmaq olar. Bu mənada 20-yə yaxın filmdə, o cümlədən  “Dəcəl dəstə” filmində Yusifin anası, “Yeni horizont” kinodramında Fatma, “Vətən oğlu” bioqrafik müharibə filmində Kamalın anası, “Qara daşlar”da Nisə xala, “Səhər”də Səlminaz, “Görüş”də Əzizə, “Əsl dost”da Şirəlinin arvadı və digər ekran surətləri aktrisanın fərdi yaradıcılıq üslubunda mənalıdır, baxımlıdır. Əzizə xanımın hadisələrə həssas münasibəti, mülayim davranışı, qəlbəyatımlı səs tembri ana obrazlarını sevdirməsinə səbəb olurdu.

Görkəmli kinorejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Vətən oğlu” bioqrafik müharibə filmində Əzizə xanım Kamalın anası obrazını canlandırır. Filmin ilkin kadrlarından ön cəbhəyə paltarlar, yun corablar və digər geyim göndərməyə hazırlaşan, hər bir saniyə müharibədə olan oğlundan məktub gözləyən nigaran baxışlı ananın iztirablı, kədərli həyat durumu təqdim olunur. Əzizə xanımın simasında İkinci Dünya müharibəsində oğullarını cəbhəyə göndərən, gözü yollarda qalan narahat anaların ağrı-acısı, təlaşı, kədəri emosional ştrixlərlə xarakterizə olunur, dövrünün çətin sınaqları qarşısında qalan acı taleli insanların yaşam tərzi göz önündə canlanır.

Azərbaycan teatr və kino sənətinin öncüllərindən olan Əzizə Məmmədovanın bu və ya digər ekran obrazlarının milli kinomuza verdiyi töhfələri haqqında uzun-uzadı danışmaq olar. Ən önəmlisi odur ki, aktrisa lazım olan zamanda kinoda canlandırdığı rollarını böyük sevgi və məsuliyyətlə tamaşaçılara çatdırıb. Peşə borcunu böyük şövqlə yerinə yetirməklə sevərək seçdiyi sənətinin keşiyində layiqincə durub.

Dövlət Film Fondu