Aqşin Əlizadə – 85

Kino kollektiv əməyin məhsuludur. Müxtəlif incəsənət növlərinin vəhdəti  kinematoqrafiyanın ifadə vasitələrini zənginləşdirdi, həyatımızın ayrılmaz hissəsinə çevirdi, filmlərin koloritini, baxımlılığını artırdı. Kino bəstəkarlarının filmlərə yazdıqları musiqilər, mahnılar da müxtəlif dövr hadisələrinin emosional şərhini təmin etdi, insan xarakterlərinin, daxili aləmlərinin, hiss və duyğularının dəqiqliklə çatdırılmasına səbəb oldu.

Görkəmli bəstəkar, Xalq artisti, Dövlət Mükafatı laureatı Aqşin Əlizadənin də Azərbaycan kino sənətindəki xidmətləri əvəzsizdir. “Kino mənim üçün həyati bir laboratoriyadır. Mən orada bütün musiqilərimi sınaqdan keçirirdim. Buna görə də kino musiqisinə çox fikir verirdim” deyən bəstəkar 40-dan çox filmə musiqi yazıb. Müxtəlif janrlı filmlərə yazdığı musiqilərlə ekran əsərlərində təsvir olunan hadisələrin məzmun tamlığını təmin edən, məntiqi keyfiyyətini artıran bəstəkarın anadan olmasının 85-ci ildönümündə (22.05.1937-03.05.2014) kino fəaliyyətinə və ömür yoluna qısa nəzər salırıq.

Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda, musiqiçi ailəsində anadan olub. Atası mahir qarmon ifaçısı olub, anası isə pianoda müxtəlif musiqi əsərlərini böyük məharətlə çalıb. Övladı üçün həmişə şeirlər, qəzəllər oxuyan Əliqulu Əlizadəni övladının ilk müəllimi də adlandırmaq olar. Aqşin Əlizadənin xatirələrindən də məlum olur ki, uşaqlıqdan yaddaşında iz salan həmin qəzəllərin Azərbaycan muğam sənəti üçün nə qədər vacib olduğunu dərk etməsinə səbəb olub. 1943-cü ildə musiqi məktəbinə daxil olan gənc musiqiçi, tanınmış pianoçu Azərbaycan muğamlarını gözəl bilən Zivər Əliyevadan sənət dərsləri alıb.

Aqşin Əlizadə haqqında olan mənbələrdən məslək seçiminin səbəbini öyrənirik: “Bir gün anam məni “Koroğlu” tamaşasına aparmışdı. Orada görkəmli bəstəkar Üzeyir Hacıbəyovu gördüm. O, lojada tək oturmuşdu. Anam onu mənə göstərib dedi ki, bax, oğlum, bu Üzeyir Hacıbəyovdur. Mən bütün tamaşa boyu ancaq Üzeyir bəyə baxırdım. Bu hadisə mənim yaddaşımda bir kinokadr kimi qaldı. Mən xoşbəxtəm ki, Üzeyir Hacıbəyovu görmüşəm.”

Bülbül adına Orta İxtisas Musiqi Məktəbini 1955-ci ildə bitirən Aqşin Əlizadə həmin ildə Bakı Konservatoriyasına, görkəmli bəstəkar Cövdət Hacıyevin ixtisas sinfinə  daxil olur. Burada Azərbaycanın və SSRİ-nin Xalq artisti Qara Qarayevdən və Cövdət müəllimdən bəstəkarlıq sənətinin sirlərini öyrənir.

“Bəstəkarda fədakarlıq olmalıdır” deyən görkəmli bəstəkar baletlər, orkestr üçün bəstələr, kamera əsərləri, vokal-simfonik əsərlərlə yanaşı, müxtəlif janrlı ekran əsərlərinə, o cümlədən “Dəmir ağac”, “Odla təmasda”, “Nə yaxşı ki, dünyada Səməd Vurğun var”, “Abşeron lövhələri” və s. sənədli, “Fitnə”, “Tülkü həccə gedir”, “Bulud niyə ağlayır?”, “Göyçək Fatma”, “Toral və Zəri” və s. animasiya, “Qızıl qaz”,  “Rəqiblər”, “Tütək səsi”, “Üzü küləyə”, “Gözlə məni”, “Təkcə adanı özünlə apara bilməzsən…”, “Ötən ilin son gecəsi”, “Avqust gələndə”, “Sizi dünyalar qədər sevirdim”, “Ləqəbi İKA”, “Məhkumlar”  və s. bədii filmlərə musiqi yazıb.

Ekran əsərlərinin ümumi ideyasını, müəlliflərin, rejissorların istək və məqsədlərini mövzulara uyğun olaraq yazdığı melodiyalarda cilalayan bəstəkar mətn və məzmuna böyük diqqətlə, həssaslıqla yanaşaraq xarakterlər, hadisələr toplusu olan kinematoqrafın həyat məsələlərinin həlli üçün vacib olduğunu dəfələrlə təsdiqləyib.

Kinoda ilk dəfə “Bu, Səttar Bəhlulzadədir” (1969) sənədli filminə musiqi yazan bəstəkar özünəməxsus dəst-xətti ilə orijinal üslubda yazdığı melodiyalarla filmin bədii səviyyəsini artırıb. Musiqilər filmin təsvirlərini müşayiət edib, filmin yaradıcı heyətinin istək və məqsədini tamaşaçıya dolğun çatdırıb. Bir sıra sənədli filmlə yanaşı, bədii   kinoda xüsusi bacarıq nümayiş etdirən bəstəkarın məzmunlu əsərləri hadisələrlə yanaşı insan xarakterlərinin dəqiq şərhini verib. Bəstəkarın kino musiqiləri müəlliflərin fikrinin dəqiqliyini, hadisələrin məzmun dərinliyini təmin edir, emosionallıqla çatdırır.

Aqşin müəllimin kino bəstələrinin sevilən nümunələrdən biri də “Tütək səsi” kinodramına bəstələdiyi musiqilərdir. İkinci Dünya müharibəsi illərində insanların arxa cəbhədəki ağır güzəranını təsvir edən ekran əsərində müxtəlif gərgin hadisələr, mürəkkəb münasibətlər əksini tapıb. Dövrünün həqiqətlərini, kədərli hadisələrini, həyat ziddiyyətlərini müşayiət edən musiqi parçaları, melodiyalar ictimai davranışı, fərdi münasibətləri janrın şərtlərinə uyğun olaraq çatdırır.

Xarakterlərin müəyyənləşdirilməsində, obrazların daxili aləmlərinə sirayət edilməsində, hadisələrin psixoloji dərinliklə təhlil obyektinə çevrilməsində məqsədləri aydınladan musiqi parçaları böyük rol oynayır. Filmin başlanğıcında səslənən, Cəbrayılın torpağı şumlaması, taxıl yığımı, naməlum əsgərin gəlişi və digər musiqilər vəziyyətin gərginliyinin təsir formasını, şəraitin təfsilatını, emosional şərhini yaradır.  Aqşin Əlizadənin bu və ya digər filmlərə yazdığı musiqilər geniş tədqiqat obyektidir. Bunlar haqqında uzun-uzadı danışmaq və filmlərin təsvir kəsərini təmin edən bəstəkar yaradıcılığının kino üçün mühüm əhəmiyyət kəsb etdiyini və vacibliyini bir daha yəqinləşdirmək olar.

“Mən razıyam, əsərlərimin qarşısından adımı pozub xalqın adını yazsınlar, təki bu əsərlər yaşasın” deyən Aqşin Əlizadənin kino musiqiləri istər yaxın və uzaq keçmişə aid obrazların, istərsə də müasir personajların həyat hekayələrini yüksək sənətkarlıq keyfiyyəti ilə xarakterizə edib, ekran hadisələrini maraqla izləməyimizə, həyat faktlarını dəqiqliklə saf-çürük etməyimizə, ümumilikdə isə düşünərək nəticə çıxarmağımıza səbəb yaradıb. Bu mənada yaradıcılıq filmoqrafiyasına daxil olan filmlərin uğurlu ekran taleyi yaşamasında böyük əməyi olan görkəmli bəstəkarın sevgi ilə qələmə aldığı kino musiqiləri dəyərlidir, qəlblərdə kök salan xatirəsi əzizdir, unudulmazdır.

Dövlət Film Fondu