İstedadlı aktrisa Tanilə Əhmərovanın doğum günüdür

Tanınmış kinoaktrisa, Əməkdar artist Tanilə Əhmərovanın anadan olmasından 72 il ötür (1950-2015). Tamaşaçı yaddaşında daha çox “Qayınana” kinokomediyasından məsum simalı xanım (Sevda) kimi qalan aktrisa özünəməxsus ifa tərzinə, yaradıcılıq təqdimatına görə yaddaşlarda kök salıb, unudulmayıb. Aktrisanı hörmətlə yad edir, ömür və sənət yoluna qısa nəzər salırıq.

Hələ kiçik yaşlarından sənət sevdalısı olan Tanilə Əhmərova 1950-ci il iyunun 1-də Bakının Sabunçu qəsəbəsində dünyaya göz açıb. Orta məktəbdə oxuyarkən məktəbin dram dərnəyində çıxış edib. 1972-ci ildə Dövlət Teatr İnstitutuna (indiki ADMİU) daxil olub, teatr, kino sənətinin sirlərini öyrənib. İnstitutu 1977-ci ildə bitirdikdən sonra həmin ildən “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyətə başlayıb.

Kinoda debütü (Nərgiz) “Üzü küləyə” (1977) filmində olub. Xəzər dənizinin çirklənməsindən, quşların qorunmasından, gənclərin təbii sərvətlərə qayğı ilə yanaşmasından və onların mənəvi kamilliyindən bəhs edən filmdə Tanilə Əhmərova yaradıcılıq qismətinə düşən ilk ekran personajını səmimi, inandırıcı ifa tərzi ilə təqdim edib, bununla da növbəti kino obrazlarının ardıcıllığına zəmin yaradıb.

70-ci illəri Tanilə Əhmərova üçün nailiyyət dövrü adlandırmaq olar. “Üzü küləyə” filmindən sonra aktrisa Rasim İsmayılov, Eldar Quliyev və Hüseyn Seyidzadə kimi peşəkar kinematoqrafçıların filmlərinə dəvət alıb, uğuruna uğur qatıb.

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin “Qayınana” kinokomediyasındakı Sevda obrazı aktrisanın şöhrətini daha da artırdı, geniş tamaşaçı auditoriyasına sevdirdi. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə (“Əlavə iz”də Bağırova, “İlıq dənizdə buz parçası”nda gəlin, “Qəribə adam”da Aytən, “Tələ”də Rübabə Babayeva və s.) irili-xırdalı rol oynayan aktrisa hər bir personajını özünəməxsus çalarlarla yaratdı, yaddaşlara yazdı. Aktrisanın yaradıcılıq qismətinə düşən obrazlar genişplanlı olmasa da, personajların həyat mövqeyini, düşüncə tərzini, psixologiyasını realist səpkidə çatdırdı, tanıtdı.

Həyata, düşüncələrə, insan münasibətlərinə obrazları vasitəsi ilə müdaxilə etməyi bacaran aktrisanın uğurlu rollarından biri də “Şir evdən getdi” filmindəki Şəfiqə müəllimə roludur. Aktrisa kiçikplanlı rolun təfsirində pedaqoji fəaliyyət üçün uşaq psixologiyasının incəliklərinə bələd olmağın labüdlüyünü, başlıca şərt olduğunu incə nüanslarla göstərib, təbliğ edib.

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov aktrisanı böyük sevgi hissi ilə yad edir: “Tanilə xanımla ilk dəfə “Sevinc buxtası” (1977) filminin çəkilişləri zamanı görüşmüşəm. Filmdə o, baş qəhrəman Nazimin sevdiyi qadını (Leyla) oynayırdı, mən isə susatan oğlan rolunu (Atamoğlan) canlandırırdım. Elə həmin andan o mənim yaddaşımda məsum simalı, zərif, həssas bir xanım kimi qalmışdı. Onda mən uşaq idim, bu xanımın kimliyini o qədər də dərk etmirdim. Amma sonralar başa düşdüm ki, Tanilə xanımın Azərbaycan kinosunda özünəməxsus yeri var.”

“Sevinc buxtası” filmində Leyla rolunun təfsirində həyatı çətinliklər, məşəqqətlər içərisində keçən, qarşılaşdığı çətinliklərə güclə tab gətirən sadə ev xanımının ümumiləşdirilmiş obrazını görürük. Rolun təfsirində dövr hadisələrinin gərginliyini, ictimai bərabərsizliyi, mürəkkəb münasibətlərin üstünlük təşkil etdiyini, ağır, çətin mühitdə puç olan talelərin kədərini, nisgilini izləyirik, duyuruq. Obrazın fərdi cəhətlərini, həyat mövqeyini çatdırma imkanı geniş olmasa da, aktrisanın inandırıcı təqdimatı yaradıcılıq münasibətinin dəqiqliyini, roluna yanaşma məsuliyyətinin ciddiliyini təsdiqləyir.

Ekran personajlarına məsuliyyətlə yanaşma tərzini Tanilə xanımın “İşarəni dənizdən gözləyin” tarixi-bioqrafik filmində oynadığı qadın surətində də görürük. Dövrünün reallığında, çətin, ağır durumda məhv olan talelər, puç olan arzular Tanilə Əhmərovanın filmdə canlandırdığı qadın surətinin üzərində cəmlənib. Obrazda köməksiz, əlacsız prototipin nisgilli ömür yükünü, çıxılmaz həyat tərzini məsum, kədərli baxışlarında duyuruq, hiss edirik.

Tanilə Əhmərova ona həvalə olunan bütün rollarına böyük məsuliyyətlə yanaşıb, hər bir personajın həyat mövqeyini, tale yükünü, sevincini, kədərini, hiss və duyğularını inandırıcı, dolğun, koloritli formada çatdırıb. Elə buna görə də hər bir ekran roluna görə tamaşaçı yaddaşında iz salıb, unudulmayıb, xatirələrdə əbədiləşib.

Dövlət Film Fondu