Hacıbaba Bağırov – 90

Tamaşaçı kinoteatrlara məhz rəğbət bəslədiyi aktyorun ifasını izləməyə üz tutursa,  deməli, həmin aktyor tanınmışdır, məşhurdur. Səhnə və ekran rolları ilə milyonların rəğbətini qazanan Xalq artisti Hacıbaba Bağırov da böyük yaradıcılıq eşqi ilə ərsəyə gətirdiyi xarakterik, koloritli obrazlarını çoxsaylı sənətsevərlərə sevdirdi, rəğbətini qazandı, unudulmadı. Aktyorun hər bir obrazına duyaraq yanaşması, hiss və düşüncələrini, davranışlarını inandırıcı təqdim etməsi səhnə və kino sənətinin cəmiyyətin inkişafında mühüm rol oynadığını bir daha təsdiqləyir, sənətə olan marağını artırırdı. Məhz buna görə də Hacıbaba Bağırov kimi sənətkarların şəxsiyyəti yoxluqlarında belə hörmətlə anılır, xatirələri əziz tutulur.

15 yaşından sənətə üz tutan, səhnədə və ekranda yaratdığı bənzərsiz rolları ilə Azərbaycan incəsənətinin inkişafına təkan verən sənətkarın anadan olmasının 90-cı ildönümündə (12.06.1932- 04.10.2006) əziz xatirəsini dərin ehtiramla yad edirik.

Hacıbaba Bağırov 1932-ci il aprelin 12-də Bakıda anadan olub. Atası Ağarza Bağırov Azərbaycan Dövlət Filarmoniyasında müdir müavini, anası Sona Əliyeva isə dövlət qulluqçusu işləyib. Sənətə hələ kiçik yaşlarından həvəs göstərən Hacıbaba Bağırov aktyorluğa ilk dəfə Bakıdakı pionerlər evində başlayıb. Görkəmli rejissor, Xalq artisti Adil İsgəndərov onu “Vaqif” tamaşasında Vidadi rolunda görüb və ifasını çox  bəyənib. Buna görə də gənc sənətsevəri Azərbaycan Dövlət Dram Teatrının nəzdində özünün açdığı 3 illik teatr studiyasına dəvət edib. Sənətin nəzəri və praktik bilgilərini teatrda böyük həvəslə əldə edən aktyor, teatr-studiyanı bitirdikdən sonra, 1949-cu ildən təyinatla Lənkəran Dövlət Dram Teatrında işləyib. Teatr bağlandıqdan sonra 1 nömrəli Dəmiryol Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra isə maşinist köməkçisi kimi çalışıb.

1952-ci ildə Bakı Ayaqqabı Fabrikində komsomol katibi vəzifəsini icra edən Hacıbaba Bağırov sənətdən, səhnədən uzaqda qala bilmədiyini bir daha yəqin etdiyinə görə yenidən teatra qayıtmaq qərarını verir. Bir müddət Gəncə Dövlət Dram Teatrında (1960-1962) aktyor kimi fəaliyyət göstərir. Tamaşaların birində məşhur bəstəkar Süleyman Ələsgərov onun ifasını görür və Musiqili Komediya Teatrına dəvət edir. Onu da qeyd edək ki, Hacıbaba müəllim teatral obrazlarının ən parlaq nümunələrini məhz bu teatrda yaradır. Teatrın səhnəsində müxtəlif xarakterli rollar oynayan aktyor, sonralar həmin teatrda bədii rəhbər və direktor vəzifələrini icra edir.

1989-cu ildə Bakı Tənqid-Təbliğ Teatrını açan Hacıbaba Bağırov 1996-cı ilə qədər fəaliyyət göstərən bu teatrın bədii rəhbəri vəzifəsində çalışıb. 1996-cı ildən isə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub.

Hacıbaba Bağırovu peşəkar kinematoqrafçıların quruluş verdiyi filmlərdə rol aldığına görə xoşbəxt sənətkar adlandırmaq olar. Belə ki, rəngarəng, maraqlı teatral obrazlarının yaddaqalımlı təqdimatına əsasən alqışlanan sənətkar ekran rollarının baxımlılığına görə bir daha sevildi, məşhurlaşdı.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan müxtəlif janrlı filmlərdə xarakterik rollar yaradan Hacıbaba Bağırovun filmoqrafiyasına 10-dan artıq film daxildir. Bunların içərisində bədii filmlər (“Alma almaya bənzər”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Şirbalanın məhəbbəti” və s.), film-tamaşalar (“General”, “ Gülüş sanatoriyası” və s.) və televiziya tamaşaları (“Kişilər”, “Sonuncu məhəbbət” və s.) var.

Həyat müşahidəsi zəngin olan sənət bilicisi yaradıcılıq qismətinə düşən ekran  personajlarını ədəbi əsərlərin təbiətinə, rolun həyat mövqeyinə uyğun şəkildə yüksək peşəkarlıqla yaradır, tərəf-müqabillərinin yaradıcılıq dialoquna məharətlə cavab verir, ümumilikdə filmin müəlliflərinin ideyasının izləyicilərə dəqiq çatdırılmasına nail olurdu.

Aktyorun məna və məzmun dəyərini qoruyub saxlayan ekran personajlarından Möhsün (“Ulduz”), Qaraxalov (“Onun bəlalı sevgisi”), Arif (“Qanun naminə”), Şirbala (“Şirbalanın məhəbbəti”) və digər rolları bu gün də rəğbətlə izlənən personajlardır.

Sözügedən filmlərdən də göründüyü kimi görkəmli kinorejissorların Hacıbaba Bağırov sənətinə müraciət etməsi heç də təsadüfi deyildi. Peşəkar komedioqrafın uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) səhnəsində oynadığı koloritli obrazları tamaşaçıları güldürməklə yanaşı düşündürür, həyat həqiqətlərinə uyğun olan maraqlı faktları, özündən müştəbeh, meşşan cəhətli insanları məharətlə tənqid hədəfinə çevirir, həyatın inkişafına mane olan prototipləri müəllif-aktyor olaraq ictimaiyyətin mühakiməsinə verir.

İnsan psixologiyasına dərindən bələd olan Hacıbaba Bağırov əsl sənətkar müşahidəsi ilə həyat həqiqətlərini, qeyri-normal cəhətləri komik obrazların təfsirində göstərir, ironik, istehzalı gülüşlə səciyyələndirir, təhlil edir, həyat üçün zəruri və vacib olan əsl mətləbləri üzə çıxarır, insanların düşünərək doğru qərar vermələrinə imkan yaradırdı.

Sənətdə özünəməxsus yaradıcılıq nümayiş etdirən, fərqli üslub və formada rollar yaradan, sənətin daim yüksək səviyyədə fövqündə duran Hacıbaba Bağırov sənəti məhz bu mənada ölməzdir, şəxsiyyəti unudulmazdır.

Dövlət Film Fondu