Rafiq Yüzbaşov – 85

Sənətə sevgi ilə yanaşanlar, yaradıcılıqlarını peşəkar səviyyədə təqdim edənlər sənətsevərlərin sevgisini qazanır, unudulmurlar. Kinorejissor Rafiq Yüzbaşov da fəaliyyəti boyunca peşəkarlıq nümayiş etdirmiş, ciddi, həyati mövzuları özündə əks etdirən sənədli filmləri ilə müəyyən dövr hadisələrini kinonun salnaməsinə çevirib. İstedadlı kinorejissorun anadan olmasının 85-ci ildönümündə əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.

Rafiq Yüzbaşov 1937-ci ildə, ziyalı ailəsində dünyaya göz açıb. Bakıdakı 190 nömrəli orta məktəbdə təhsil alıb. 1964-cü Bakı Dövlət Universitetini bitirib. 1965-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi əmək fəaliyyətinə başlayıb. Bir il sonra Azərbaycan Televiziyasında işə düzəlib. 1966-cı ildən 1975-ci ilə kimi televiziyanın “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində redaktor vəzifəsində çalışıb.  Lakin kinostudiyada rejissor kimi fəaliyyət göstərmək istəyi onu rahat buraxmadığından Moskvada 2 illik Ali Ssenaristlər və Kinorejissorlar Kursunda təhsil alıb. Burada sənət sirlərinə dərindən yiyələnən gənc rejissor 1976-cı ildə “Mosfilm” kinostudiyasında Rusiyanın Xalq artisti, məşhur kinorejissor Y. Karasikin çəkdiyi “Şəxsi münasibət” bədii filmində təcrübə keçib, rejissor vəzifəsində çalışıb.

1977-ci ildə Bakıya qayıdan kino aşiqi “Azərbaycanfilm” kinostudiyasının nəzdindəki Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyində yenidən fəaliyyətini davam etdirib, 1993-cü ilə kimi burada onlarla film, o cümlədən “Əhalinin siyahıya alınması” (1978), “Fəhlə həyatının başlanğıcı” (1979), “Uşaqların xoşbəxtlik bayramı” (1980), “Qan qohumluğundan irəli” (1980), “EHM sənayeni idarə edir” (1981), “Şamxor Su-Elektrik stansiyası” (1981), “Hippokrat andı” (1983), “Bir sinədə iki ürək” (1984), “Yolda adamlar” (1985),  “Neftçi-87” (1987), “Vətənin keşiyində” (1988), “Kino yenidənqurmanın astanasında” (1988), “Novruz çələngi” (1988), “Yolunuz uğurlu” (1989), “Çempion” (1990) və digər  sənədli, “Çoxcərgəli pambıq əkini sahələrində balanslaşdırılmış yem” (1982), “Qanadlı şəfavericilər” (1990) və başqa elmi-kütləvi filmlər çəkib.

Rafiq Yüzbaşovun 1987-ci ildə çəkdiyi “Quşlarda çiçək xəstəliyi” elmi-kütləvi filmi 1988-ci ildə Bişkekdə (Qırğızıstan) keçirilən sənədli və elmi-kütləvi kənd təsərrüfatı filmlərinin X Ümumittifaq kinofestivalında Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Gümüş” medalına və diplomuna layiq görülüb.

Həyatını kinodan ayrı təsəvvür etməyən, daim yaradıcılıq axtarışında olan rejissor “Sovet Azərbaycanı” və “İncəsənət” kinojurnalları üçün yüzlərlə kinosüjet çəkib, dəyərli kino əsərləri ilə Azərbaycan kino salnaməsini zənginləşdirib.

Dövlət Film Fondu